Maykl Seylorun təxminən 843.7 min bitkoin toplayan və cari qiymətlərlə 60 milyard dollardan çox kriptoaktivi olan Strategy şirkəti 2022-ci ilin sonundan bəri ilk dəfə 32 bitkoin satıb. Satışın həcmi təxminən 2.5 milyon dollar təşkil edib. Əldə olunan vəsaitin imtiyazlı səhmlər üzrə dividendlərin ödənilməsinə yönəldilməsi planlaşdırılır.
Bazar ertəsi Strategy səhmləri təxminən 6% ucuzlaşıb. Bitkoin isə 3% dəyər itirərək təxminən 71.5 min dollara düşüb.
Satış niyə təəccüb doğurdu?Bu, şirkətin 2022-ci ilin sonundan, bazarın dərin “kripto qışı” yaşadığı dövrdən bəri ilk kriptovalyuta satışıdır. Seylor illər boyu izləyicilərini bitkoini “heç vaxt satmamağa” çağırıb — onun bu sözləri kripto icması üçün az qala mantraya çevrilmişdi. Buna görə də hələ ötən ilin sonunda mümkün satışlara dair eyhamlar sərt tənqidlərə səbəb olmuşdu.
Lakin Seylor izah edir ki, şirkət bazara bitkoin ehtiyatlarının likvid olduğunu və real dəyərə malik olduğunu göstərmək üçün bitkoin sata bilər.
“Əgər biz heç vaxt satmadığımızı deyiriksə, şortçularda belə bir narrativ yaranır: şirkət bitkoini sata bilmirsə, deməli, onun heç bir dəyəri yoxdur”, — Seylor bildirib. “Siz istəməzsiniz ki, reytinq agentliyi belə desin: ‘Yaxşı, siz onu satmaq niyyətində deyilsinizsə, mən kredit qiymətləndirməmdə onun dəyərini sıfır hesab edəcəyəm’”.
Üstəlik, bitkoinlərin bir hissəsinin satılması yığım strategiyasına mütləq zidd deyil.
“Əgər siz daha on bitkoin almaq üçün bir bitkoin satmısınızsa, texniki baxımdan həqiqətən bitkoin satmısınız, amma iqtisadi baxımdan daha doqquz bitkoin almısınız”, — Seylor mayın əvvəlində WSJ-yə deyib. “Yəni biz sadəcə mexanizmi rasional şəkildə idarə edirik ki, daha çox bitkoin alaq və onu bütün investorların maraqları naminə daha uzun müddət saxlayaq”.
Yığım tarixiSeylor MicroStrategy-ni — o vaxt hələ analitik proqram təminatı hazırlayan şirkəti — bitkoin anbarına çevirməyə 2020-ci ilin avqustunda başladı. Əvvəlcə o, kriptovalyutanı korporativ nağd vəsait hesabına alırdı, daha sonra isə səhmlər və istiqrazların buraxılışı vasitəsilə bu prosesi davam etdirdi.
2024-cü ildə Strategy dünyanın ən böyük konvertasiya olunan istiqraz emitentlərindən birinə çevrildi. Belə qiymətli kağızları investorlar əvvəlcədən müəyyən edilmiş şərtlərlə şirkətin səhmlərinə dəyişə bilirlər. Bir il ərzində Strategy bu alətlər vasitəsilə bitkoin almaq üçün 6.2 milyard dollardan çox vəsait cəlb edib.
Lakin bununla yanaşı, öhdəliklər də artır. Şirkət bu yaxınlarda müxtəlif şərtlərə malik yüksək gəlirli imtiyazlı səhmlər xəttini — Strike, Stretch, Strife və Stride — işə salıb. Onlardan biri — Stretch — dəyişkən dividend təklif edir və bu göstərici bu yaxınlarda 11.5%-ə çatıb. Ötən ilin sonunda Strategy dividend ödənişləri üçün 1.44 milyard dollarlıq nağd ehtiyat yaratmışdı, lakin son məlumatlara görə, bu məbləğ 900 milyon dollara qədər azalıb.
Bu niyə vacibdir?Seylorun bitkoinin davamlı alınması üzərində qurulan strategiyası əvvəlki ajiotajını itirir. Əvvəllər belə səhmlər ətrafında marağı artıran pərakəndə investorlar indi daha çox süni intellektlə bağlı səhmlərlə maraqlanırlar. Kriptobazarda institusional oyunçular qalır, lakin onların fokusu tokenizasiyaya — ənənəvi aktivlərin blokçeyndə ticarət olunan tokenlərə çevrilməsinə — yönəlib.
Strategy üçün bu problemdir. Əgər bitkoin bazardan geri qalmağa davam edərsə, şirkətin balansına təzyiq artacaq.