AZ

Özbəkistanda 4 min illik əməliyyat izləri olan uşaq kəlləsiTAPILDI

Özbəkistanın cənubunda aparılan arxeoloji qazıntılar zamanı təxminən 4 min il əvvəl həyata keçirilmiş cərrahi müdaxilənin izlərini daşıyan uşaq kəlləsi aşkar edilib.

Redaktor.az xəbər verir ki, bu barədə Arkeonews nəşri məlumat yayıb.

Məlumata görə, tapıntı Tunc dövrünə aid Oksus sivilizasiyasının ən böyük mərkəzlərindən biri hesab olunan qədim Carkutan yaşayış məskənində üzə çıxarılıb. Qəbirdə təxminən 3 və 5 yaşlarında olan iki uşağın qalıqları aşkarlanıb. Kəllə sümüyünün açılması əməliyyatının izləri isə yaşca böyük olan uşağın qalıqlarında müəyyən edilib.

Alimlər bildirirlər ki, trepanasiya adlanan bu əməliyyat insanlıq tarixinin ən qədim cərrahi müdaxilələrindən biri hesab olunur. Tarix boyu müxtəlif xalqlar bu üsuldan baş zədələri, epilepsiya, güclü baş ağrıları və digər xəstəliklərin müalicəsində istifadə ediblər. Bununla yanaşı, bəzi cəmiyyətlərdə əməliyyatın ritual məqsədlərlə həyata keçirildiyi də ehtimal olunur.

Tədqiqatçılar qeyd edirlər ki, tapıntının ən diqqətçəkən tərəfi əməliyyatın azyaşlı uşağa tətbiq edilməsidir. E.ə. III minilliyin sonlarına aid Mərkəzi Asiya ərazisində bu yaşda uşaqlarda belə mürəkkəb cərrahi müdaxilələrin aparılmasına dair sübutlara çox nadir hallarda rast gəlinir.

Mütəxəssislərin fikrincə, bu fakt Carkutan sakinlərinin anatomiya sahəsində müəyyən biliklərə malik olduqlarını və mürəkkəb əməliyyatları həyata keçirə bildiklərini göstərir.

Hələlik uşağa niyə trepanasiya əməliyyatı edildiyi məlum deyil. Alimlər mümkün səbəblər arasında baş travması, nevroloji xəstəlik və ya dini-ritual praktikaları göstərirlər. Bu suala dəqiq cavabın qalıqlar üzərində aparılacaq əlavə araşdırmalardan sonra məlum olacağı bildirilir.

NURİYYƏ

Seçilən
31
1
redaktor.az

2Mənbələr