AZ

“Turan Tovuz” avrokuboklardan kənarlaşdırıldı – Klub BƏYANAT YAYDI

2025/2026-cı illər mövsümünü Premyer Liqada üçüncü pillədə başa vuraraq UEFA Konfrans Liqasına vəsiqə qazanan “Turan-Tovuz” futbol klubu UEFA-nın qərarı ilə 2026/2027 mövsümündə Avropa turnirlərindən kənarlaşdırılıb.

Oxu.Az xəbər verir ki, bu barədə klub məlumat yayıb.

Bildirilib ki, UEFA İntizam Komitəsi komandanın turnirdə iştirak üçün müəyyən edilmiş meyarlara uyğunluğunu araşdırıb. Araşdırma zamanı AFFA İntizam Komitəsinin 13 dekabr 2019-cu il tarixli qərarı əsas götürülüb.

Qeyd olunub ki, həmin qərarla 2019/2020 mövsümündə I Divizionda çıxış edən komandanın yeddi futbolçusunun futbolla bağlı bütün növ fəaliyyətinə qadağa qoyulmuşdu. UEFA da bu faktı nəzərə alaraq klubun 2026/2027 mövsümündə UEFA-nın təşkil etdiyi yarışlarda iştirakını məhdudlaşdırıb.

Klub qərarla razılaşmadığını bildirərək, vəsiqəni idman prinsiplərinə uyğun şəkildə qazandığını vurğulayıb və qərarın dəyişdirilməsi üçün bütün hüquqi addımların atılacağını açıqlayıb.

Məlumatda qeyd edilib ki, məsələ ilə bağlı yaxın günlərdə İdman Arbitraj Məhkəməsinə (CAS) müraciət olunacaq.

Bununla yanaşı, klub avrokuboklara hazırlıq planlarında hər hansı dəyişiklik olmadığını bildirib. Məlumata əsasən, komanda bu ay bir araya gələcək və təlim-məşq toplanışı üçün Türkiyəyə yollanacaq.

Seçilən
8
21
editor.az

10Mənbələr