AZ

Rusiyadan Ermənistan məhsullarına qadağa – “Bakı və İrəvan bunu fürsətə çevirə bilər”

Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti (“Rosselxoznadzor”) ard-arda Ermənistandan idxal olunan tərəvəz bitkiləri və s. məhsulların idxalını məhdudlaşdırıb. “Rosselxoznadzor” bunu Rusiya və Avrasiya İqtisadi İttifaqı ərazisində fitosanitar təhlükəsizlik üçün risklə, eyni zamanda, Rusiyada bağçılıq, meyvəçilik və üzümçülüyün inkişafına yönəlmiş dövlət proqramlarının icrasına mənfi təsirlə əlaqələndirib.

Kremlin Ermənistan məhsullarının idxalına qoyduğu məhdudiyyət digər ixracatçı dövlətlər, o cümlədən Azərbaycan üçün əlverişli fürsət yarada bilərmi?

Mövzu ilə bağlı “Yeni Sabah”a danışan iqtisadçı Natiq Cəfərlinin fikrincə, Moskvanın İrəvana tətbiq etdiyi idxal sanksiyası sadəcə seçkiqabağı şoudur: Sezar pizza

“Ermənistandakı parlament seçkiləri bitən kimi, nəticəsindən asılı olmayaraq, Rusiya ilə münasibətlər düzələcək. Çünki qarşılıqlı asılılıqlar var.

Fikir verin, Kreml Ermənistana nə qədər çox təzyiq edirsə, Paşinyanın reytinqi bir o qədər çox artır. Əgər Rusiya Ermənistana ciddi problem yaratmaq istəyirdisə, bu idxal sanksiyalarını bir neçə ay qabaq etməli idi. Seçkiyə sayılı günlər qalmış tətbiq edilən məhdudiyyətlərin heç bir əhəmiyyəti yoxdur. Çünki qarşılıqlı iqtsadi müqavilələr öncədən bağlanır”.

Ekspert əlavə edib ki, Ukrayna Prezidenti Volodimir Zelenskinin Ermənistana son səfəri Moskvanı xeyli qəzəbləndirib:

“Hazırda “Cermuk” suyu da, konyak da, müxtəlif meyvələr də Rusiyaya ixrac edilir. Sadəcə bu proses köhnə müqavilələr əsasında aparılır. Kreml sadəcə yeni idxal müqavilələrinin bağlanmasına məhdudiyyət qoya bilər.

Əlbəttə, Azərbaycan Rusiya bazarında Ermənistanın ixrac etdiyi bir çox məhsullara olan tələbatı ödəyə bilər. Amma Rusiya seçkilərdən sonra tətbiq etdiyi idxal sanksiyasını tamamilə aradan qaldıracaq. Moskvanı incik salan Ukrayna Prezidenti Volodimir Zelenskinin İrəvana səfər etməsi və Rusiya ünvanına ağır bəyanatlar verməsi oldu. Ruslar hazırda Ermənistandan bunun acığını çıxır. Bu nöqteyi-nəzərdən, Moskvanın İrəvana tətbiq etdiyi iqtisadi təzyiqlərin artan xətlə davam edəcəyini düşünmürəm”.

N.Cəfərli vurğulayıb ki, Bakı və İrəvan ixrac məhsullarını bir-birinin bazarında sata bilər:

“Bunu fürsətə çevirib qarşılıqlı iqtisadi əməkdaşlığı möhkəmləndirmək olar. Bakı və İrəvan arasında intensiv əlaqələr mövcuddur və bildiyim qədəri ilə hansı ölkənin nəyə ehtiyacı olması ilə bağlı qarşılıqlı siyahılar var. Doğrudur, daha çox Azərbaycanın Ermənistana bir sıra məhsulları ixrac etdiyini görürük, amma yaxın gələcəkdə Ermənistandan da bəzi məhsulların idxalını müşahidə edəcəyik. Sadəcə bunun üçün qarşılıqlı güvən yaranmalıdır”.

Nazim Hacıyev


Telegram kanalımız
Seçilən
26
2
yenisabah.az

3Mənbələr