AZ

Avropanın enerji xəritəsini dəyişən layihələrin başlanğıc nöqtəsi

4 iyun 1996-cı ildə imzalanan "Şahdəniz" perspektiv sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatın Pay Bölgüsünə dair Saziş" Azərbaycanın qlobal enerji xəritəsindəki mövqeyini möhkəmləndirən mühüm layihələrin, o cümlədən Cənub Qaz Dəhlizinin təməlini qoydu

1994-cü ildə imzalanan "Əsrin müqaviləsi" Azərbaycanı dünyaya əsasən neft ölkəsi kimi tanıtmışdısa, 4 iyun 1996-cı il müqaviləsi ölkəmizin qaz nəhənginə çevrilməsinin bünövrəsini qoydu. Məhz həmin gün Bakıda, I Beynəlxalq "Xəzər Neft və Qaz" Sərgisi çərçivəsində "Şahdəniz" yatağının kəşfiyyatı, işlənilməsi və hasilatın Pay Bölgüsü haqqında Saziş imzalanmışdır. Saziş Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) ilə xarici neft-qaz şirkətlərinin (bp, “Statoil”, LUKOIL və d.) daxil olduğu beynəlxalq konsorium arasında imzalandı. Bundan 3 il sonra - 1999-cu ildə Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən, ehtiyatları bu günə təxminən 1 trilyon kubmetr qaz və 2 milyard barel kondensatdan ibarət olan nəhəng “Şahdəniz” qaz-kondensat yatağı kəşf olundu. 2001-ci ilin martında Azərbaycan və Türkiyə rəsmiləri Türkiyənin Azərbaycandan qaz almasına imkan yaratmaq üçün Ankarada Hökumətlərarası Saziş və Alqı-Satqı Sazişi imzaladılar. Həmin il sentyabrın 29-da isə Azərbaycan və Gürcüstanın rəsmi təmsilçiləri təbii qazın tranziti, nəql edilməsi və satışı üçün Hökumətlərarası Saziş və müvafiq müqavilələri imzaladılar. 2002-ci ilin fevralında həm Azərbaycan Hökuməti, həm də Gürcüstan Hökuməti “Şahdəniz” üzrə tərəfdaşlarla təbii qazın tranziti, nəql edilməsi və satışı üçün Tranzit Ərazisinə Malik Ölkə Hökuməti ilə Saziş imzaladı və bununla da mühəndis-konstruktor, tender və kommersiya işlənməsinin yekun mərhələsinə keçid başlandı. 2003-cü ilin fevralında dəniz platformasının və yeni qaz ixrac sisteminin - Azərbaycan və Gürcüstandan keçməklə Türkiyə sərhədinədək uzanan Cənubi Qafqaz Boru Kəmərinin (CQBK) inşası daxil olan “Şahdəniz-1” layihəsinə sanksiya verildi. Həmin il “İstiqlal” yarımdalma qazma qurğusu “Şahdəniz” yatağında işləmək üçün yola salındı, birinci və ikinci öncəqazma quyusunun qazılmasına başlanıldı, “Şahdəniz-1” üzrə müqavilələr bağlanıldı, Sinqapurda platformanın inşası üçün “Şahdəniz” layihəsinin ilk polad lövhəsi kəsildi və Səngəçal terminalında “Şahdəniz” üçün inşaat işlərinə başlanıldı.

2004-cü ilin əvvəlində CQBK-nın birinci borusu Azərbaycana daxil oldu, üçüncü öncəqazma quyusunun qazılmasına başlanıldı. İlin ortalarında “Şahdəniz Alfa” platformasının gövdəsi Sinqapurdan yola salınır və bu platforma üçün qazma avadanlığı dəsti Azərbaycana gətirildi. Həmçinin həmin ilin sonlarında Azərbaycanda CQBK-nın inşasına başlanılır və “Şahdəniz Alfa” platformasının gövdəsi Azərbaycana gətirildi. 2005-ci ildə “Şahdəniz-1” layihəsi üzrə sualtı boru kəmərinin inşası başa çatdırıldı, “Şahdəniz Alfa” platforması dənizdə quraşdırıldı, CQBK-nın istismara verilməsinə və hasilatına başlanılır. Nəhayət 2006-cı ildə “Şahdəniz-1” üzrə əməliyyatlara başlanılır və yataqdan hasilat həyata keçirilir. “Şahdəniz-1” layihəsi üzrə hasil olunan qazın Gürcüstan və Türkiyəyə ixrac edilməsi məqsədilə Cənubi Qafqaz Boru Kəməri (Bakı-Tbilisi-Ərzurum) tikilib istifadəyə verilir. 2006-cı ildən etibarən bu yataqdan hasil olunan qaz Səngəçal terminalında ilkin emaldan keçirilərək ümumi uzunluğu 997 kilometr, ötürmə qabiliyyəti ildə 20 milyard kubmetr təşkil edən Cənubi Qafqaz Boru Kəməri vasitəsilə Gürcüstana və Türkiyəyə ixrac olunur. 2007-ci il iyulun 4-də isə ilk “Şahdəniz” qazı Türkiyəyə çatdı.

Xatırladaq ki, “Şahdəniz” yatağı dünyanın ən böyük qaz-kondensat yataqlarından biridir. O, Bakıdan 70 kilometr cənub-şərqdə, suyun dərinliyinin 50-500 metr arasında dəyişdiyi Xəzər dənizinin şelfində yerləşir. Yataq təxminən 860 kvadrat kilometr sahəni əhatə edir. “Şahdəniz” yatağı bu vaxtadək BP-nin ən böyük qaz kəşfidir. Yatağı özünün “Şahdəniz” üzrə hasilatın pay bölgüsü sazişi tərəfdaşları adından BP şirkəti işlədir. Şahdəniz struktur etibarilə qeyri-korporativ Birgə Müəssisə (BM) ortaqlığıdır. BP şirkəti Şahdəniz BM-in operatorudur. “Şahdəniz” layihəsində iştirak payları aşağıdakı kimidir: bp (operator – 29,99%), LUKOIL (19,99%), TPAO (19,00%), SGC (16,02%), NICO (10,00%) və MVM (5,00%). bp-nin məlumatlarında görə, istismara verildiyi 2006-cı ildən bəri 2026-cı ilin birinci rübünün sonuna kimi yataqdan 271 milyard kubmetrə yaxın qaz və 53 milyon ton kondensat hasil olunub. 2026-cı ilin birinci rübündə "Şahdəniz Alpha" və "Şahdəniz Bravo" platformalarından təxminən 7 milyard standart kubmetr qaz və təxminən 1 milyon ton (təxminən 7 milyon barel) kondensat hasil edilib. Bu göstərici 2025-ci ilin birinci rübü səviyyəsində qalıb. Hazırda "Şahdəniz"in istehsal gücü günə təxminən 74,2 milyon standart kubmetr qaz və ya illik təxminən 27,1 milyard kubmetr təşkil edir.

"Şahdəniz - 2" (və ya “Şahdəniz Mərhələ 2”) haqqında isə onu deyə bilərik ki, bu, sadəcə bir dəniz yatağının işlənilməsi layihəsi deyil, Xəzər dənizinin qaz resurslarını birbaşa Avropa bazarlarına bağlayan qlobal geosiyasi və mühəndislik möcüzəsi hesab edilir. Təqribən 28 milyard ABŞ dolları dəyərində olan bu meqalayihə dünyanın ən mürəkkəb subsea (sualtı) hasilat sistemlərindən birinə sahibdir. "Şahdəniz-2" layihəsi çərçivəsində dənizdə mürəkkəb və bir-biri ilə əlaqəli nəhəng bir ekosistem qurulub. "Şahdəniz Bravo" Platformaları: Dənizin təxminən 50 metr dərinliyində iki əsas körpü ilə birləşən platforma quraşdırılıb. Bunlardan biri Hasilat və Yaşayış Blokudur (PDQ), digəri isə Texnoloji Təchizat və Kompressor Platformasıdır (TQKP). Sualtı Hasilat Sistemi (Subsea): Layihəni unikal edən əsas cəhət quyuların platformanın düz altında deyil, dənizin dibi ilə kilometrlərlə kənarda qazılmasıdır. Dəniz dibində qurulmuş 5 xüsusi qrup (manifold) və 500 kilometrdən çox sualtı boru kəmərləri vasitəsilə qaz toplanaraq mərkəzi "Bravo" platformasına, oradan isə Səngəçal terminalına ötürülür. Layihə üzrə ümumilikdə 26 sualtı quyunun qazılması nəzərdə tutulub və bu quyuların əksəriyyəti artıq yüksək istismar göstəriciləri ilə aktivdir.

Qeyd edək ki, "Şahdəniz-1" (Alfa) layihəsi ildə təxminən 10 milyard kubmetr qaz hasil edirdisə, "Şahdəniz-2" bu göstəriciyə əlavə 16 milyard kubmetr illik hasilat gücü qazandırıb. "Şahdəniz-2"dən çıxan qaz Azərbaycan sərhədlərini aşaraq 3500 kilometrlik zəncirvari boru kəmərləri sistemi ilə Avropanın mərkəzinə qədər uzanır.

Sevinc Azadi, “İki sahil”

Seçilən
30
ikisahil.az

1Mənbələr