Qədir Xəlilov: Məzunlarımız təkcə dövlət və ya özəl qurumlarda aparıcı vəzifələrdə çalışmaqla kifayətlənmir, eyni zamanda, öz startaplarını qurur, fərdi bizneslərini inkişaf etdirərək yeni iş yerləri yaradırlar
Müasir dövrdə dövlətlərin davamlı inkişafını şərtləndirən əsas amillərdən biri yüksək ixtisaslı insan kapitalının formalaşdırılmasıdır. Qlobal bilik iqtisadiyyatının sürətlə inkişaf etdiyi indiki şəraitdə qabaqcıl beynəlxalq təcrübənin mənimsənilməsi, innovativ düşüncə tərzinə malik mütəxəssislərin yetişdirilməsi və intellektual potensialın gücləndirilməsi strateji əhəmiyyət daşıyır. Məhz bu baxımdan xaricdə təhsil üzrə Dövlət proqramları ölkələrin sosial-iqtisadi inkişaf siyasətinin mühüm tərkib hissəsinə çevrilib.
Azərbaycan Respublikasında həyata keçirilən xaricdə təhsil proqramları da gənclərin dünyanın nüfuzlu ali təhsil müəssisələrində təhsil almasına şərait yaratmaqla yanaşı, ölkənin gələcək inkişafına xidmət edən peşəkar kadr ehtiyatının formalaşdırılmasına mühüm töhfə verir. Bu proqramlar vasitəsilə əldə olunan bilik və təcrübənin ölkəyə transferi, müxtəlif sahələrdə innovativ yanaşmaların tətbiqi və beynəlxalq əməkdaşlıq imkanlarının genişlənməsi dövlətin insan kapitalına yönəlmiş uzunmüddətli investisiyasının mühüm nəticələri kimi qiymətləndirilir.
Xaricdə təhsil üzrə Dövlət proqramlarının indiyədək əldə etdiyi nəticələr, məzunların ölkənin əmək bazarına inteqrasiyası, proqramların milli təhsil sisteminin inkişafına təsiri və gələcək perspektivləri barədə daha ətraflı məlumat almaq üçün Elm və Təhsil Nazirliyi nəzdində Dövlət Proqramı İdarəetmə Qrupunun rəhbəri Qədir Xəlilovla həmsöhbət olduq.
-Xaricdə təhsil üzrə Dövlət Proqramı çərçivəsində bu günədək neçə gənc təhsil imkanlarından yararlanıb və proqramın ümumi əhatə dairəsi nə qədər olub?
-Məlumat üçün qeyd edim ki, 2022–2028-ci illər üçün Dövlət Proqramı çərçivəsində bu günə qədər dünyanın 24 ölkəsində 1752 nəfər tələbə təhsil almaq hüququ qazanmış, onlardan 610 nəfər isə artıq məzun olmuşdur. Proqramın əhatə dairəsinə gəldikdə təsdiq edilmiş qaydalara əsasən, 2022–2028-ci illər ərzində hər il 500 nəfərədək Azərbaycan vətəndaşının xarici ölkələrin ən nüfuzlu ali təhsil müəssisələrində bakalavriat, magistratura və doktorantura səviyyələrində təhsili təmin edilir.
-Xaricdə təhsil üzrə Dövlət proqramları ölkənin insan kapitalının formalaşması və inkişafına hansı strateji töhfələri verir?
-Bu proqram cənab Prezident İlham Əliyevin müəyyən etdiyi neft kapitalının insan kapitalına çevrilməsi strateji xəttinin ən bariz və uğurlu davamıdır. Proqramın əsas hədəfi gənclərimizə qabaqcıl beynəlxalq təhsil imkanları yaratmaqla qlobal çağırışlara cavab verən, yeni texnologiyaları çevik mənimsəyən və müasir əmək bazarının tələblərinə uyğun yüksəkixtisaslı, rəqabətqabiliyyətli kadrlar yetişdirməkdir.
-Dövlət hesabına xaricdə təhsil alan məzunların ölkəyə dönüşü və əmək bazarına səmərəli inteqrasiyası hansı mexanizmlərlə təmin olunur?
-Təhsilini başa vuran hər bir tələbəmiz müqaviləyə əsasən məzun olduqdan sonra iki ay müddətində ölkəyə qayıtmalı və ən azı 5 ilə müddətində Azərbaycanda əmək fəaliyyəti ilə məşğul olmalıdır. Xüsusilə doktorantura pilləsində təhsil alanlar xaricə getməzdən əvvəl yerli ali təhsil müəssisələri ilə razılıq müqaviləsi imzalayırlar və qayıtdıqdan sonra ən azı 5 il müddətində həmin müəssisədə əsas iş yeri olaraq fəaliyyət göstərməyi öhdəlik kimi götürürlər.
Məşğulluğun təmin edilməsi üçün aidiyyəti dövlət qurumları və nüfuzlu işəgötürənlərlə sıx əməkdaşlıq edir, mütəmadi karyera sərgiləri keçiririk. Hətta son kurs tələbələrimiz yay aylarında ölkəyə qayıtdıqda onları ödənişli təcrübə proqramlarına cəlb edirik ki, məzun olduqda artıq iş yerləri hazır olsun.
-Beynəlxalq reytinqli ali təhsil müəssisələrində təhsil almağın gənclərin uzunmüddətli karyera perspektivlərinə təsiri nədən ibarətdir?
-Gənclərimiz Dövlət Proqramı çərçivəsində müəyyənləşdirilmiş 15 prioritet ixtisas sahəsi, həmçinin mədəniyyət və incəsənət istiqaməti üzrə dünyanın nüfuzlu ali təhsil müəssisələrinə və ya istənilən ixtisas üzrə "Times Higher Education", "QS World University Rankings" və “Academic Ranking of World Universities (Shanghai)” reytinq sistemində universitetlər üzrə dünyanın "Top 10" sıralamasında yer alan ATM-lərinə təhsil almaq üçün göndərilirlər. Dünyanın ən yaxşı professorlarından dərs almaq, ən müasir laboratoriyalarda çalışmaq bu gənclərin qlobal miqyasda rəqabətqabiliyyətli kadr kimi formalaşmasına zəmin yaradır. Bu, həmçinin beynəlxalq şəbəkələşmə baxımından onların karyerasına uzunmüddətli və əvəzsiz təsir göstərir.
-Kvota mexanizmi və seçim meyarları təhsil proqramlarında şəffaflıq, ədalətlilik və rəqabət mühitini necə tənzimləyir?
-Proqrama seçim tamamilə şəffaflıq, ədalətlilik və obyektivlik prinsiplərinə əsaslanır. Hər hansı bir ölkə və ya universitet üzrə qapalı kvota yoxdur, ümumi limit illik maksimum 500 nəfərdir. Namizədlərimiz sənəd yoxlanışından sonra müsahibə mərhələsində 50 ballıq şkala üzrə üç meyar əsasında qiymətləndirilir: ixtisas bilikləri (20 bal), məntiqi mühakimə (15 bal) və kommunikasiya/vətənpərvərlik (15 bal). Qeyd edim ki, prosesin daha obyektiv və çevik olması üçün biz sənəd qəbulu mərhələsində süni intellekt alətlərinin də tətbiqinə başlamışıq.
-Xaricdə təhsil proqramları milli ali təhsil sisteminin beynəlmiləlləşməsinə və inkişafına necə təsir göstərir?
-Birbaşa təsir göstərir. Doktorantura məzunlarımızın birbaşa yerli universitetlərə qayıdaraq pedaqoji fəaliyyətə başlaması ali təhsilimizin akademik və elmi potensialını gücləndirir. Bununla yanaşı, “2019-2023-cü illər üçün Dövlət Proqramı” çərçivəsində hazırda ABŞ-ın Corc Vaşinqton Universiteti, Koreyanın İnha Universiteti və Türkiyənin Ege Universiteti kimi qabaqcıl ali təhsil müəssisələri ilə ikili diplom proqramlarımız uğurla həyata keçirilir. Bu addımlar universitetlərimizin reytinqinin yüksəlməsinə və qlobal mühitə inteqrasiyasına şərait yaradır.
-Bu proqramlar ölkənin qlobal əmək bazarında rəqabət qabiliyyətinin gücləndirilməsinə hansı istiqamətlərdə xidmət edir?
-Hazırda Dördüncü Sənaye İnqilabı, süni intellekt, "Big Data" və iqtisadiyyatın rəqəmsallaşması qlobal əmək bazarını kəskin dəyişir. Əgər biz dünya ilə rəqabət aparmaq istəyiriksə, bu sahələrdə yüksək kompetensiyalı gənclərimiz olmalıdır. Dövlət Proqramı məhz bu cür innovativ çağırışlara cavab verən kadr bazasının formalaşdırılmasına xidmət edir.
-Xaricdə təhsil üzrə Dövlət proqramlarının gələcək illərdə əhatə dairəsinin genişləndirilməsi və prioritet istiqamətlərin dəyişməsi hansı gözləntiləri yaradır?
-Dövlət Proqramı çox çevikdir və ölkənin prioritetlərinə uyğunlaşır. Sərəncamla 15 prioritet ixtisas sahəsi (informasiya texnologiyaları, mühəndislik, təhsil, ictimai səhiyyə və s.) təsdiq edilib. Bununla yanaşı, cəmiyyətin ehtiyacları nəzərə alınaraq bu yaxınlarda siyahıya "mədəniyyət və incəsənət" sahəsi üzrə də 19 nüfuzlu təhsil proqramı əlavə edilmişdir. Eləcə də işğaldan azad edilmiş ərazilərimizin bərpası üçün zəruri olan ixtisaslara xüsusi önəm verilir.
-Bu cür proqramlara gənclərin maraq səviyyəsi hazırkı dövrdə nə qədər yüksəkdir və tendensiya artan istiqamətdə inkişaf edirmi?
-Gənclərimizin Dövlət Proqramına marağı hər il artan tendensiya ilə davam edir. Proqramda rəqabət mühiti çox sağlam və yüksəkdir. Xüsusilə informasiya və kommunikasiya texnologiyaları, süni intellekt, mühəndislik kimi qlobal trenddə olan sahələrə gənclərimizin böyük axınını müşahidə edirik. Lakin bu, o demək deyil ki, fundamental elmlər və ya digər sahələr kənarda qalır, bütün prioritet istiqamətlər üzrə güclü namizədlərimiz var.
-Dövlət hesabına xaricdə təhsil imkanlarının genişlənməsi gələcəkdə ölkənin kadr potensialına və innovasiya mühitinə necə təsir göstərə bilər?
-Beynəlxalq praktikada “Return of Investment” (ROI - İnvestisiyanın Qaytarılması) adlı anlayış var. Dövlətin hər bir gəncə yatırdığı sərmayə mütləq şəkildə ölkə iqtisadiyyatına əlavə dəyər kimi qayıtmalıdır. Biz müşahidə edirik ki, məzunlarımız təkcə dövlət və ya özəl qurumlarda aparıcı vəzifələrdə çalışmaqla kifayətlənmir, eyni zamanda, öz startaplarını qurur, fərdi bizneslərini inkişaf etdirərək yeni iş yerləri yaradırlar. Beləliklə, onlar ölkədə yaradıcı və innovativ düşüncənin aparıcı qüvvəsinə çevrilir və yüksək intellekt səviyyəsinə malik cəmiyyət formalaşdırırlar.
Yaqut Ağaşahqızı, “İki sahil”