AZ

BDU-nun professoru: Qərbi Azərbaycanın tarixi torpaqlarımız olması tezisi qayıdış hüququnun əsasıdır

Bakı, 3 iyun, AZƏRTAC

Qərbi Azərbaycanın Azərbaycan xalqının tarixi torpaqları olması ilə bağlı tezis qayıdış hüququnun beynəlxalq hüquqi əsaslarının formalaşdırılmasında mühüm rol oynayır.

AZƏRTAC xəbər verir ki, bunu Bakı Dövlət Universitetinin (BDU) Beynəlxalq ümumi hüquq kafedrasının professoru Əfsər Sadıqov “Qərbi Azərbaycana qayıdış: milli ideyanın yeni mərhələsi kimi” mövzusunda I beynəlxalq elmi konfransının “Qayıdış beynəlxalq hüquq və yeni reallıqlar müstəvisində” panel müzakirəsində deyib.

O bildirib ki, XX əsrin əvvəllərindən etibarən beynəlxalq münasibətlər sistemində yeni hüquqi prinsiplər formalaşmağa başlayıb və dövlətlərin ərazi əldə etmək məqsədilə gücdən istifadə etməsi tədricən hüquqazidd davranış kimi qiymətləndirilib: “1907-ci il Haaqa Konvensiyasının mühüm müddəalarından biri işğal nəticəsində ərazi üzərində suverenliyin işğalçı dövlətə keçməməsidir. Bu prinsipə əsasən, hər hansı ərazinin işğal olunması həmin torpaq üzərində hüquqi mülkiyyət və ya suverenlik hüququ yaratmır. Buna görə də Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra sovet dövründə həyata keçirilmiş ərazi dəyişiklikləri beynəlxalq hüquq baxımından ayrıca araşdırılmalı olan məsələdir”.

Əfsər Sadıqov qeyd edib ki, Qərbi azərbaycanlıların qayıdış hüququ gələcək sülh prosesinin vacib elementlərindən biri kimi nəzərdən keçirilməlidir: “Qayıdış hüququnun təmin edilməsi beynəlxalq hüquqi mexanizmlərlə dəstəklənməli, insanların təhlükəsizliyi, ləyaqətli yaşayışı və fundamental hüquqlarının qorunması üçün müvafiq təminatlar yaradılmalıdır. Bu sahədə Balkanlar və digər regionların təcrübəsi öyrənilə bilər. Qayıdışdan sonrakı dövrdə əhalinin hüquqlarının müdafiəsini təmin edəcək beynəlxalq mexanizmlərin və monitorinq institutlarının fəaliyyət göstərməsi vacib amillərdən biridir”.

Müxbir - Aysel Azadqızı

Seçilən
11
1
azertag.az

2Mənbələr