AZ

İİB Qrupunun 51-ci İllik Toplantıları çərçivəsində Özəl Sektor Forumu təşkil olunacaq

Bu ilin 16-19 iyun tarixlərində Bakıda keçiriləcək İslam İnkişaf Bankı (İİB) Qrupunun 51-ci İllik Toplantıları çərçivəsində Özəl Sektor Forumu (“PSF 2026”) baş tutacaq.

İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) məlumatına görə, tədbir İİB Qrupuna daxil olan İnvestisiyaların və İxrac Kreditlərinin Sığortalanması üzrə İslam Korporasiyası (ICIEC), Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası (ICD) və Ticarətin Maliyyələşdirilməsi üzrə Beynəlxalq İslam Korporasiyası (ITFC) tərəfindən AZPROMO və İİB Qrupunun Biznes Forumu (THIQAH) ilə əməkdaşlıq çərçivəsində təşkil olunacaq.

Forum çərçivəsində İİB Qrupunun üzv ölkələr üzrə fəaliyyəti, xidmətləri və təşəbbüsləri, həmçinin Azərbaycanda özəl sektor investisiyalarının və ticarətin təşviqi alətləri təqdim olunacaq. Tədbirdə startaplar arasında müsabiqə keçiriləcək, fərqlənən şirkətlərə mükafatlar təqdim olunacaq. Forumda həmçinin B2B və B2G görüşlər təşkil ediləcək.

“PSF 2026”da İİB Qrupunun üzv ölkələr üzrə rəhbərləri, dövlət rəsmiləri, beynəlxalq şirkətlərin rəhbərləri, investorlar, ticarət və sənaye palataları, ixracın və investisiyaların təşviqi agentlikləri, o cümlədən beynəlxalq maliyyə institutlarının nümayəndələrinin iştirakı nəzərdə tutulub.

Azərbaycan sahibkarları Özəl Sektor Forumunda iştirak etməyə dəvət olunurlar.

Seçilən
21
vergiler.az

1Mənbələr