AZ

Animator olmağı xəyal edən unikal rəssam Filipp Savinin hekayəsi

Azertag saytına istinadən ain.az xəbər verir.

Bakı, 3 iyun, AZƏRTAC

AZƏRTAC xüsusi qayğıya ehtiyacı olan istedadlı uşaqlar və yeniyetmələr haqqında materiallar silsiləsini davam etdirir. Bu dəfə qəhrəmanımız autizm spektri pozuntusu (ASP) olan gənc rəssam Filipp Savindir.

Filippin 18 yaşı var. O, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının nəzdində fəaliyyət göstərən İncəsənət Kollecinin tələbəsidir.

Gənc oğlan kollecdə ikinci kursu başa vurur. O, bacarıqlı rəssam olmaqla yanaşı, yüngül atletika ilə də məşğul olur. Filipp animator olmağı xəyal edir.

Filippin anası Natalya Savinanın sözlərinə görə, oğlunun rəssamlıq istedadını o, Filipp üç-dörd yaşında olarkən kəşf edib.

“Danışmağa başlamazdan əvvəl rəsm çəkməyə başlayıb. Lövhədə hərfləri və rəqəmləri çox gözəl yazırdı. O, bunu daim edirdi. Mən görürdüm ki, onda alınır və buna marağı var. Ona yaşına uyğun materiallar almağa başladım: karandaşlar, flomasterlər. Sonra quaşa keçdik. Rəngləri çox yaxşı birləşdirdiyini gördüm. Onun ilk rəsmləri rəngarəng xalçaya bənzəyirdi”, – deyə müsahibimiz xatırlayır.

Natalya Savina bildirir ki, bu prosesdə daim iştirak edib, oğluna kömək göstərib, işlərini qiymətləndirib və istiqamətləndirib. Filipp heç vaxt kurs və ya dərnəklərə getməyib.

“Onu dərslərə yazdırmağa çalışdım, amma bu, səmərə vermədi. Anlaşılmazlıqla qarşılaşırdım. Oğlumun həqiqətən inkişaf edə və məhsuldar şəkildə məşğul ola biləcəyi uyğun mühit və format tapmaq çətin idi. Buna görə də evdə məşğul olmağa davam etdik”, – deyə o qeyd edir.

Filippin İncəsənət Kollecinin tələbəsi olması uzun illər davam edən gündəlik və sistemli işin, eləcə də anasının böyük zəhmətinin nəticəsidir.

“Filipp 11 illik orta təhsili başa vurub. Son dörd ildə isə evdə təhsil alıb. Daha sonra ümumi tədris proqramı üzrə imtahanlara qatılıb. Filipp imtahanlardan uğurla keçdi. Topladığı ballar ona ali təhsil almaq imkanı verirdi. Biz isə kolleci seçdik və bu, düzgün qərar oldu. Filipp birbaşa rəssamlıq fakültəsinin ikinci kursuna qəbul edildi. Hazırda həmin kursu başa vurur və qarşıda daha bir tədris ili var”, – deyə Natalya xanım danışır.

O, yeni mühitə uyğunlaşmağın ilk vaxtlar çətin olduğunu da xatırlayır.

“Lakin direktor Elşad Əhmədovun və müəllimlərin diqqətli münasibəti sayəsində oğlum tədricən təhsil prosesinə inteqrasiya olundu. Kollecdə o, həm akademik biliklər əldə edir, həm də digər tələbələrlə birlikdə maraqlı və dolğun tələbə həyatı yaşayır. Filippin təhsil ala və ümumi prosesə cəlb oluna biləcəyi bu şəraitə görə direktora və müəllimlərə çox minnətdarıq”, – deyə həmsöhbətimiz vurğulayır.

Oxşar vəziyyətlə üzləşən valideynlərə tövsiyə verməsi xahiş edildikdə, Natalya Savina bildirir ki, bu sahədə universal məsləhət yoxdur.

“Hər uşaq və hər vəziyyət unikaldır. Buna görə də inkişaf yanaşması uşağın imkanları, xüsusiyyətləri və güclü tərəfləri nəzərə alınmaqla fərdi şəkildə qurulmalıdır. Ən vacibi isə uşağın nəyə daha çox meyilli olduğunu görmək, ona inanmaq və addım-addım irəliləməkdir”, – deyə o qeyd edir.

Valideynin xüsusi qayğıya ehtiyacı olan övladında istedadı necə müəyyən edə biləcəyindən danışarkən, Filippin anası vurğulayır ki, valideyn adətən bu qabiliyyətləri özü görür. Əsas məsələ onları inkişaf etdirməkdir.

“Əgər uşağın riyaziyyata, rəqəmlərə və hesablamalara marağı varsa, onu bu istiqamətdə dəstəkləmək lazımdır. Təsviri sənətə maraq göstərirsə, bu həvəsi inkişaf etdirmək vacibdir. Dillərə qabiliyyəti varsa, həmin istiqamətdə hərəkət etmək lazımdır. Əgər idmana meyillidirsə, onunla mütləq məşğul olmaq lazımdır. Əsas odur ki, uşağın marağının qarşısı alınmasın. Əksinə, həmin maraq inkişaf üçün əsas götürülməlidir”, – deyə müsahibimiz bildirir.

Xüsusi qayğıya ehtiyacı olan uşaqların valideynlərinin hansı dəstəyə ehtiyac duyduğundan danışan N. Savina digər ölkələrin təcrübəsinə istinad edir: “Mənə elə gəlir ki, ailələrin təkcə tibbi yardıma deyil, həm də gündəlik həyatda dəstək sisteminə ehtiyacı var. Bir çox ölkələrdə tyutorlar, dəstək mütəxəssisləri, sosial adaptasiya və ünsiyyət proqramları fəaliyyət göstərir. Bu cür imkanlar xüsusi qayğıya ehtiyacı olan uşaqların cəmiyyətə daha yaxşı inteqrasiya olunmasına, ailələrin isə təcrid vəziyyətində qalmamasına kömək edir”.

Filipp də söhbətimizdə iştirak edir. O, özü haqqında danışarkən bildirir ki, beş yaşından rəssam olmağı arzulayıb.

O, kollecdə qəbul prosesini belə xatırlayır: “Məktəbi bitirib buraxılış imtahanlarımı verəndə çox sevinirdim. Düşünürdüm ki, bəlkə heç bir yerə qəbul ola bilməyəcəyəm. Amma anam mənə yol göstərdi. İncəsənət Kollecinə qəbul olunanda çox sevindim. İlk dərsimə gedərkən bir qədər həyəcanlı idim, düşünürdüm ki, burada daha çətin olacaq”.

Gənc oğlan bütün çətinliklərə baxmayaraq, təhsildən zövq aldığını deyir. O, ən çox natürmort çəkməyi, kompozisiya üzərində işləməyi və incəsənət tarixini öyrənməyi sevir.

Filipp sevdiyi rəssamları da sadalayır: “Leonardo da Vinçi, xüsusilə də onun “Sonuncu şam yeməyi” əsəri, Nikola Pussenin “Arkadiya çobanları” və “Sabin qadınlarının oğurlanması” rəsmləri, Salvador Dalinin “Yaddaşın davamlılığı” əsəri və Pablo Pikasso mənim sevdiyim rəssamlardandır. Amma Rafael Santi, xüsusilə sevdiyim sənətkardır”.

Filipp animator olmaq istədiyini bildirir. O, “Kapitan Vrungelin macəraları”nı ən sevdiyi cizgi filmi adlandırır və sovet və rus animatoru, animasiya rejissoru, rəssamı və ssenaristi Fyodor Xitrukun yaradıcılığını böyük maraqla izlədiyini deyir.

Anasının sözlərinə görə, Filippin animasiyaya marağı beş yaşından başlayıb.

“O, həmişə personajlar və onlar üçün hekayələr yaradır. Personajları çəkir, onlara ad verir. Telefonunda olan tətbiqlər vasitəsilə çəkdiyi kiçik müstəqil animasiya işləri də var. Təəssüf ki, bu sahədə ona kömək etmək üçün texniki bilik və bacarıqlarım yoxdur. Buna görə də işləri sadə səviyyədə qalır. Burada, əlbəttə ki, onun peşəkar dəstəyə ehtiyacı var”, – deyə N.Savina bildirir.

İstedadlı gəncin anasının sözlərinə görə, kollecdə təhsil almağa başlamazdan əvvəl Filippin yaradıcılıq inkişafı əsasən ev şəraitində, fərdi formatda baş verib. Lakin müəyyən mərhələdə o, yaradıcılığa marağını dəstəkləyən mütəxəssislərlə tanış olub. Həmin şəxslər onun ilk sərgilərinin və kiçik satışlarının təşkilinə kömək ediblər.

Son zamanlar isə Filipp affirmasiya üslubunda əsərlərlə maraqlanır. Bu əsərlərdə təsvir motivasiyaedici ifadələrlə birləşdirilir. Həmin işlər artıq insanların marağına səbəb olub və alıcılarını tapıb. Bu isə gənc rəssam üçün böyük motivasiya mənbəyinə çevrilərək onun yaradıcılıq yolunda daha inamla irəliləməsinə stimul verir.

Müəllif – Anara Axundova

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
10
1
azertag.az

2Mənbələr