AZ

Özbəkistanda 4000 illik əməliyyat izləri olan uşaq kəlləsi tapıldı

Özbəkistanın cənubunda arxeoloqlar təxminən 4000 il əvvəl həyata keçirilmiş kəllə sümüyü əməliyyatının — trepanasiyanın izlərini daşıyan uşaq kəlləsi aşkarlayıblar. Bu tapıntı Mərkəzi Asiyada bu tip əməliyyatın ən qədim təsdiqlənmiş nümunələrindən biri ola bilər. 

HİT.az xəbər verir ki, bu barədə “Arkeonews” nəşri məlumat yayıb.

Qalıqlar Tunc dövründə Oxus sivilizasiyasının ən böyük mərkəzlərindən biri olan qədim Carkutan yaşayış məntəqəsində aparılan qazıntılar zamanı tapılıb. Qəbirdə təxminən üç və beş yaşlarında iki uşaq dəfn olunmuşdu. Cərrahi müdaxilənin izləri daha böyük olan uşağın kəlləsində müəyyən edilib.

Trepanasiya insanlıq tarixində ən qədim cərrahi əməliyyatlardan biri hesab olunur. Müxtəlif mədəniyyətlərdə bu prosedur baş zədələrinin, epilepsiyanın, güclü ağrıların və digər xəstəliklərin müalicəsi üçün istifadə olunub. Lakin Tunc dövrü cəmiyyətlərində bu əməliyyatların ritual xarakter daşıması da mümkündür.

Tədqiqatçıların sözlərinə görə, tapıntı xəstənin yaşına görə xüsusilə diqqət çəkir. Mərkəzi Asiyada e.ə. III minilliyin sonlarına aid belə mürəkkəb əməliyyatların kiçik uşaqlara tətbiq edilməsi çox nadir haldır. Bu isə Carkutan sakinlərinin anatomiya üzrə müəyyən biliklərə və təhlükəli cərrahi müdaxilələri icra etmə bacarığına malik ola biləcəyini göstərir.

Alimlər əməliyyatın səbəbini hələlik dəqiq müəyyən edə bilməyiblər. Mümkün ehtimallar arasında kəllə travması, nevroloji xəstəlik və ya ritual praktikalar yer alır. Bu sualın cavabı gələcək araşdırmalar zamanı aydınlaşdırılacaq. Tədqiqatçılar bildirirlər ki, tapıntı Mərkəzi Asiyanın Tunc dövrü xalqlarının tibbi biliklərini və sağlamlıq anlayışlarını öyrənmək üçün nadir imkan yaradır.

Seçilən
33
hit.az

1Mənbələr