AZ

“Trampın Şurası” niyə İFLİC oldu?

Bu ilin yanvarında ABŞ prezidenti Donald Trampın təşəbbüsü kimi təqdim edilən və münaqişələrin həllinə milyardlarla dollar yönəltməyi hədəfləyən “Sülh Şurası”nın fəaliyyətsiz qalması diqqət çəkməkdədir. Kağız üzərində böyük sülh planları, beynəlxalq sabitlik və yeni diplomatik mexanizmlər vəd olunsa da, zaman keçdikcə bu strukturun nə real maliyyə dayağı, nə də işlək institusional mexanizmi olduğu aydınlaşdı.

Əslində “Sülh Şurası”nın uğursuzluğu təkcə maliyyə və idarəetmə problemləri ilə izah olunmur. Bu model qlobal güc balansında maraqların toqquşduğu, hər bir böyük aktorun sülhü daha çox siyasi alət kimi gördüyü bir sistemdə dayanıqlı mexanizm kimi formalaşa bilmədi. Nəticədə, böyük ideyalarla elan edilən layihə qısa müddətdə həm beynəlxalq etimad, həm də praktiki effektivlik baxımından suallar doğurmağa başladı.

Sülh adı altında təqdim olunan bu cür şuralar real sabitlik yaradır, yoxsa sadəcə tarix olur?

Siyasi təhlilçi Sona Əliyeva Musavat.com-da hələ də bu şuranın işləmə mexanizmlərinin müəyyən olunmadığını önə çəkdi: “Tramp administrasiyasının böyük hay-küylə elan etdiyi 17 milyard dollarlıq “Sülh Şurası” layihəsi ilk günlərdə böyük diplomatik uğur kimi təqdim olunurdu. Davosda imzalar atıldı, Vaşinqtonda toplantı keçirildi, milyardlarla dollarlıq vədlər səsləndirildi. Amma bu gün görünən odur ki, bu bər-bəzəkli təqdimatın real işləmə mexanizmi hələ də yoxdur. Çünki, real hərbi-coğrafi reallıqları dəqiq proqnozlaşdırmadan elan olunan siyasi ambisiyalar və PR kampaniyalar faktiki olaraq bu təşəbbüsü iflic vəziyyyətə saldı. Həmçinin onu da qeyd etmək lazımdır ki, “Sülh Şurası”nın yaradılması iqtisadi və ya humanitar layihədən daha çox, konkret tərəflərin siyasi divident qazanmaq ssenarisi idi. Hər zamankı kimi, Donald Tramp administrasiyası mürəkkəb qlobal münaqişələri "biznes layihəsi" kimi həll edə bildiyini nümayiş etdirmək istəyirdi. Böyük rəqəmlərin səsləndirilməsi və Dünya Bankının adının hallanması isə layihəyə süni ciddilik qazandırmaq məqsədi daşıyırdı. Tramp administrasiyası həmçinin bütün dünyaya geniş koalisiya illuziyası təqdim etməyi planlaşdırırdı. ABŞ həm ərəb dövlətlərini (Səudiyyə Ərəbistanı, BƏƏ, Qətər), həm Avrasiya oyunçularını (Azərbaycan, Qazaxıstan), həm də dondurulmuş aktivlər bəhanəsi ilə Rusiyanı eyni masaya toplamaqla qlobal konsensus görüntüsü yaratmağa çalışırdı. Tərəfdaş ölkələr isə Qəzzanın bərpasında iştirak adı altında gələcəkdə regionun logistik, ticari və siyasi idarəçiliyində söz sahibi olmaq üçün bu klubda yer almağa can atırdılar. Yəni, bu təşəbbüs əvvəlindən daha çox siyasi kapital üçün nəzərdə tutulmuşdu. Tramp atəşkəsi özünün böyük diplomatik qələbəsi kimi göstərmək istəyirdi. "Sülh Şurası" da həmin qələbəyə beynəlxalq forma verməli idi. Amma atılmış imzaların arxasında təhlükəsizlik, hüquqi baza, pulların şəffaf idarə olunması və real regional razılıq olmalıdır. Bu elementlər təmin olunmadığı üçün Şura hələ ki, kağız üzərində qalıb. Çünki hələ də, Qəzzada təhlükəsizlik modeli qurulmayıb, HƏMAS silahsızlaşdırılmayıb. İsrail ərazidə hərbi nəzarəti saxlamaqda davam edir və ərazinin statusu qeyri-müəyyəndir. Belə olduğu halda, şura üzvlərinin investitsiya qoymaqda maraqlı olmadığı anlaşılandır”.


post-img

Siyasi təhlilçi Sülh Şurası ilə bağlı rəsmi Bakının mövqeyini bir daha xatırlatdı:

“Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyevin "maliyyə layihəsində iştirakımız nəzərdə tutulmayıb, gələcəkdə bəzi investisiya layihələrinə baxa bilərik" açıqlaması, rəsmi Bakının yüksək diplomatik praqmatizmini göstərir. Bakı Şuraya üzv olmaqla ABŞ və Qərbə "biz sülh prosesini dəstəkləyirik" mesajı verərək siyasi xal qazandı, lakin maliyyə öhdəliyinə girmədi. Çünki Azərbaycan öz vəsaitlərini hazırda Qarabağın bərpasına yönəldib və perspektivi dumanlı olan geosiyasi avantüralarda maliyyə donoru olmaq niyyətində deyil. Hər bir halda bu cür ciddi təşəbbüslərin birdən-birə ləğv olunması mümkün deyil. Təşkilat tamamilə ləğv edilməyəcək, çünki bu, həm də, Tramp administrasiyasının xarici siyasətinin rəsmi iflası mənasına gələrdi. Odur ki, "Sülh Şurası" böyük ehtimalla yaxın dövrlərdə rəsmi olaraq qalacaq, amma ciddi bərpa və idarəetmə mərkəzinə çevrilməyəcək, fəaliyyəti isə məhdud və simvolik olacaq. Yəni, Şura, Qəzzada İsrail-HƏMAS müharibəsi tam bitənə, regionun statusu tərəflər və beynəlxalq oyunçular, xüsusilə də İran və digər regional proksilər tərəfindən qəbul edilənə qədər kağız üzərində "dondurulmuş" vəziyyətdə saxlanılacaq. 17 milyard dollar isə yalnız Qəzzada yeni siyasi reallıq yaranarsa və İsrail ərazini tam tərk edərsə, yenidən müzakirə mövzusu ola bilər. O zamana qədər isə bu şura sadəcə diplomatik ritorikadan ibarətdir”.

Cavanşir ABBASLI
Musavat.com

Seçilən
31
musavat.com

1Mənbələr