Prezident İlham Əliyev iyunun 3-də Azərbaycan Respublikasının Mərkəzi Bankının yeni inzibati binasının açılışında iştirak edib.
Mərkəzi Bankın sədri Taleh Kazımov dövlət başçısına binada yaradılan şərait barədə məlumat verib.
Paytaxtın Heydər Əliyev prospektində yerləşən yeni inzibati bina müasir şəhərsalma prinsiplərinə uyğun inşa olunub. Binada ümumilikdə 1300 nəfərlik iş sahəsi, konfrans və mətbuat zalları, təlim və toplantı otaqları yaradılıb.
Prezident İlham Əliyev milli pul nişanlarının tarixi, dizayn xüsusiyyətləri və mühafizə elementlərini əks etdirən sərgi ilə də tanış olub.
Məlumata görə, 35 mərtəbəli binada rəsmi görüşlər üçün 25 otaq, 240 nəfərlik konfrans zalı, 340 nəfərlik yeməkxana və əməkdaşların istifadəsi üçün istirahət məkanları fəaliyyət göstərəcək.
Layihələndirmə zamanı əlçatanlıq və inklüzivlik prinsiplərinə xüsusi diqqət yetirilib. Fiziki məhdudiyyətli şəxslərin binaya rahat giriş və hərəkəti üçün müvafiq infrastruktur yaradılıb.
Mərkəzi Bankın yeni binası müasir informasiya sistemləri, enerji səmərəliliyi texnologiyaları və təhlükəsizlik standartları ilə təchiz edilib. Gecə saatlarında binanın fasadında müxtəlif işıq və multimedia effektlərinin nümayişinə imkan verən xüsusi sistem quraşdırılıb. LED texnologiyası və hərəkət sensorları isə elektrik enerjisinə qənaəti təmin edir.



