AZ

"Turan Tovuz" Avropaya gedə bilər – KRİTİK şans

Azərbaycan futbolunda son illərin ən böyük qalmaqallarından biri yaşanır. Premyer Liqanı üçüncü pillədə başa vuraraq tarixində ilk dəfə Konfrans Liqasına vəsiqə qazanan "Turan Tovuz" UEFA-nın qərarı ilə Avropa səhnəsindən kənarda qalıb. Qərarın əsasında isə bu mövsüm və ya son illərdə baş vermiş hansısa pozuntu deyil, 2019-cu ildə I Divizionda qeydə alınmış danışılmış oyun hadisələri dayanır. Məhz bu səbəbdən də futbol ictimaiyyətində çox ciddi suallar yaranıb.

Konfrans

Əgər problem yeddi il əvvəlki hadisələrlə bağlı idisə, niyə məsələ məhz indi gündəmə gətirildi? Nə üçün UEFA qərarı klub Avropaya vəsiqə qazandıqdan sonra verdi?

Baş verənlər fonunda tənqid hədəfinə çevrilən qurumlardan biri də AFFA-dır. Çünki UEFA qərarının əsasını məhz AFFA İntizam Komitəsinin 2019-cu ildə qəbul etdiyi qərar təşkil edir. Bu isə istər-istəməz belə bir sual yaradır ki, AFFA bu riskdən əvvəlcədən xəbərdar idimi və əgər belə idisə, niyə klub və ictimaiyyət vaxtında məlumatlandırılmayıb?
Digər mühüm məsələ isə "Turan Tovuz"un yerinə hansı klubun Avropaya göndəriləcəyi ilə bağlıdır. Artıq bəzi idman ekspertləri ehtimal olunan namizədlər kimi "Zirə"nin və digər yüksək pillələrdə qərarlaşan klubların adlarını çəkirlər.

İdman mütəxəssisi Kənan Məstəliyev Musavat.com-a açıqlamasında Tovuz klubu ilə bağlı üzücü vəziyyətin yaşandığını söyləyib: “Turan Tovuz” böyük çətinliklərlə buralara qədər gəlib, layiqli şəkildə avrokuboklara vəsiqə qazanıb. Həm komandanın, həm də ölkə futbolunun azarkeşləri görülən işləri, əldə edilən uğuru alqışlayıb, böyük həvəslə beynəlxalq matçları gözləyirdilər. Təəssüf ki, belə alındı. Yeddi il əvvəl baş vermiş, hüquqi status almış məsələyə görə indi, bu formada cəzanın verilməsi ədalətsizlikdir. UEFA bu məsələlərdə sərtdir, amma durumun buralara qədər gəlməsində kimin günahkar olması maraqlıdır. Əminliklə burada AFFA-nın sabiq rəhbərliyinin adını çəkmək olar”.

Tanınmış

Jurnalist deyib ki, klub bu məsələdə sərt olmalı, ciddi açıqlamalar verərək haqlı tələbini ortaya qoymalıdır: “Eyni zamanda, CAS-da mübarizəsini ciddi aparmalı, hüququnu qorumaq üçün var gücünü səfərbər etməlidir.
Çünki məsələnin Tovuz klubunun xeyrinə həll olunması ehtimalı az deyil. İllər öncə eyni durumla "Osasuna" qarşılaşmış, etiraz edərək CAS-da qələbə qazanmışdı. 2023-cü ildə onlar da 10 il əvvəl baş verən hadisələrə görə cavabdeh sayılmışdılar. Amma klub işin hüquqi tərəfini yaxşı işləyərək qalib tərəf ola bilmişdi. Ümid edirəm ki, bu dəfə də belə olacaq. Ortada Azərbaycan futbolunun nüfuzu var. AFFA, sabiq baş katib Elxan Məmmədov, klub, başqa kimin gücü, əlaqələri çatırsa, bu işdə bir olmalıdırlar. İntriqa, düşmənçilik vaxtı deyil. O ki qaldı “Turan”ın yerinə hansı klubun gedəcəyinə, bu, böyük ehtimalla "Zirə" olacaq. Çünki komanda bu il Premyer Liqada 5-ci yeri tutub”.

Cavanşir Abbaslı
Musavat.com

Seçilən
8
21
musavat.com

10Mənbələr