ABŞ və İran arasında gərginlik yeni mərhələyə keçib. Sülh danışıqlarının dalana dirəndiyi və Yaxın Şərqdə vəziyyətin daha da kəskinləşdiyi bir vaxtda tərəflər qarşılıqlı hərbi addımlar atıblar.
Vətəninfo.az xəbər verir ki, Axios nəşrinin ABŞ Mərkəzi Komandanlığına (CENTCOM) istinadən yaydığı məlumata görə, ABŞ qüvvələri İran tərəfindən buraxıldığı bildirilən bir neçə ballistik raket və pilotsuz uçuş aparatını zərərsizləşdirib. Bununla yanaşı, ABŞ hərbçiləri Hörmüz boğazında yerləşən Qeşm adasına özünümüdafiə məqsədli zərbələr endirib.
CENTCOM-un açıqlamasında bildirilib ki, Küveyt istiqamətində atılan iki İran raketi hədəfə çatmadan sıradan çıxıb və ya havada parçalanıb. Bəhreynə yönəldilən üç raket isə ABŞ və Bəhreynin hava hücumundan müdafiə sistemləri tərəfindən məhv edilib.
ABŞ Mərkəzi Komandanlığı daha əvvəl yaydığı bəyanatda Fars körfəzində İran limanına doğru hərəkət etdiyi iddia olunan neft tankerinin fəaliyyətinin dayandırıldığını açıqlayıb. Məlumata əsasən, Botsvana bayrağı altında üzən “M/T Lexie” tankerinin heyəti dəfələrlə edilən xəbərdarlıqlara əməl etməyib. Nəticədə ABŞ hərbçiləri Hellfire raketi ilə tankerin mühərrik bölməsinə zərbə endirərək onun İran sahillərinə çatmasının qarşısını alıblar.
İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) isə öz növbəsində bəyan edib ki, İranın həyata keçirdiyi raket və pilotsuz aparat hücumları ABŞ-ın tankerə qarşı əməliyyatına cavab xarakteri daşıyıb.