Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş “Sülh rəmzi uşaqlar” adlı ədəbi-musiqili şənlik keçirilib.
Məclisi giriş nitqi ilə muzeyin direktoru, akademik Rafael Hüseynov açaraq uşaqları əlamətdar gün münasibətilə təbrik edib, onlara sağlam həyat, xoş, firavan günlər arzulayıb. Uşaqların Beynəlxalq Müdafiəsi Gününün tarixi əhəmiyyətindən danışan direktor uşaqların hüquqlarının qorunmasının cəmiyyətin əsas vəzifələrindən biri olduğunu vurğulayıb. Alim uşaqlara qayğının, diqqətin, onlara parlaq gələcək bəxş edilməsinin ilk şərtinin yüksək təhsil və elmlərə yiyələnmək olduğunu bildirib.
Akademik Rafael Hüseynov istedadlı uşaqların inkişafına dəstək verilməsinin zəruriliyini qeyd edərək, ölkəmizdə uşaqlar üçün yaradılan şəraitdən, onların azad və təhlükəsiz yaşamaları, təhsil almaları, inkişaf etmələri və mütəxəssis kimi formalaşmaları istiqamətində həyata keçirilən dövlət layihələrindən danışıb.
Mərasimin aparıcısı, muzeyin gənc alimlər şurasının sədri Nuran Bağırova istedadlı uşaqları səhnəyə dəvət edib.
Şagirdlərin vokal və musiqi alətlərində ifaları, Azərbaycan Ukrayna, Çin, italyan, rus, urdu, türk dillərində dünya ədəbiyyatından seçmə qiraətləri, eləcə də rəsm əsərlərinin sərgisi və digər təqdimatları şənliyə təntənə gətirib.
“Sülh rəmzi uşaqlar”ın incəsənət üzrə gənc istedadları – Tofiq Quliyev adına 12 nömrəli məktəbin, Avropa-Azərbaycan Məktəbinin, Bakı Türk İlkokulunun, 3 saylı Uşaq-Gənclər İnkişaf Mərkəzinin və 3 saylı Respublika Xüsusi İnternat Məktəbinin şagirdlərinə Ədəbiyyat Muzeyinin Fəxri fərmanları verilib.
Q.YUSİFOĞLU
XQ