AZ

ABŞ-nin yeni səfir seçimi Bakı-Vaşinqton münasibətlərini dəyişə bilər

ABŞ Prezidenti Donald Trampın ölkəsinin Azərbaycandakı səfiri vəzifəsinə Aleksandr Oldenin namizədliyini irəli sürməsi ekspertlər tərəfindən Bakı-Vaşinqton münasibətləri baxımından diqqətçəkən hadisə kimi qiymətləndirilir.

News365.az-a danışan politoloq Turan Rzayev bildirib ki, ABŞ-Azərbaycan münasibətlərində səfir təyinatları hər zaman xüsusi maraq doğurub və bu proses zaman-zaman siyasi mübahisələrlə müşayiət olunub.

Politoloqun sözlərinə görə, ABŞ uzun müddət Azərbaycana səfir təyin etmədiyindən bu məsələ ikitərəfli münasibətlərdə diqqət mərkəzində olub. O xatırladıb ki, keçmiş səfir Mark Libbinin təyinatı da müxtəlif səbəblərdən gecikmişdi:

“Keçmiş prezident Co Bayden Mark Libbinin namizədliyini irəli sürsə də, həmin dövrdə Senatın Xarici Əlaqələr Komitəsinin sədri Bob Menendez bu prosesə mane olurdu. Menendezin erməni diasporu ilə yaxın əlaqələri və Azərbaycana münasibəti bu gecikmənin əsas səbəblərindən biri kimi qiymətləndirilirdi”.

Rzayev qeyd edib ki, sonradan korrupsiya və rüşvət ittihamları ilə üzləşən Bob Menendez həm komitə sədrliyindən, həm də senator vəzifəsindən ayrılıb.

Politoloqun fikrincə, Mark Libbinin Azərbaycandakı fəaliyyəti də gözlənilən nəticələri verməyib:

“Rəsmi səbəb kimi səhhətində yaranan problemlər göstərilsə də, onun fəaliyyəti dövründə media azadlığı, vətəndaş cəmiyyəti və regional məsələlərlə bağlı açıqlamaları səbəbindən Bakı ilə müəyyən fikir ayrılıqları yaranmışdı. Məncə, Mark Libbi Vaşinqton üçün uğurlu seçim olmadı”.

Ekspert hesab edir ki, məhz buna görə ABŞ administrasiyası yeni səfir namizədinin seçiminə daha həssas yanaşıb.

Onun sözlərinə görə, Aleksandr Olden diplomatiya və beynəlxalq təhlükəsizlik sahəsində geniş təcrübəyə malik şəxsdir:

“Olden Donald Trampın ilk prezidentliyi dövründə Dövlət Departamenti, Milli Təhlükəsizlik Şurası və Pentaqonda müxtəlif vəzifələrdə çalışıb. Daha sonra ‘Palantir Technologies’ şirkətində baş məsləhətçi, həmçinin ‘Atlantic Council’ analitik mərkəzində fəaliyyət göstərib”.

Turan Rzayev xüsusilə Oldenin “Atlantic Council”də çalışmasını diqqətçəkən məqam kimi qiymətləndirib:

“Bu mərkəz NATO məkanı, Avropa, Qara dəniz hövzəsi, Cənubi Qafqaz, enerji təhlükəsizliyi və qlobal təhlükəsizlik məsələləri üzrə ciddi araşdırmalar aparan nüfuzlu qurumlardan biridir. Burada fəaliyyət göstərən bir çox ekspert sonradan ABŞ administrasiyasında yüksək vəzifələr tutur”.

Politoloq vurğulayıb ki, Azərbaycanın da bu analitik mərkəzlə uzun illərə söykənən əlaqələri mövcuddur və qurumun Avrasiya proqramlarında Cənubi Qafqaz, enerji marşrutları və Azərbaycanla bağlı məsələlər mütəmadi müzakirə olunur.

Rzayev hesab edir ki, Aleksandr Oldenin namizədliyi Senatda təsdiqlənərsə, bu, Bakı-Vaşinqton münasibətlərinə müsbət təsir göstərə bilər:

“Vaşinqtonun Cənubi Qafqaza, xüsusilə Azərbaycana marağı artır. Donald Tramp da Azərbaycan Prezidenti ilə təmaslarında hər zaman müsbət mesajlar verib. Bu baxımdan yeni səfir təyinatı ABŞ-nin Azərbaycanla münasibətləri inkişaf etdirmək niyyətinin göstəricisi kimi qiymətləndirilə bilər”.

Politoloq əlavə edib ki, rəsmi Bakı bu təyinata etiraz etməyəcək, lakin yeni səfirin fəaliyyətini diqqətlə izləyəcək.

Seçilən
31
news365.az

1Mənbələr