AZ

Şuşa Bəyannaməsini yazan komanda...

2002-ci ilin iyununda Bakıda yaşanlar hər iki ölkənin yaxşı və pis günlər üçün baş məşqləri, sınaqları idi...    

Türkiyə millisi futbol üzrə dünya çempionatın final mərhələsinə aparan son pley-off oyununda Kosovonu məğlub edərək 24 il sonra yenidən mundiala qayıtması kimlər üçün isə sıradan statistika ola bilər. 24 il sonradan az sonra danışarıq, amma əvvəlcə Türkiyənin 2002-ci ilin dünya çempionatında çıxışı və Bakıda baş verənlər haqda tarixə qısa ekskurs etmək lazımdır. Həmin mundialına da Türkiyə uzun fasilədən- 1954-cü ildən sonra ikinci dəfə vəsiqə qazanırdı.


Picture

2002-dən keçən 24 ildə Azərbaycanda elə tarixi hadisələr baş verib ki, indi “futbol sevincli günləri” xatırlamaq bəlkə də kimlərəsə çox xırda görünə bilər. Amma o dünya çempionatında Türkiyənin qələbələri məhz iki ölkə qardaşlığının, birliyinin Bakıda “partlayışı”, “püskürməsi” idi. İndi o günləri xatırlayanda hətta demək olar ki, Şuşa Bəyannaməsinin bəndləri o günlərdə yazılmağa başlamışdı...

Bəlkə də bu uzun illərin yasağından sonra o mundial Türkiyəyə olan təmənnasız sevgimizi göstərmək üçün fürsət, bəhanə idi... Həmin çempionatdan əvvəl Türkiyə ilklərə imza atmışdı, 1996-cı ildə ilk dəfə Avropa Çempionatına vəsiqə qazanmış, “Qalatasaray” isə UEFA klub turnirində kubok qazanmışdı. Amma 2002-ci ilin dünya çempionatı tam fərqli yaşantılar üçün meydan oldu...

Belə çempionatlarında o qədər ölkənin komandasına azarkeşlik etmişdik ki... Almaniya, Braziliya, İtaliya, İspaniya... Amma müstəqillikdən bəri ilk dəfə idi ki, bir dünya çempionatında bizə bütün mənalarda doğma olan dövlətin təmsilçilərinə bu qədər çılğınca azarkeşlik edirdik. Azərbaycan çox küçə nümayişləri görmüşdü, amma Türkiyəyə açıq sevgi nümayişi ilk dəfə məhz həmin iyun günlərində, əsasən də səfirliyin qarşısında yaşanırdı. Sonralar öyrəndik ki, türk düşmənləri bu dəstəkdən narahat olublar. Çünki o aksiyalar təkcə Türkiyə dəstək deyildi, Qarabağın işğalına da etirazlar yaddan çıxmırdı... Bu hər iki ölkənin yaxşı və pis günlər üçün baş məşqləri, sınaqları idi...


Picture

İlk dəfə Asiya qitəsində-Yaponiya və Cənubi Koreyada keçirilən çempionatın yayım hüququ ilə bağlı problem yaranmışdı, işə o vaxt dövlət rəhbəri şəxsən qarışdı, problem qısa müddətdə həll edildi. Fərqli saat qurşağı səbəbindən Türkiyənin oyunları əsasən günorta, ya da 6-da(18:00) keçirilirdi.

Qrupun ilk oyunda Türkiyə Braziliya millisinə 1:2 uduzdu. Kosta-Rika ilə heç-heçə (1:1) və Çinə böyük hesablı qələbə (3:0) ay-ulduzlulara 1/8 finala vəsiqə qazandırdı. Gərək ki, hər şey də bundan sonra başladı...

Türkiyə bu dəfə Yaponiyanı mübarizədən kənarlaşdırdı (0:1). 1/4 final daha dramatik oldu. Qardaş ölkə millisi əlavə vaxtda vurduğu “qızıl qol”la Seneqalı da yarıyolda dayandırdı. Lənətə gəlmiş püşk Braziliyanı qrup mərhələsində Türkiyə ilə rəqib etmişdi, cənubi amerikalılar yarımfinalda da minimal hesabla qalib gələrək finala( sonda çempion oldular) çıxdılar. Üçüncü yer uğrunda oyunda isə Türkiyə bu dəfə yenə ev sahibləri Cənubi Koreyaya 2:3 hesabı ilə qalib gələrək tarixində ilk dəfə dünyanın üç ən güclü milli komandasından biri oldu.


Picture

“Yeni Müsavat”ın (Azərbaycan-37) və “Azadlığ”ın (Xəqani-33) redaksiyaları Türkiyə səfirliyinin bir addımlığında idi. Ona görə hər həlledici oyun bitəndən 2-3 dəqiqə sonra səfirliyin qarşısında bayramlaşmağa hazır olurduq. Sonra bir anda baxırdıq ki, millət dolub-daşır. Yaddaşım məni yanıltmırsa, Seneqalla oyundan sonra qarşısıalınmaz axın “Sahil bağı”na yerləşmədi və Azadlıq meydana girdi. Türkiyəyə möhtəşəm bir dəstək aksiyası oldu. Varmı o tarixi anların fotoları? Mütləq ki, var...

Maraq üçün GPT-dən soruşdum, o dövrün qəzetləri və telekanalları bu aksiyalardan nələr yaza bilərdi? “Gopçu Pirim” “Türkiyə qələbə qazandıqca, Bakının da bayram etməsi kimi təsvir edirmiş” deyə candərdi cavab verdi. Əlbəttə, zəif qiymətdir. Çünki 24 il əvvəlki iyununda yaşananlar Azərbaycanın məhz türk dünyasının ayrılmaz parçası olduğunu, hətta lazım gəldikdə mərkəzi belə olmaq iddiasının qeyri-rəsmi, qeyri-adi təsdiqi idi...Sonra nəyi xatırlamaq olar? Şenol Günəşin rəhbərlik etdiyi komandanın heyətini indi də əzbərdən demək mümkündür. Çünki Rüştü Rəçbərin, Həsən Şaşın, İlhan Mansızın, Yıldıray Baştürkün, Hakan Şükürün adları Azərbaycanda hər dildə əzbər idi. Mansız asiyalılara oxşayırdı və həmin mundialda ən yaxşı oyunçulardan biri oldu, həlledici qollar da vurdu...

Qayıdaq 24 il sonraya. Türkiyənin indiki heyəti 24 il əvvəlkindən şübhəsiz, güclüdür. Komanda ciddi təcrübə qazanıb, Fatih xoca rəhbərliyində 2008-ci ildə Avropa üçüncüsü olub. İtaliya bu mundiala təəssüf ki, düşmədi, amma italiyalı baş məşqçi Vincenzo Montellanın rəhbərliyi ilə Türkiyə millisi orada özünü göstərəcək. Bu mundialda Arda Gülərə və Kənan Yıldıza ümidlər böyükdür. Mütəxəssislər bu heyəti son illərin ən istedadlı Türkiyə millilərindən biri hesab edirlər.

Amma... ABŞ, Kanada və Meksikada olacaq bu dünya çempionatında ən ciddi problemi Türkiyə millisinin oyunlarının vaxtı ilə bağlıdır. Türkiyə qrup mərhələsindəki ABŞ-dakı ilk oyununu 13 iyun tarixində Avstraliyaya qarşı keçirəcək. Bu oyuna baxmaq üçün Bakı vaxtilə səhər saat 08:00-də ekran qarşısına oturmaq lazım gələcək. Türkiyə 19 iyunda Paraqvayla üz-üzə gələcək. Bu qarşılaşma da eyni saatda başlayacaq. Nəhayət, Türkiyə millisinin qrup mərhələsində son oyunu 25 iyunda ev sahibləri ABŞ-a qarşı olacaq. Həmin görüş də Bakı vaxtı ilə səhər saat 06:00-da start götürəcək...Nə deyəsən?

48 komandanın yarışacağı mundialda Bakı vaxtilə uyğun olanları da var. Bilmək olmaz, bəlkə Türkiyə 24 il əvvəlki kimi uğurlu çıxış etdi, tarix yazdı, bu dəfə dünya çempionluğunu Bakı küçələrdə yenə bayram etdik...

Nazim SABİROĞLU,
Musavat.com

Seçilən
38
musavat.com

1Mənbələr