AZ

Zahid Oruc: işğal və köçkünlük dövrü başa çatır

Müzakirəyə çıxarılan qanun layihəsi Vətən müharibəsində qazanılan qələbənin hüquqi nəticəsidir və məcburi köçkünlərin hüquqlarının tam bərpasına xidmət edir. Bunu Milli Məclisdə çıxış edən deputat Zahid Oruc bildirib.

Deputatın sözlərinə görə, müstəqillik dövründə qəbul edilən qaçqın və məcburi köçkünlərlə bağlı qanunvericilik aktları artıq tarixə qovuşur və onların yerini Böyük Qayıdış siyasətinin yeni hüquqi əsasları tutur.

“Bu qanun məğlubiyyət, işğal və köçkünlük dövrünün başa çatdığını, qalib Azərbaycanın yeni mərhələyə qədəm qoyduğunu göstərir”, - Zahid Oruc vurğulayıb.

O qeyd edib ki, dövlət məcburi köçkün statusunu ləğv etmir, əksinə, vətəndaşları doğma yurdlarının və evlərinin tam hüquqlu sahibinə çevirir.

Deputat bildirib ki, yeni qanunvericiliklə məcburi köçkünlərin müvəqqəti məskunlaşma statusundan daimi mülkiyyət hüququna keçidi təmin edilir. Bunun üçün “İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşdırma Fondu” yaradılır və vətəndaşlara verilən yaşayış sahələri daimi hüquqi status qazanır.

Zahid Orucun sözlərinə görə, qanun layihəsi üç əsas məsələnin həllini nəzərdə tutur:

vətəndaşların mülkiyyət hüququnun tam bərpasını;
qayıdışın daimi və dayanıqlı xarakter daşımasını;
məcburi köçkün statusu başa çatdıqdan sonra da sosial müdafiə tədbirlərinin üç il müddətində davam etdirilməsini.

Deputat həmçinin Böyük Qayıdış prosesinin ümummilli hadisə kimi rəsmiləşdirilməsini təklif edib. Onun fikrincə, işğaldan azad edilmiş ərazilərə köç mərasimləri dövlət səviyyəsində xüsusi təntənə ilə keçirilməli, hətta bu prosesin ayrıca himni və protokolu hazırlanmalıdır.

Gülnar Nazimqızı 

Seçilən
7
1
anews.az

2Mənbələr