Azərbaycan və Almaniya sabit qaz tədarükü, enerji keçidi və aşağı karbonlu həllərin tətbiqi sahəsində əməkdaşlıq perspektivlərini müzakirə ediblər.
Bu barədə Azərbaycanın energetika naziri Pərviz Şahbazov ilə Almaniyanın VNG AG şirkətinin İdarə Heyətinin sədri Ulf Haytmüller arasında Bakı Enerji Həftəsi çərçivəsində keçirilən görüşdə bildirilib.
Tərəflər qlobal enerji bazarındakı vəziyyəti, böhran şəraitində enerji təchizatının təhlükəsizliyini və bazarların şaxələndirilməsi məsələlərini müzakirə ediblər. Görüşdə bərpa olunan enerji mənbələrinin inkişafı, infrastrukturun modernləşdirilməsi, batareya enerji saxlama sistemləri, həmçinin hidrogen və biometanın enerji sektorundakı rolu da diqqət mərkəzində olub.
Bundan əlavə, Azərbaycan, Türkiyə və Avropa arasında elektrik enerjisinin ötürülməsi layihələrinin əhəmiyyəti vurğulanıb.
Qeyd edək ki, Azərbaycanda hazırda günəş və külək enerjisi üzrə 11 layihə həyata keçirilir. Bu təşəbbüslər təbii qaza qənaət edilməsinə, ölkənin ixrac imkanlarının genişlənməsinə və enerji sisteminin etibarlılığının artırılmasına xidmət edəcək.