AZ

Azərbaycan 2027-ci ilədək bərpa olunan enerjinin payını 30 faizə çatdırmağı hədəfləyir

Azərbaycan 2027-ci ilədək elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrinin payını 30 faizə çatdırmağı və ölkəni yaşıl inkişaf mərkəzinə çevirməyi hədəfləyir. Bunu Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Cavid Abdullayev bildirib.

Onun sözlərinə görə, bu istiqamətdə artıq mühüm nəticələr əldə olunub. İri həcmli günəş və külək elektrik stansiyalarının inkişafı, enerji infrastrukturunun modernləşdirilməsi və müxtəlif innovativ layihələrin icrası yaşıl enerji keçidini sürətləndirir.

Cavid Abdullayev bildirib ki, enerji keçidinin uğurla həyata keçirilməsi yalnız böyük bərpa olunan enerji layihələri ilə məhdudlaşmır. Bu prosesə ev təsərrüfatlarının, biznes subyektlərinin, bələdiyyələrin və yerli icmaların da fəal qoşulması vacibdir.

Agentlik rəhbəri qeyd edib ki, damüstü günəş panelləri və paylanmış günəş enerjisi sistemləri bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Onun sözlərinə görə, dünyanın bir çox ölkəsində damüstü günəş enerjisi istehlakçıların enerji sektorunda aktiv iştirakına imkan yaradır, enerji təhlükəsizliyini gücləndirir, elektrik şəbəkələrinə düşən yükü azaldır və özəl investisiyalarla yeni iş yerlərinin yaranmasına şərait yaradır.

Cavid Abdullayev vurğulayıb ki, Azərbaycanda paylanmış günəş enerjisi istehsalı potensialı hələ tam istifadə olunmayıb. Bununla belə, bu sahə dekarbonizasiyanın sürətləndirilməsi və vətəndaşlarla biznes subyektlərinin enerji keçidində fəal iştirakının təmin edilməsi üçün ən perspektivli istiqamətlərdən biridir.

Aytac Zeynalova

Seçilən
34
anews.az

1Mənbələr