AZ

Daxili imkanlara əsaslanan suveren güc

Milli dövlətçiliyin müstəqil və nümunəvi modeli

Dövlətin suverenliyi və xarici siyasətdə sərbəstliyi onun bilavasitə energi təhlükəsizliyi, strateji resursların idarə edilməsi səmərəliliyi ilə ölçülür. Azərbaycanın son otuzillik inkişaf tarixi təbii sərvətlərin dövlət müstəqilliyinin möhkəmləndirilməsinə, daxili sabitliyin təmin olunmasına və beynəlxalq nüfuzun artırılmasına xidmət edən strateji vasitəyə çevrilməsinin bariz nümunəsidir. Azərbaycan Prezidenti İlham Əliyevin “Bakı Enerji Həftəsi”nin açılış mərasimində səsləndirdiyi fikirlər məhz enerji strategiyasının həm iqtisadi gəlir mənbəyi, həm milli varlığın qorunması, həm də suveren institutların inşası və geosiyasi təsir imkanlarının genişləndirilməsi baxımından böyük əhəmiyyət kəsb edir.

Heydər Əliyevin rəhbərliyi ilə 1994-cü ildən başlanan və “Əsrin müqaviləsi” adı ilə tarixə həkk olunan neft-qaz strategiyası Azərbaycanın beynəlxalq münasibətlər sistemində mövqeyini köklü şəkildə dəyişdi. Tarixi retrospektiv nöqteyi-nəzərdən yanaşsaq, 1990-cı illərin əvvəllərindəki ağır durum ilə müasir dövrün güclü Azərbaycanı arasındakı müqayisə həyata keçirilən xəttin nə dərəcədə böyük siyasi çəkiyə malik olduğunu nümayiş etdirir. O illərdə Azərbaycan dövlətçilik tarixinin ən ağır geosiyasi, hərbi və humanitar böhranı ilə üz-üzə idi. Torpaqlarının 20 faizi işğal altında, 1 milyondan çox vətəndaşının qaçqın və məcburi köçkün statusu ilə yaşamağa məcbur olduğu ölkədə yaranan dərin tənəzzül yoxsulluq səviyyəsinin 50 faizdən yuxarı qalxmasına səbəb olmuşdu. Daxili sabitlik sarsıldığı ağır şəraitdə xilaskar missiyanı üzərinə götürən Heydər Əliyev dövləti yenidən qurmaq və milli təhlükəsizliyi təmin etmək məqsədilə xarici sərmayənin cəlb edilməsinə və qlobal enerji layihələrinin işə salınmasına qərar verdi.

1994-cü il sentyabrın 20-də imzalanan “Əsrin müqaviləsi” mahiyyət etibarilə dərin geosiyasi əhəmiyyət kəsb edən siyasi-diplomatik gediş idi. “Böyük güclər”in və transmilli korporasiyaların Xəzər hövzəsinə cəlb edilməsi Azərbaycanın müstəqilliyinin beynəlxalq səviyyədə tanınması və möhkəmlənməsi üçün güclü qalxan rolunu oynadı. Ulu öndərin uzaqgörən siyasəti sayəsində neft və qaz ehtiyatlarından əldə olunan gəlirlər dövlət institutlarının möhkəmlənməsinə, milli ordunun qurulmasına və sosial infrastrukturun bərpasına istiqamətləndirildi. Enerji diplomatiyası vasitəsilə qurulan tərəfdaşlıq əlaqələri Azərbaycanın xarici təzyiqlərə müqavimət göstərməsini təmin edərək regional müstəvidə güc balansını tədricən dəyişməyə imkan yaratdı. Neft gəlirlərinin idarə edilməsi üçün yaradılan Dövlət Neft Fondu maliyyə resurslarının şəffaf toplanması və gələcək nəsillərə ötürülməsi baxımından etibarlı təsisat kimi fəaliyyətə başladı. İllər keçdikcə reallaşan tədbirlər dövlətin iqtisadi suverenliyini təmin etməklə yanaşı, siyasi müstəqilliyin əvəzolunmaz sütununa çevrildi.

Uğurlu enerji strategiyası nəticəsində 1990-cı illərin Azərbaycanı ilə müasir, güclü Azərbaycan dövləti arasında tarixi və keyfiyyətcə fərqli mənzərə yarandı. Maliyyə müstəqilliyinin gücləndirilməsi istiqamətində atılan addımlar dövlətin xarici borcunun ümumi daxili məhsulun cəmi 6 faizini təşkil etməsinə şərait yaratdı. Müasir beynəlxalq maliyyə sistemində borclanma səviyyəsinin aşağı olması dövlətin xarici kreditorlardan və siyasi diktələrdən asılılığını tamamilə aradan qaldırır. Dövlət ehtiyatlarının xarici borcu 18 dəfədən çox üstələməsi ölkənin həm iqtisadi, həm də siyasi dayanıqlılığının möhkəm təməllər üzərində qurulduğunu sübut edir. Belə möhkəm maliyyə bazası dövlətə xarici siyasi təzyiqlərdən yayınmaq, müstəqil qərarlar vermək və milli maraqlara tam cavab verən xarici siyasət yürütmək imkanı qazandırdı. Yoxsulluq səviyyəsinin 50 faizdən 5 faiz həddinə endirilməsi, işsizliyin minimal həddə çatdırılması daxili sosial sabitliyi möhkəmləndirdi, hakimiyyətlə xalq arasındakı etimad mühitini sarsılmaz etdi. Qazanılmış uğurlar dövlətin hərbi potensialını gücləndirmək, müasir silahlar əldə etmək və ordunu qlobal standartlara uyğun yenidən qurmaq üçün zəruri zəmini formalaşdırdı.

***

Əldə olunmuş iqtisadi güc və müstəqil maliyyə imkanları Azərbaycanın qarşısında duran ən böyük tarixi vəzifənin – torpaqların işğaldan azad edilməsinin siyasi və hərbi əsasını təşkil etdi. Enerji siyasətindən qazanılan geosiyasi dividendlər dövlətə güclü müttəfiqlər qazanmaq, eyni zamanda, beynəlxalq hüququn prinsiplərini ön plana çıxarmaq imkanı verdi. 2020-ci ildə 44 günlük Vətən müharibəsi və ardınca həyata keçirilən uğurlu hərbi-siyasi tədbirlər nəticəsində Azərbaycan tarixi ərazilərini tamamilə azad etdi, suverenliyini tam bərpa etdi. Sözügedən tarixi zəfər otuz il ərzində dözümlə, ağılla və strateji ardıcıllıqla qurulan güclü dövlət modelinin qələbəsidir. İşğaldan azad edilən Qarabağ və Şərqi Zəngəzurda dərhal başlanan genişmiqyaslı bərpa-quruculuq işləri, keçmiş məcburi köçkünlərin tarixi yurdlarına qayıdışını təmin edən “Böyük Qayıdış” proqramı dövlətin iqtisadi qüdrətinin və siyasi iradəsinin əyani göstəricisinə çevrildi.

Energetika diplomatiyasının digər mühüm siyasi uğuru Azərbaycanın qlobal təhlükəsizlik memarlığında və xüsusilə Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində əvəzolunmaz tərəfdaşa çevrilməsidir. Bakı–Tbilisi–Ceyhan neft boru kəməri, Bakı–Tbilisi–Ərzurum qaz kəməri, ardınca isə Cənub Qaz Dəhlizi, TANAP və TAP kimi nəhəng regional layihələrin reallaşdırılması Azərbaycanı Avrasiyanın geosiyasi xəritəsində əsas tranzit və hasilat mərkəzinə çevirdi. Hazırda dövlət dünyanın 16 ölkəsinə təbii qaz ixrac edir ki, bunların arasında 10 ölkə Avropa İttifaqının üzvüdür. Siyasi nöqteyi-nəzərdən, Avropanın aparıcı dövlətlərinin enerji təhlükəsizliyində rol oynamaq Azərbaycana çox böyük diplomatik manevr imkanı və geosiyasi üstünlük qazandırır.

Müasir mərhələdə Azərbaycanın enerji strategiyası yalnız ənənəvi karbohidrogen resurslarının ixracı ilə məhdudlaşmır, həm də qlobal çağırışlara uyğun olaraq “yaşıl enerji keçidi”ni strateji prioritet kimi qəbul edir. Cari ilin reallıqları göstərir ki, ölkədə bərpaolunan enerji mənbələrinin inkişafı və “yaşıl enerji” layihələrinin icrası regional liderliyin yeni mərhələsini formalaşdırır. Azad edilmiş Qarabağ və Şərqi Zəngəzur bölgələrinin “Yaşıl Enerji Zonası” elan edilməsi, həmin ərazilərdə inşa olunan su elektrik stansiyaları, günəş və külək enerjisi layihələri dövlətin gələcəyə yönəlmiş vizyonunun göstəricisidir.

Keçən əsrin 90-cı illərinin əvvəllərində elektrik enerjisini və təbii qazı qonşu ölkələrdən idxal edən, iqtisadi iflas həddinə çatan Azərbaycanın müasir dövrdə qlobal enerji təhlükəsizliyinin əsas təminatçılarından birinə çevrilməsi tarixi inkişaf fenomenidir. Bu milli inkişaf modeli dövlətin siyasi iradəsinin, uzaqgörən milli strategiyasının və xalq - iqtidar birliyinin təntənəsidir. Prezident İlham Əliyevin “Bakı Enerji Həftəsi”ndə çıxışında dövlət suverenliyinin tam bərpa edilməsi, ərazilərin işğaldan azad olunması, qaçqınlıq və yoxsulluq kimi ağır sosial problemlərin aradan qaldırılmasını enerji strategiyasının siyasi və iqtisadi bəhrəsi kimi dəyərləndirməsi diqqətdən yayınmadı. Dövlətimizin başçısının həyata keçirdiyi ardıcıl siyasət nəticəsində Azərbaycan enerji ehtiyatlarının hasilatı və ixracı ilə kifayətlənməyərək, Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında strateji tərəfdaşa çevrilib, “yaşıl enerji” sahəsində də yeni əməkdaşlıq platformaları formalaşdırıb.

Yusif ŞƏRİFZADƏ
XQ

Seçilən
24
1
xalqqazeti.az

2Mənbələr