Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Ermənistanın baş naziri Nikol Paşinyan arasında baş tutan telefon danışığı İrəvanda siyasi müzakirələrə səbəb olub.
Musavat.com xəbər verir ki, erməni tarixçi və türkoloq Varujan Geqamyan bu təması hakimiyyətə verilən siyasi dəstək siqnalı kimi qiymətləndirib.
Geqamyanın fikrincə, parlament seçkilərinə sayılı günlər qalmış Türkiyə lideri ilə telefon danışığının baş tutması və bunun ictimailəşdirilməsi diplomatik dillə Ermənistanın mövcud hakimiyyətinə mesaj kimi qəbul edilə bilər.
Onun sözlərinə görə, seçkilərə dörd gün qalmış belə bir təmas təsadüfi görünmür və bu, dolayısı ilə Paşinyan hakimiyyətinə siyasi dəstək jesti kimi şərh edilə bilər.
Qeyd edək ki, Türkiyə və Ermənistan arasında son dövrlər münasibətlərin normallaşması istiqamətində müəyyən təmaslar müşahidə olunur. Tərəflər arasında birbaşa dialoq, sərhədlərin açılması perspektivi və regional əməkdaşlıq imkanları müzakirə mövzularından biri olaraq qalır. Ermənistanda isə bu prosesə münasibət birmənalı deyil. Hakimiyyət normallaşmanı regional sabitlik və iqtisadi imkanlar baxımından vacib saydığı halda, kremlpərəst müxalif və revanşist çevrələr Türkiyə ilə yaxınlaşmaya tənqidi yanaşır.
Musavat.com