Azərbaycanın damüstü enerji potensialı fərdi ev təsərrüfatlarının təkbaşına aça biləcəyindən qat-qat böyükdür.
SİA xəbər verir ki, bunu Energetika Nazirliyi yanında Enerji Məsələlərini Tənzimləmə Agentliyinin (AERA) Enerji Sektorunun Liberallaşdırılması şöbəsinin rəhbəri Elmar Gülalıyev Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi çərçivəsində keçirilən panel müzakirələrində bildirib.
Onun sözlərinə görə, ənənəvi olaraq, damüstü günəş enerjisindən danışarkən ev sahiblərinin damlarına günəş sistemləri quraşdırması düşünülür: "Lakin qlobal miqyasda bir biznes model mövcuddur. Burada şirkətlər kommersiya binalarından, ticarət mərkəzlərindən, sənaye obyektlərindən və yaşayış komplekslərindən dam sahələrini icarəyə götürməkdə ixtisaslaşırlar. Sonra onlar yüz minlərlə damüstü panellərinin quraşdırmasını birləşdirir və onları vahid damüstü elektrik stansiyası kimi idarə edirlər".
O qeyd edib ki, bu yanaşma ilə eyni vaxtda bir sıra üstünlüklər əldə edilir: "Birincisi odur ki, bu, ev sahibinin üzərindən ilkin investisiya yükünü götürür. Bu o deməkdir ki, ev sahibi endirimli elektrik enerjisi müqabilində icarə gəliri əldə edir, investor isə sistemin maliyyələşdirilməsi və istismarını öz üzərinə götürür. İkinci üstünlük ondan ibarətdir ki, birləşdirmə miqyas iqtisadiyyatı yaradır, yəni yüzlərlə quraşdırmadan ibarət portfel tək bir fərdi quraşdırmaya nisbətən daha effektiv idarə oluna bilər. Üçüncü üstünlük ondan ibarətdir ki, birləşdirilmiş damüstü günəş enerjisi enerji sisteminin özü üçün dəyərli bir resursa çevrilə bilər".
E.Gülalıyev bildirib ki, rəqəmsal monitorinq, ağıllı çeviricilər və nəhayət, batareya ilə enerji saxlama ilə birləşdirildikdə, paylanmış aktivlər şəbəkəyə ənənəvi olaraq yalnız böyük elektrik stansiyaları tərəfindən təklif edilə bilən xidmətlər göstərə bilər: "Tənzimləyici üçün bu, yeni bazar iştirakçılarını və innovativ biznes modellərini tanıyan bir çərçivə yaratmaq deməkdir. Paylama sistemi operatorları üçün isə bu, səmərəli və şəffaf qoşulma prosedurları yaratmaq, eyni zamanda paylama şəbəkəsinin artan paylanmış bərpa olunan enerji güclərini qəbul etməsinə imkan vermək deməkdir".
AERA rəsmisi vurğulayıb ki, əsas məqsəd yalnız daha çox damüstü günəş enerjisi qurğuları yaratmaq deyil, investorların, istehlakçıların, paylama şirkətlərinin və tənzimləyicilərin hamısının faydalana biləcəyi bir ekosistem yaratmaqdır: "Əgər biz buna nail olsaq, dam üstü günəş enerjisi yalnız təmiz enerji mənbəyi olmayacaq, həm də daha dayanıqlı, rəqəmsallaşdırılmış və istehlakçı yönümlü enerji sisteminin əsas komponentinə çevriləcək".