AZ

NYT: Rusiya Ukraynada zəiflik əlamətləri göstərir, ona görə daha sərt zərbələr endirir

Rusiyanın Ukraynaya qarşı 2 iyun çərşənbə axşamı səhər saatlarında yüzlərlə pilotsuz uçuş aparatı və raketlə həyata keçirdiyi genişmiqyaslı hücumlar Moskvanın dörd ildir davam edən müharibədə üzləşdiyi artan zəiflik əlamətlərini gizlədə bilmir. Rusiyanın Ukraynadakı cəbhə xəttində irəliləyişi demək olar ki, tamamilə dayanıb...

Poliqon xəbər verir ki, bu barədə The New York Times yazır.

Bunun nəticəsində Rusiya Ukraynanın işğal olunmuş ərazilərində məcburi səfərbərliyi gücləndirib. Çünki ölkə daxilində müqaviləli hərbçilərin cəlb olunması istiqamətində aparılan səylər gözlənilən nəticəni verməyib. Daxili narazılıq artır, Avropa Ukraynaya yeni dəstək göstərir, ABŞ vasitəçiliyi ilə aparılan sülh danışıqları isə faktiki olaraq dayanıb. Bütün bunlar birlikdə Rusiyanın təşəbbüsü itirməyə başladığını göstərir.

"Ukraynanın mövqeyi hazırda bir il əvvəlkindən qat-qat güclüdür", deyə Vyanada fəaliyyət göstərən hərbi analitik Frans-Ştefan Qadi bildirib.

Digər analitiklərin fikrincə, Rusiyanın son vaxtlar hücumlarını intensivləşdirməsi mümkün sülh danışıqlarında üstünlük qazanmaq və diqqətini Ukrayna müharibəsindən daha çox İranla bağlı məsələlərə yönəltmiş Tramp administrasiyasının marağını yenidən cəlb etmək cəhdidir.

Londondakı Kral Birləşmiş Müdafiə Araşdırmaları İnstitutunun baş elmi əməkdaşı Cek Uotlinqin sözlərinə görə, Ukraynanın döyüş meydanındakı uğurları müharibənin gedişatını dəyişib. Uotlinq bildirib ki, Rusiyanın hava hücumları uzun müddət davam edə bilər, lakin onun döyüş effektivliyi azalır. Bu isə Ukraynanın Rusiyanı atəşkəsə məcbur edə biləcəyi ilə bağlı artan nikbinliyə səbəb olub.

Bu vəziyyət ötən yayla müqayisədə kəskin dəyişiklikdir. Həmin dövrdə Kreml rəhbəri Vladimir Putin qələbəyə o qədər əmin idi ki, müharibənin necə başa çatdırılacağını müzakirə etmək üçün ABŞ Prezidenti Donald Trampla görüş məqsədilə Alyaskaya getmişdi. Hazırda isə döyüş əməliyyatlarının tezliklə dayandırılmasında israr edən tərəf Ukrayna Prezidenti Volodimir Zelenskidir. Moskva isə hələ də bəyan edir ki, Ukrayna qoşunlarını Donbasdan çıxardıqdan sonra müharibə başa çata bilər.

Qadi vurğulayıb ki, Rusiyanın atəşkəs danışıqlarına qayıtmazdan əvvəl qarşısına qoyduğu məqsəd – 2026-cı ilin sonunadək Donbasa tam nəzarəti ələ keçirmək – real görünmür. Bununla belə, o qeyd edib ki, çərşənbə axşamı baş verənlərə bənzər hava hücumları Rusiyanın hava qüvvələrinin hələ də ciddi təhlükə olaraq qaldığını göstərir və Ukrayna, şübhəsiz ki, bu cür hücumların daha çoxunu görəcək.

Ukraynanın "DeepState UA" OSINT layihəsinin analitikləri bildiriblər ki, may ayında Rusiya qüvvələri, görünür, ələ keçirdiklərindən daha çox ərazi itiriblər. Bu, 2023-cü ildəki Ukrayna əks-hücumundan bəri ilk belə göstəricidir.

Bu nəticə Rusiya hücumlarının sayının 37,5 faiz artmasına baxmayaraq qeydə alınıb. Analitiklər qeyd edirlər ki, Rusiya qüvvələrinin döyüş qabiliyyəti o qədər zəifləyib ki, bəzi hücumlarda cəmi bir və ya iki hərbçi iştirak edir.

"Müharibə yeni mərhələyə daxil olur və Ukrayna dövləti üçün təşəbbüsü itirməmək vacibdir", deyə "DeepState" analitikləri bildiriblər.

Ukraynanın mövqeyi Avropadan gələn yeni hərbi yardımlarla da möhkəmlənir. Bunlara Finlandiyanın silah paketləri və İsveç tərəfindən verilən 16 ədəd "Gripen" qırıcısı daxildir.

Qərb rəsmilərinin son qiymətləndirmələri göstərir ki, Rusiya döyüş meydanında çox ağır itkilər verir. Böyük Britaniya kəşfiyyatının rəhbəri Enn Kist-Butlerin sözlərinə görə, 2022-ci ilin fevralından bəri təxminən 500 min rusiyalı hərbçi həlak olub.

"Biz Ukraynaya dəstəyimizdə qətiyyətli qalarkən, Putin döyüş meydanında geri çəkilir", deyə o əlavə edib.

ABŞ dövlət katibi Marko Rubio isə bildirib ki, Rusiya hər ay 15–20 min hərbçi itirir: "Söhbət yaralananlardan deyil, ölənlərdən gedir".

Keçmiş sovet və rusiyalı diplomat Nikolay Sokov bildirib ki, Avropa siyasətində onu narahat edən əsas məqam Moskvanın məğlubiyyəti qəbul etmək əvəzinə eskalasiyaya üstünlük verə biləcəyi ehtimalının kifayət qədər nəzərə alınmamasıdır.

"Avropa siyasətində görmədiyim şey budur ki, Moskva məğlubiyyəti qəbul etmək əvəzinə vəziyyəti daha da gərginləşdirməyi seçə bilər. Məni məhz bu narahat edir", deyə o qeyd edib.

Onun sözlərinə görə, son dövrlərdə Rusiya özünü nisbətən daha nikbin hiss edə bilərdi, çünki Hörmüz boğazının bağlanması nəticəsində neft qiymətlərinin yüksəlməsi Kremlə hərbi xərcləri davam etdirmək üçün əlavə maliyyə imkanı verib.

Bununla belə, Marko Rubio vurğulayıb ki, ukraynalılar döyüş meydanındakı mövqelərinə getdikcə daha çox güvənirlər.

Poliqon.info

Seçilən
6
poliqon.info

1Mənbələr