Azərbaycan tamaşaçısının daha çox yumoristik obrazları ilə tanıdığı aktyor Elməddin Cəfərov illərdir televiziya və kino sahəsində fəaliyyət göstərir. Erkən yaşlarında doğma yurdundan ayrılmaq məcburiyyətində qalan aktyor həyatının müxtəlif mərhələlərində qazandığı təcrübələri yaradıcılığına da yansıtmağı bacarıb. O, bu gün də müxtəlif serial, film və reklam layihələrində uğurla çıxış edir. Aktyorla söhbətimizdə sənət yolu, şəxsi həyatı, yaradıcılıq planları və səhnə fəaliyyətindəki yeniliklər barədə danışdıq.
Elməddin Cəfərov 1981-ci il yanvarın 1-də Göyçə mahalının Zod kəndində anadan olub. Doğulduğu kənddə orta təhsilə başlasa da azərbaycanlıların Ermənistandan köçürülməsi nəticəsində 1988-ci ildə ailəsi ilə birlikdə Gəncə şəhərinə köçüb, burada orta təhsilini davam etdirib. Bir çox film və seriallarda komediya aktyoru kimi çıxış edib.
“Yeni Sabah” komediya aktyoru Elməddin Cəfərovla müsahibəni təqdim edir: Toyuqlu pizza
- Yeni layihələriniz varmı?
- Əlbəttə, var. Lakin sentyabrdan təqdim edəcəyik. Çünki məlum məsələdir ki, tətil başlayır və heç kəs televizora baxmır. Onsuz da indi elə bir vəziyyətə gəlib çıxmışıq ki, televiziyalara təlabat çox aşağı səviyyədədir. Hazırda sosial media bütün sahələrdən irəlidədir. Bizim layihələrimiz də tək televiziyada deyil, yutubda da yayımlanacaq. İşləyirik, çalışırıq, görək necə olacaq. Güman ki, yeni layihəmiz “Metaflix” platformasında yayımlanacaq. Orxan Mərdan və Azər Aydəmirlə birlikdə çalışırıq. Əslində komediyadır, amma dramaturji xətti də güclüdür. Bir az maliyə məsələləri qalıb, digər məsələlər qaydasındadır.
- Bəs maliyyə problemlərini necə həll etməyi düşünürsünüz?
- Əslində böyük gözləntilərim yoxdur. Biz 12 il yarım “Qız atası” serialını çəkmişik. Ən böyük büdcəli serial idi. Aylıq gəliri 30 mindən çox olurdu. Bir yandan fəxr edirəm, bir yandan da üzülürəm ki, indi eynisini edə bilmirik. Televiziyalara baxış da azalıb deyə, sponsorlar da geri çəkilib. Ona görə də maliyyə ilə bağlı problemlər var. Çünki hazırda insanlar hər şeyi telefonlardan izləyir. Bir sıra sosial verilişlər də bağlandı deyə, televiziyalar öz aktuallığını itirdi.
- Bu verilişlərin bağlanmasına münasibətiniz necədir?
- Bir barmaqda problem varsa, onu müalicə etməyin tərəfdarıyam, kəsib atmağın yox. Sərt qaydalar qoymaq olardı... Çünki eyni məzmunlu başqa verilişlər də var ki, bağlanmayıb. Yenə də dərinlikləri bilmirəm. Böyük sayda tamaşaçı itirdik. Xüsusilə yaşlı nəsli. Onlar da “TikTok”a axın etdilər və tez zamanda öyrəndilər. İtirən televiziyalar oldu. Həm maddi, həm də mənəvi baxımdan.
- Həmişə maliyyə məsələlərindən gileylənirsiniz. Sonra da deyirlər ki qərbi azərbaycanlılar pullu olur...
- Bizdə dar günü düşünmək məsələsi var. Çünki biz uzun müddət çətin vəziyyətdə qalmışıq. Kütlə təkləndiyi üçün birlik yaranıb. Bu səbəblə də hər zaman dar günümüzü düşünmüşük və yığmağa çalışmışıq. Yəni ən pis halda belə vəziyyətdən çıxmağı bacarırıq. Şükür, ailəni dolandıra bilirik, amma böyük heyətlə birlikdə çalışırıq. Onların maaşlarını vermək var. Şikayətimiz bu tərəfdəndir. Heç kəsə demirik ki, gəlin ailəmizi dolandırın. Layihələrdə sponsorlar olmasa, maaş məsələlərini həll edə bilmərik.
- Sponsorlar bəs normal vəsait ayırırmı sizə? Yoxsa, o da qane etmir?
- Sponsorlar daha çox sosial mediaya vəsait ayırırlar. Bu dəqiqə bloger və influnserlərin gəliri daha böyükdür, çünki izləyici sayları da çoxdur. Televiziyalarda vəziyyət ürəkaçan deyil. Çünki reklamçının əsas maraqlandığı məsələ videoçarxının baxış sayıdır.
- Bəs özünüz sosial mediada aktivsiniz? Reklamlardan gəlir götürə bilirsinizmi?
- Yox, istifadə edə bilmirəm. Səhifəmi belə dostum idarə edir. Heç şifrəsini də bilmirəm, amma reklam çarxları çəkirik.
- Elməddin bəy, ümumiyyətlə komediya sahəsində vəziyyət necədir? Özünü iddialı hesab edən komediyaçılar tamaşaçının üzünü güldürə bilirmi?
- Bir ara bu janrda filmlər çox çəkilirdi. Reytinq də var idi. Hətta o qədər dedilər ki, niyə bu qədər komediya filmləri çəkilir? Deyə-deyə qurutdular. Pandemiyadan sonra isə vəziyyət heç ürəkaçan olmadı. Həmin dövrdə ziyana düşməyən olmadı. Hətta sahənin 70 faizi müflis oldu. Aradan uzun müddət keçsə də, hələ də geridönüş yoxdur.
- Bəs sizcə, xalqımızı nə güldürür? Yəni indi tamaşaçını güldürmək əvvəlki illərlə müqayisədə asandır, ya çətin?
- Əslində bizim xalqımız gördüyü şeylərə gülür. Real bir hadisə onlara daha gülməli gəlir, nəyinki xəyali obrazlar. Bir sözlə, tamaşaçı baxdığı şeydə özünü ya da hansısa bir yaxınını görəndə zövq alır. Necə deyərlər, bizdə nağıl qutarıb. Real olmayan şeylərə gülə bilmirik.
- Absurd komediya necə? Gülə bilirik ona?
- Məncə, yox. Absurd komediya da bizdə işləmir. Amma türklərdə çox məşhurdur. Məsələn, türklərin “Gibi” serialı çox populyardır. Xeyli də baxış sayı var. Serialda 2 və ya 4 nəfərin eyni evdə 10 illik söhbəti var. Bizdə buna uzağı 10 dəqiqə tab gətirəcəklər. Çünki bu janr da hər adama çatmır. Çünki bizdə bir ara cəhd etdik, amma alınmadı. Gördük ki, tamaşaçıda gülüşdən çox sual yaradırıq. Ona görə də bağladıq.
- Tərk etdiyiniz məclis olubmu? Yəni elə olub ki, komediya aktyoru kimi getdiyiniz yerdə xoş münasibətlə qarşılanmamısız?
- Ümumiyyətlə, 16-17 ildir ki, içki olan məclislərə qatılmıram. Tamada kimi ümumiyyətlə getmirəm. Dost məclisində də içki olacağını bilmədən iştirak edirəmsə, 5-10 dəqiqə oturub çıxıram. Onlara da hörmətlə yanaşıram, hərənin bir istəyi var.
- Niyə içki olan məclisdə iştirak etmirsiniz? Sizi nə narahat edir?
- Özüm içki içmirəm. Tamada kimi də onları içməməyə vadar edə bilmərəm. 45 yaşım var hələ də spirtin dadını bilmirəm. Qardaşlarım da, mən də içki içən deyilik.
- Ailədə neçə uşaqsız?
- 3 qardaşıq, bir bacı.
- Onlar da Bakıda yaşayır?
- Yox. Tək mənəm burda olan. Ailəm Gəncədə yaşayır. Mən 2002-ci ildə Bakıya köçmüşəm. Böyük qardaşım atamla birlikdə yaşayır. Kiçik qardaşım da onlardan bir az uzaqda.
- Kəramət Böyükçöl tez-tez sosial media hesabında sizinlə bağlı paylaşım edir. Zarafatları xətrinizə dəymir?
- Kəramətlə tez-tez görüşürəm. Elə zarafatları var ki, çox xoşuma gəlir. Yaxşı tənqid etməyi bacarır. Bəzi zarafatlarını da Kəramətdir də deyib keçirəm. Onda şeytan tükü var. Bir də görürsən deyir ki, çoxdandır şəkil çəkdirmirik, iki qardaş şəkil çəkdirək. Başımı bişirir, sonra da baxıram ki, feysbukda paylaşıb. Amma heç vaxt zəng edib zarafatlarına görə heç nə deməmişəm. Şükür, heç bir kompleksim yoxdur. Zarafatın nə olduğunu başa düşürəm. Amma təbii ki, hər şeyin də bir həddi var.
- Bəs özünüzlə bağlı sevmədiyiniz hansısa zarafat var?
- Yox. Zarafatın nə olduğunun fərqindəyəm. Amma tanımadığım adamlar zarafat edəndə qəribə oluram ki, hansı ara bu həddə çatdıq?
- Gənc komediyaçılardan kimləri tanıyırsız? Sizcə, bacarırlarmı?
- Çoxunu tanıyıram. Yaxşı aktyorlar var. Alim Cəfərovu bəyənirəm. Sayları çoxdur, amma içərilərində 5-6 normal komediyaçı var. Düşünürəm ki, ələnməlidirlər.
- Bizdə komediya deyiləndə ağlımıza ilk gələn “Bu Şəhərdə” və “Planet Parni iz Baku” KVN komandasıdır. Niyə başqa alternativimiz yoxdur?
- Bizim heç birimiz əbədi deyilik. Yeni nəsil gəlir. Hər kəs də onları sevəcək. Bizim adımız çəkiləndə deyəcəklər ki, eşitmişik. Mənim öz oğlanlarım belə Yaşar Nurini, Arif Quliyevi tanımır. Biz də unudulub gedəcəyik. Hər dövrün öz tanınmış simaları olacaq. İndiki nəsil onların çoxu haqqında heç nə bilmir. İndikilər ancaq sosial mediada gördüklərini tanıyırlar.

- Siz özünüz də bir müddət “Planet Parni iz Baku” KVN teatrı ilə işləmisiniz. Sizcə, Tahir İmanov son günlər niyə belə aqressivdir?
- Allah Cabir İmanova rəhmət eləsin. Tahir İmanov çox nizam-intizamlı insandır. İşinə ciddi yanaşılmasını sevir. Niyyəti əslində pis deyil. Sadəcə dediklərini acı formada çatdırır. Bir qrup insan onun dini inancını sorğuladı. Mənə görə bu, sorğu məsələsinə çevrilməməlidir, anlayışlı olmaq lazımdır. Hadisəyə ölü yiyəsi tərəfindən baxmağı bacarmalıyıq.
- Elməddin bəy, illərdir fəaliyyətdəsiniz, amma fəxri adınız yoxdur...
- Böyük ehtimal ki, heç vaxt da olmayacaq. Çünki mən dövlət qurumları ilə çalışmamışam. Hər dəfə mədəniyyət naziri dəyişəndə bildirirlər ki, yaxşı olacaq, hələ də bir şey yoxdur ortada. İnanmıram nəsə olsun. Əslində elə bir böyük adam da deyiləm. Olsa belə, valideynlərim sağ ikən istəyirəm. Olar öləndən sonra 50 ad versələr də, lazım deyil.
- Ailəniz dəstəkləyib deyəsən aktyor olmağınızı...
- Əslində polis olmağımı istəyirdilər, amma ola bilməzdim. Çünki ruhən komediyaya yaxınam. Ciddi obrazda olmaq istəməzdim.
- Sizi daha çox Taleh obrazıyla tanıyırıq. Aktyorun bir obrazla tanınması onun yaradıcılığına mənfi təsir edə bilərmi?
- Mənə problem yaratmayıb. Dünyada çoxlu sayda aktyor var ki, bir obrazla tanınıblar. Mənim də ən çox tanındığım obraz Taleh oldu. Əslində Taleh mənfi obraz idi, amma xalqa özünü sevdirə bilmişdi.
- Müsahibələrinizdən birində demisiniz ki, “İnsan kişidirsə kişi, qadındırsa qadın olmalıdır”. Bu fikirləriniz cəmiyyətdə birmənalı qarşılanmadı? Ümumiyyətlə transseksuallarla bağlı düşüncələriniz necədir?
- İnsanda bu problem doğuşdan varsa, heç nə deyə bilmərəm. Çünki məsələnin kökü tibbə dayanır. Digər halda isə pis baxıram. Yəni cinsiyyətini dəyişdirənlərə münasibətim pisdir. Onlar da mənə pis baxsınlar. “TikTok”da canlı açıb milyonlarla pul yığırlar. Bu davranışla da gənc nəslə pis örnək olurlar. Xəcalət çəksinlər və belə şeylər paylaşmasınlar. İnsanlar arasında asan həyatı təbliğ edirlər. Biri çıxır deyir ki, filan şeyi etdim maşın aldım. Niyə xanımlarımızın beynini belə şeylərlə doldurursunuz? Bir sözlə cəmiyyətin beynini pozurlar.
- Bəs gender bərabərliyi?
- Onu da normal qarşılamıram. Bizim yaradılışımız fərqlidir. “Titanik” batanda gender bərabərliyini gözləyən oldu? Əzizim, nə gender bərabərliyi? Qadın hər zaman kişidən üstündür, onu dünyaya gətirən varlıqdır. Qadın incədir, onu başımızın üstündə saxlamalıyıq. Qadının gedib kişi ilə bərabər daş karxanasında işləməyinə ehtiyac yoxdur. Məsələyə real baxmaq lazımdır. Onlar bizim baş tacımızdır. Qadınlar mühafizəkar kişidən bezir. Amma dərk etmirlər ki, onsuz da bizi idarə edən onlardır.
Aydan Hacı
Telegram kanalımız