AZ

Federasiya rəhbəri Bakıdan Hindistanın repressiya siyasəti ilə bağlı beynəlxalq ictimaiyyətə müraciət etdi

Federasiya
“Transmilli repressiyalar davam edərsə, bu proses Hindistanın parçalanması və müstəqil Xalistan dövlətinin yaranması ilə nəticələnə bilər”. 1news.az xəbər verir ki, bu fikirləri Böyük Britaniya Siqh Federasiyasının icraçı direktoru Dabindercit Sinqh Sidhu Amritsar hadisələrinə həsr olunmuş beynəlxalq konfransda çıxışı zamanı səsləndirib.
Sidhu qeyd edib ki, siqhlərə qarşı transmilli repressiyaların ilk rəsmi nümunəsi 1971-ci ildə Böyük Britaniyada müstəqil Xalistan ideyasının gündəmə gəlməsi ilə müşahidə olunub. Onun sözlərinə görə, əsas dönüş nöqtəsi isə 1984-cü ilin iyununda Amritsarda baş verən hadisələr olub. O iddia edib ki, həmin hadisələrdən sonra Hindistan hökuməti xaricdə yaşayan siqh diasporuna nəzarəti gücləndirmək məqsədilə Böyük Britaniya, Kanada və ABŞ-da geniş kəşfiyyat fəaliyyəti həyata keçirib: “Siqhlərin ibadət yerləri olan qurdvaralarda məlumatlar toplanıb, fəal şəxslər müəyyən edilib. Təkcə Britaniyada on minlərlə siqhin adı siyahılara salınıb. Bu siyahılar səbəbindən bəzi icma üzvləri illərlə ölkələrinə gedə bilmir, yaxınlarını görə bilmir, hətta valideynlərinin dəfnində iştirak edə bilmirlər”. Sidhu Britaniya hökumətinin məxfiliyi ləğv olunmuş sənədlərinə istinad edərək bildirib ki, rəsmi Dehli siqh icmasının səsinin boğulması üçün Qərb ölkələrinə, o cümlədən BBC və ITV kimi media qurumlarına təzyiqlər göstərib.
O həmçinin son illərdə vəziyyətin daha da gərginləşdiyini deyərək Kanadada Hardeep Singh Nijjarın qətlini və ABŞ-da Gurpatwant Singh Pannun-a qarşı sui-qəsd cəhdini xatırladıb.  Onun sözlərinə görə, “The Delhi Directive” kitabında Hindistan kəşfiyyatının xaricdə 67 qətl həyata keçirdiyi iddia olunur. Çıxışının sonunda Sidhu beynəlxalq ictimaiyyəti bu məsələyə laqeyd qalmamağa çağırıb və belə halların Hindistanın parçalanması ilə nəticələnə biləcəyini bildirib.
O deyib: “Vaxtilə SSRİ də parçalandı və onun yerində Azərbaycan da daxil olmaqla 15 müstəqil dövlət yarandı. Eyni prosesin gələcəkdə Hindistanda da baş verəcəyini düşünürük. Bu proses nəticəsində müstəqil siqh dövləti – Xalistanın yaranması mümkündür”.

Sidhu əlavə edib ki, əgər beynəlxalq ictimaiyyət bu cür hallara reaksiya verməzsə, bu, digər ölkələrdə də siyasi rəqiblərə qarşı zorakılığın cəzasız qalmasına şərait yarada bilər.

Seçilən
16
1news.az

1Mənbələr