AZ

Turizm sehrli bir dünyadır...

Heç bir uğur asanlıqla əldə olunmur. Ölkəmizin turizm sektoru əvvəlki onilliklər boyu bu mühüm sahədə qazanılan zəngin ənənələrdən, eləcə də yeni, qlobal müsbət tendensiyalardan bəhrələnərək davamlı olaraq inkişaf edir. Bu uğurları artırmaq, yeni müvəffəqiyyətlər qazanmaq üçün isə daha hansı işləri görmək zəruridir? Bəs bu barədə təcrübəli insanlar, peşəkarlar nə düşünürlər?

Müsahibimiz bu gün adı, təcrübəsi, faydalı təşəbbüsləri həmkarları və yetirmələri tərəfindən fəxrlə qeyd olunan milli turizm sektorunun həqiqi uzmanlarındandır. 57 ildir ki, fasiləsiz olaraq bu sahədə çalışır. Bacarıq və səriştəsilə turizmin inkişafı istiqamətində kifayət qədər sanballı işlər görüb, nəzərəçarpan uğurlar qazanıb.

Həmsöhbətimiz Dövlət Turizm Agentliyi sədrinin müşaviri, “Turizm Agentlikləri Assosiasiyaları” İctimai Birliyi sədrinin müavini, 57 il bu sahədə çalışmış, turizmin uzmanı Müzəffər Ağakərimovdur. Onunla məhz ölkə turizminin dünəni, bugünü və perspektivləri barədə söhbət etdik. İnanırıq ki, söhbətin məğzi oxucularımız üçün də maraqlı olacaq.

– 1969-cu ildən ölkəmizin turizm sektorunda çalışırsınız. Eşitdiyimə görə, sizə daha yüksək vəzifələrdə təkliflər edilib, amma getməmisiniz. Görünür, turizm sizin tale yazınızdır…

– Deyərdim ki, bu, taleyin mənə böyük səxavətlə bəxş etdiyi gözəl bir töhfə, hədiyyədir. Sözün düzü, ilk vaxtlar turizmə ömürlük bağlanacağımı düşünmürdüm. Lakin zaman keçdikcə bu sehirli aləmin qeyri-adi cazibəsinə düşdüm və heç yerə getmədim. Buna görə zərrə qədər peşman deyiləm, əksinə, böyük qürur hissi keçirirəm. Bu gün isə tam əminliklə deyə bilərəm ki, turizm mənim ilk və əbədi məhəbbətimdir (gülümsəyir).

1948-ci ildə Bakıda anadan olmuşam. Paytaxtın “Sovetski” adlanan məşhur məhəlləsindəki “Köhnə Çadrovı” küçəsində evimiz olub. Xalqımızın tarixinə, mədəniyyətinə uşaqlıq və yeniyetməlik illərimdən dərin maraq göstərirdim. İxtisasca ali təhsilli tarixçiyəm. 1973-cu ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) tarix fakültəsini bitirmişəm. Turizm sahəsində biliklərimi təkmilləşdirmək üçün isə Moskvada Turizm, Mehmanxana və restoran biznesi Akademiyasında qiyabi təhsil almışam.

Turizm sahəsində əmək fəaliyyətimə BDU-ya daxil olduğum il, yəni 1969-cu ildə Bakı Səyahətlər və Ekskursiyalar Bürosunda bələdçi kimi başlamışam. Sonralar müxtəlif turizm marşrutlarında baş təlimatçı, daha sonra isə “İnturist” sisteminə daxil olan “Moskva” mehmanxanasında inzibatçı, baş inzibatçı və şöbə müdiri vəzifələrində çalışmışam. 1993–1998-ci illərdə “Azərbaycan” hotelində baş direktorun müavini olmuşam. Bütün bunları oxucuları turizm sahəsində kifayət qədər təcrübəmin olduğunu göstərmək üçün qeyd edirəm.

Bir məqamı xüsusi vurğulamaq istəyirəm. O illərdə ölkəmizdə turizm sahəsi ilə, əsasən, “İnturist” mehmanxanalar şəbəkəsi məşğul olurdu. Qeyd etmək lazımdır ki, bu şəbəkə respublikamızda turizmin təşkili istiqamətində yaxşı təcrübə əldə etmişdi. Bakının “İnturist” şəbəkəsinin əməkdaşlarının yüksək peşəkarlığı keçmiş ittifaq səviyyəsində də qəbul olunurdu. Bu gün Azərbaycan turizminin əldə etdiyi nailiyyətlərdə həmin sistemdə yetişmiş təcrübəli mütəxəssislərin əməyi az deyil.

– O dövrdə xarici ölkələrdən Azərbaycana gələn məşhur qonaqlardan kimləri xatırlayırsınız?

– Bilirsinizmi, Azərbaycana dünyanın hər yerindən yüksək rəsmi şəxslər, görkəmli elm və mədəniyyət xadimləri, populyar estrada, caz ulduzları çox gəliblər. Bakı daim öz yüksək mədəni mühiti ilə qonaqları özünə cəlb edib. Mən burada çox sayda dünyaşöhrətli insanın adını çəkə bilərəm. Lakin bunları bir-bir sadalasam, uzun bir siyahı alınar.

Hər halda çox məşhur bir biznes adamının adını qeyd etmək yerinə düşərdi. Yadımdadır, ötən əsrin 1970-ci illərində amerikalı milyarder Devid Rokfeller turist kimi Bakıya gəlmişdi. O zaman “Moskva” mehmanxanasında qonaqların qəbulu və xidmət şöbəsinin müdiri idim. D.Rokfeller bir həftə Bakıda qaldı, “Xəzərin qoynuna sığınan gözəl şəhərimiz”in (Rokfellərin müsahibəsində belə qeyd etmişdi-müəllif) görməli yerləri ilə yaxından tanış oldu. Neft maqnatı ABŞ-a qayıtdıqdan sonra Bakı və bakılılar haqqında amerikalı jurnalistlərlə öz xoş təəssüratlarını bölüşmüşdü.

– Turistlərin qarşılanması və yola salınması zamanı, yəqin ki, bəzən çətin, gözlənilməz situasiyalarla da üzləşmisiniz. Bu barədə nə deyə biləsiniz?

– Nə gizlədim, bəzən bizdən asılı olmayan çətin, gözlənilməz anlar olurdu. O vaxt beynəlxalq aeroportlar yalnız Moskvada fəaliyyət göstərirdi. Bu da bəzən işimizə çətinliklər törədirdi. Məsələn, 1983-cü ildə Bakıda xalçaçılıq sənətinə həsr olunmuş beynəlxalq simpozium keçirilirdi. Hər şey normal məcrada davam edirdi. Amma tədbirin son günlərində SSRİ hava məkanında Cənubi Koreyaya məxsus mülki təyyarənin vurulması səbəbindən beynəlxalq uçuşlarda ciddi problemlər yarandı.

Qərb dövlətləri dərhal öz aeroprtlarını keçmiş İttifaqın təyyarələrinə bağladılar. Yalnız Qərbi Berlin aeroportu Moskvadan gələn sərnişinləri qəbul edirdi. Mən o zaman Moskvada operativ qaydada bu məsələnin həlli ilə məşğul oldum. Oradakı yaxın dostlarımım dəstəyi ilə simpozium iştirakçılarını Qərbi Berlinə, oradan da öz ölkələrinə yola salmaq mümkün oldu.

Etiraf edirəm ki, böyük tədbirlərə gələn qonaqları yüksək səviyyədə qəbul edərək yola salmaq o qədər də asan məsələ deyil. 1994-cü ilin 20 sentyabrında Bakıda “Gülüstan” sarayında böyük neft sazişi – “Əsrin müqaviləsi” imzalandı. Çox sayda rəsmiləri aeroportda qarşılamaq, mehmanxanalarda yerləşdirmək, ölkəmizin tarixi abidələri, gəzməli-görməli yerləri ilə tanış etmək lazım gəlirdi. Fəxrlə deyə bilərəm ki, müstəqil Azərbaycanın turizm sektoru bu mühüm vəzifənin öhdəsindən bacarıqla gəldi. Nəticədə, həm qonaqlar, həm də ölkə rəsmiləri razı qaldılar.

– Turizm sektorunda gənc, milli kadrların hazırlanması prosesində də fəal iştirak edibsiniz. Belə ki, bu sahədə uzun illər pedaqoji fəaliyyətlə də məşğul olubsunuz, çox sayda dərsliklər yazıbsınız. Bu barədə nə deyə bilərsiniz?

– Mən həmişə bu əqidədə olmuşam ki, hər bir insan, ziyalı öz bilik və bacarığını gənc nəslə ötürməlidir. Şəxsən mən uzun illər ərzində qazandığım təcrübəmi gənclərlə bölüşməyi mənəvi borc hesab edirəm. 2004-cü ildən Bakı Dövlət Universitetində, 2006-cı ildən isə Azərbaycan Turizm və Menecment Universitetində uzun illər dərs demişəm. Tələbələrimə, ən başlıcası, turizmi sevdirməyə çalışmışam. Bu sahəyə qəlbən bağlanmadan, böyük uğur əldə etmək qeyri-mümkündür. Çox sevinirəm ki, ölkəmizdə çox istedadlı kadrlar yetişib.

Pedaqoji fəaliyyətimin ilk dönəmində gördüm ki, tələbələrin Azərbaycan dilində turizm ədəbiyyatına ehtiyacı böyükdür. Buna görə də “Mehmanxana təsərrüfatı”, “Hotel” və digər müfəssəl dərsliklər hazırladım. Turizm, hotelçilik və ekskursiya fəaliyyətinə dair 12 kitabın müəllifiyəm.

Bundan başqa, Ulu öndərin 100 illik yubileyi münasibətilə nəşr olunan “Heydər Əliyev və Azərbaycan turizmi” kitabının həmmüəlliflərindənəm. Yerli və xarici mətbuatda, nüfuzlu beynəlxalq sahə jurnallarında Azərbaycan turizminin inkişafına dair çoxsaylı məqalələrim dərc olunub. Bir çox qlobal mətbu nəşrlərdə turizm üzrə ekspert kimi də çıxış edirəm.

– Müzəffər müəllim, bu sualım, bəlkə də, ilk baxışdan bir qədər təəccüblü görünə bilər. Mənə elə gəlir ki, turizm sahəsində çalışan insanlar daha ünsiyyətcil və mehriban olurlar. Bu fikirlə razısınızmı?

– Tamamilə razıyam. Turizm insanlarla işləməyi, onları anlamağı və qonaqpərvər olmağı tələb edir. Tam səmimiyyətlə deyirəm: bu sahədə çalışan insanlar, adətən, açıqürəkli, mehriban və pozitiv olurlar.

Azərbaycan xalqı tarixən qonaqpərvərliyi ilə seçilib. Ona görə bu sahədə işləyənlər yüksək mədəniyyətə və ünsiyyət bacarıqlarına malik olmalıdırlar.

Turizm sektorunda tur bələdçilərinin rolu xüsusilə böyükdür. Xarici qonaqlarda Azərbaycan haqqında ilk təəssüratı məhz onlar formalaşdırırlar. Gəlin etiraf edək: “İçərişəhər”dən, Şuşadan ürəksiz danışmaq mümkünsüzdür. Turistlər tur bələdçilərinin hər bir sözündən, hərəkət və davranışından hiss etməlidirlər ki, xalqımız öz torpağını, tarixini, mədəniyyətini çox sevir, bundan qürur duyur və bu məmləkəti göz bəbəyi kimi qorumağa hazırdır.

– Azərbaycan turizminin beynəlxalq əlaqələri hansı səviyyədədir?

– Fəxrlə qeyd edə bilərəm ki, həqiqətən, ölkəmizdə bu istiqamətdə davamlı, düşünülmüş addımlar atılır. Dövlət Turizm Agentliyinin (DTA) rəhbərliyi və kollektivi dövlətimizin başçısının bu sahənin davamlı inkişafı ilə bağlı qarşıya qoyduğu mühüm vəzifələri böyük məsuliyyət hissi ilə yerinə yetirməyə çalışır.

Dünyanın müxtəlif ölkələrində keçirilən sərgilərdə DTA-nın xəttilə Azərbaycan turizminin uğurları və imkanları geniş təqdim edilir və təbliğ olunur. Məqsəd Azərbaycanımızı qlobal turizmin ən sevimli məkanlarından birinə çevirməkdir. Əminəm ki, buna mütləq nail olacağıq.

Ölkəmizdə sabitlik, əmin-amanlıqdır. Turistlər yurdumuza erkən uçub gələn qaranquşlar kimidir. Baharın müjdəçisi olan bu “elçilər” o evlərin eyvanlarında yuva qururlar ki, oranın sakinləri bir-birlərinə can deyib can eşidirlər. Biz Azərbaycanımızı abad və gözəl məkana çevirməli, qədim yurdumuzu sevməli və sevdirməliyik. Turizmin uğur düsturu məhz budur!

Söhbəti qələmə aldı:
Məsaim ABDULLAYEV
XQ

Seçilən
16
xalqqazeti.az

1Mənbələr