"Qlobal iqlim dəyişiklikləri dedikdə, demək olar ki, bütün dünyaya təsir göstərən və bəşəriyyətin hiss etdiyi dəyişikliklər nəzərdə tutulur. Bu dəyişikliklər hazırda özünü əsasən havanın orta temperaturunun artması ilə göstərir. Onun fəsadları isə quraqlıqlar, anomal yağıntılar, müxtəlif təbiət kataklizmləri, dünya okeanının səviyyəsinin yüksəlməsi, qütb buzlaqlarının, o cümlədən Qrinlandiya, Arktika və Antarktika buzlaqlarının əriməsi kimi hallarla müşahidə olunur".
Bu sözləri SİA-ya açıqlamasında ekoloq Qorxmaz İbrahimli deyib.

O bildirib ki, bütün bunlar qlobal iqlim dəyişikliklərinin əsas göstəriciləridir və şübhəsiz ki, Azərbaycan təkbaşına bu prosesin qarşısını almaq gücündə deyil: "Əslində, heç bir dövlət ayrı-ayrılıqda bu problemi həll edə bilməz. Lakin qlobal güclər, beynəlxalq təşkilatlar, xüsusilə də Birləşmiş Millətlər Təşkilatı və digər beynəlxalq qurumlar bu prosesin sürətinin azaldılması, təsirlərinin zəiflədilməsi və gələcəkdə dayandırılması istiqamətində mühüm rol oynaya bilərlər.
Təəssüf ki, müxtəlif dövlətlər bu məsələyə öz maraqları prizmasından yanaşırlar. Amerika Birləşmiş Ştatlarının, Çinin, Rusiyanın, Böyük Britaniyanın və digər ölkələrin fərqli maraqları mövcuddur. Buna görə də inkişaf etməkdə olan dövlətlər bu qlobal problemin qarşısının alınmasında təkbaşına yetərli imkanlara malik deyillər.
Bəs Azərbaycan nə edə bilər? Əlbəttə ki, ölkəmiz öz ekosistemini və yerli iqlim şəraitini qorumaq üçün mühüm addımlar ata bilər. Bunlara səhralaşmanın qarşısının alınması, yaşıllıq sahələrinin artırılması və yeni yaşıllaşdırma layihələrinin həyata keçirilməsi daxildir. Yaşıllıqlar yerli mikroiqlimin formalaşmasına və qorunmasına mühüm təsir göstərir.
Biz qlobal istiləşmənin qarşısını tam ala bilməsək də, onun təsirlərini gücləndirən amilləri azaltmağa çalışa bilərik. Məsələn, iri şəhərlərdə, xüsusilə Bakıda həddindən artıq betonlaşmanın qarşısının alınması vacibdir. Beton örtüklər istiliyi daha çox udur və saxlayır ki, bu da şəhər mühitində temperaturun yüksəlməsinə səbəb olur.
Bununla yanaşı, əhalinin maarifləndirilməsi, könüllülük fəaliyyətinin təşviqi, ətraf mühitə həssas münasibətin formalaşdırılması və ekoloji mədəniyyətin yüksəldilməsi istiqamətində işlər görülməlidir. Meşələrin qorunması, su ehtiyatlarından səmərəli istifadə olunması, su israfçılığının qarşısının alınması və daha az su tələb edən bitki növlərinin tətbiqi də mühüm əhəmiyyət daşıyır.
Bütün bu addımların həyata keçirilməsi nəticəsində öz ekosistemimizi qoruya, iqlim dəyişikliklərinin yerli təsirlərini müəyyən qədər azalda və gələcək nəsillər üçün daha sağlam ətraf mühit formalaşdıra bilərik".