AZ

Hindistanda 20 nəfər otel yanğınında ölüb

BAKI,TurkicWorld Orxan Qədirzadə

Hindistanın paytaxtı Yeni Dehlidə yerləşən hotellərdən birində baş vermiş güclü yanğın nəticəsində 20-dən çox insan həlak olub.

Hadisə iyunun 3-də səhər saatlarında şəhərin Malviya Naqar ərazisində yerləşən beşmərtəbəli binada qeydə alınıb. Məlumata görə, yanğın hotelin aşağı mərtəbələrində başlayaraq qısa müddətdə bütün binaya yayılıb.

Hadisə yerinə çoxsaylı yanğınsöndürmə və xilasedici qüvvələr cəlb olunub. Xilasetmə əməliyyatı zamanı binadan 40-dan çox insan təxliyə edilib.

Yerli məlumatlara əsasən, yanğın baş verən zaman hotel qonaqlarının əksəriyyəti otaqlarda olub. Hoteldə müalicə almaq və ya xəstələri müşayiət etmək məqsədilə Hindistana gəlmiş xarici vətəndaşların da qaldığı bildirilir.

Yanğın tam söndürüldükdən sonra faciənin səbəblərinin araşdırılmasına başlanılıb. İlkin ehtimallara görə, hotel təhlükəsizlik qaydalarının pozulması ilə fəaliyyət göstərib. Bildirilir ki, obyektə məhdud sayda otaq üçün icazə verilsə də, faktiki olaraq otaqların sayı nəzərdə tutulduğundan xeyli çox olub.

Araşdırmalar zamanı binanın yalnız bir giriş-çıxış yoluna malik olduğu da müəyyən edilib ki, bu amilin insanların təxliyəsini çətinləşdirdiyi ehtimal olunur.

Hindistanın Baş naziri Narendra Modi həlak olanların ailələrinə başsağlığı verib, yaralananlara və faciə qurbanlarının yaxınlarına maddi yardım göstəriləcəyini açıqlayıb.

Hadisənin bütün təfərrüatlarının müəyyənləşdirilməsi istiqamətində istintaq tədbirləri davam etdirilir.

Seçilən
22
turkic.world

1Mənbələr