AZ

Minlərlə turist hava şəraiti səbəbindən Azor adalarında KÖMƏKSİZ QALIB

Azor adalarında minlərlə turist hava şəraiti səbəbindən köməksiz qalıb.

İnterpress.az xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb.

Portuqaliyanın Azor adalarındakı Ponta-Delqada şəhərində yerləşən İohann Pavel II adına hava limanı bir neçə gündür davam edən qatı dumanla mübarizə aparır.

Uçuşların dayandırılması səbəbindən hava limanının rəhbərliyi terminalın müxtəlif yerlərində gözləyən sərnişinlər üçün qatlanan çarpayılar quraşdırıb.

Yerli medianın məlumatına görə, şənbə günündən etibarən San-Migel adasından 17 mindən çox sərnişin öz reyslərini yerinə yetirə bilməyib və 200-dən çox uçuş ləğv edilib.

Dünən bəzi təyyarələr havaya qalxa bilsə də, ciddi ləngimələr hələ də davam edir.

Ponta-Delqada Portuqaliyaya məxsus arxipelaqın əsas hava limanı və mərkəzi nəqliyyat qovşağıdır.

Vəziyyətin daha da pisləşəcəyi gözlənilir, çünki bu gün ölkə boyu hava limanı əməkdaşları, bort bələdçiləri və nəqliyyat sektoru nümayəndələrinin qoşulduğu ümummilli tətillər planlaşdırılır.

Tətillərin Portuqaliyanın ən böyük hava limanlarına təsir edəcəyi gözlənilir.

Portuqaliya mediasının xəbərinə görə, milli aviadaşıyıcı “TAP Air Portugal” 300-dək reysi ləğv etməyə hazırlaşır.

Həmçinin, “Azores Airlines”, “SATA Air Açores”, “Ryanair” və “easyJet” kimi aviaşirkətlərin uçuş cədvəlində ciddi dəyişikliklərin olacağı proqnozlaşdırılır.

Sərnişinlərə uçuş cədvəllərini mütəmadi olaraq yoxlamaları və aviadaşıyıcılarla əlaqə saxlamaları tövsiyə olunur.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
50
interpress.az

1Mənbələr