
2026-cı ilin ilk dörd ayında Azərbaycana 658,5 min xarici vətəndaş səfər edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 10,5 faiz azalma deməkdir.
Bu barədə Milli Məclisin deputatı, iqtisadçı Vüqar Bayramov sosial şəbəkə hesabında paylaşım edib.
Deputat bildirib ki, turist sayındakı azalmanın həm obyektiv səbəbləri, həm də uzun müddətdir müşahidə olunan struktur amilləri var. Onun sözlərinə görə, Azərbaycana gələn turistlərin mənşə ölkələri üzrə bölgüsü ümumi göstəricilərə ciddi təsir göstərir.
V.Bayramov qeyd edib ki, hazırda ölkəyə gələn turistlərin təxminən yarısı iki ölkənin payına düşür. Belə ki, hesabat dövründə Azərbaycana gələn hər 100 turistdən 27-si Rusiya, 22-si isə Türkiyə vətəndaşı olub.
İqtisadçı deputatın sözlərinə görə, Hindistandan gələn turistlərin sayında kəskin azalma qeydə alınıb. Əgər ötən ilin ilk dörd ayında Azərbaycana gələn turistlərin 11 faizi Hindistanın payına düşürdüsə, bu il həmin göstərici 3 faizə qədər geriləyib. Bu isə gəlmə turizm bazarlarının şaxələndirilməsi və dayanıqlığının artırılmasının vacibliyini bir daha ortaya qoyur.
V.Bayramov regiondakı gərginliyin də turizm axınına təsir göstərdiyini vurğulayıb. Onun sözlərinə görə, İranla bağlı vəziyyət təkcə Azərbaycanda deyil, Gürcüstanda da turist sayında azalmaya səbəb olub. Belə ki, Gürcüstana İrandan gələn turistlərin sayı 49 faiz, Hindistandan gələn turistlərin sayı isə 29,5 faiz azalıb.
Deputat əlavə edib ki, hesabat dövründə Azərbaycana Avropa İttifaqı ölkələrindən gələnlərin sayı 17,1 faiz, MDB ölkələrindən gələnlərin sayı isə 3,5 faiz artsa da, Körfəz ölkələrindən gələn turistlərin sayı 27,8 faiz azalıb. Onun fikrincə, ərəb ölkələrindən gələn turistlərin sayının azalmasına regionda baş verən hadisələr də təsir göstərib.
Vüqar Bayramov hesab edir ki, turizm sektorunda struktur və institusional islahatların dərinləşdirilməsi vacibdir. O xatırladıb ki, turizm neft sektorundan sonra Azərbaycana ən çox valyuta gətirən sahələrdən biridir və pandemiyadan əvvəl illik turizm gəlirləri 2,7 milyard dollara yaxın olub.
Deputatın fikrincə, turizm infrastrukturunun daha da inkişaf etdirilməsi, xidmət keyfiyyətinin yüksəldilməsi və qiymətlərin optimallaşdırılması ölkəyə daha çox turist cəlb edilməsinə imkan yarada bilər. O bildirib ki, aparılan monitorinqlər həm Bakıda, həm də regionlarda turizm xidmətlərinin qiymətlərinin yüksək olaraq qaldığını göstərir ki, bu da həm daxili, həm də gəlmə turizmin inkişafına mənfi təsir göstərir.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta