AZ

Qərbi Azərbaycana qayıdış tələbi qarşıdurma deyil, ədalət çağırışıdır - Şamil Ayrım

Bakı, 3 iyun, AZƏRTAC

Qarabağ müharibəsi Türk dünyasında milli oyanışın simvollarından birinə çevrilib. Bu gün Türk Dövlətləri Təşkilatının fəaliyyətinə və üzv dövlətlər arasında əməkdaşlığa nəzər saldıqda mühüm nəticələrin əldə olunduğunu görürük. Universitetlərimizdə, media qurumlarımızda, beyin mərkəzlərində və beynəlxalq platformalarda bu həqiqətləri daha güclü şəkildə gündəmə gətirməliyik. Qardaşlıq münasibətlərimizi yalnız emosional şüarlarla deyil, konkret elmi, diplomatik və mədəni təşəbbüslərlə dəstəkləməliyik.

AZƏRTAC xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin üzvü, Azərbaycan-Türkiyə parlamentlərarası Dostluq Qrupunun sədri Şamil Ayrım Bakı Dövlət Universiteti (BDU) və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə keçirilən “Qərbi Azərbaycana qayıdış: milli ideyanın yeni mərhələsi kimi” mövzusunda I beynəlxalq elmi konfransda deyib.

O bildirib ki, Qərbi Azərbaycana qayıdış tələbi qarşıdurma çağırışı deyil, Cənubi Qafqazda uzunmüddətli sülhün təmin olunmasına xidmət edən mühüm amillərdən biridir: “Ermənistan cəmiyyəti və vətəndaşları bu tələbdən narahat olmamalıdırlar. Söhbət insanların öz doğma yurdlarına ədalətli, təhlükəsiz və ləyaqətli şəkildə qayıtmaq hüququndan gedir. İnsanların doğulduqları torpaqlara təhlükəsiz, şərəfli və hüquqi çərçivədə dönməsi regional barışığın ən səmimi və dayanıqlı əsaslarından biridir. Qərbi Azərbaycandan deportasiya olunmuş insanların taleyi yalnız Azərbaycanın deyil, bütövlükdə Türk dünyasının ortaq vicdan məsələsidir. Bu çağırış Azərbaycan Prezidenti İlham Əliyevin də vurğuladığı kimi, insan hüquqlarına, tarixi ədalətə və insan ləyaqətinə əsaslanan çağırışdır. İnanıram ki, haqq gec-tez öz yerini tapacaq. Gün gələcək, Göyçədə yenidən Azərbaycan mahnıları səslənəcək, İrəvanın tarixi yaddaşı yenidən xatırlanacaq. Vaxtilə sürgün edilmiş insanların övladları və nəvələri ata-babalarının doğulduğu torpaqları sərbəst şəkildə ziyarət edəcəklər. Həmin gün dünya bir daha anlayacaq ki, ədalət bəzən geciksə də, xalqların tarixi yaddaşı heç vaxt silinmir və ədalət mütləq bərqərar olur. İnanıram ki, bir gün həmin yollar açılacaq və tarix bir daha sübut edəcək ki, türk xalqının yaddaşı və qardaşlıq ruhu heç vaxt məğlub olmur”.

Müxbir - Aysel Azadqızı
Fotoqraf - Tofiq Babayev
Videooperator - Mirrəsul Cəfərov
Seçilən
21
azertag.az

1Mənbələr