AZ

DÇ-2026-nın ən böyük ulduzları: Ronaldo, Messi, Mbappe və digərləri

Futbol üzrə 2026-cı il Dünya çempionatının başlamasına iki həftədən az vaxt qalıb.

BAKU.WS xəbər verir ki, turnirdə iştirak edəcək milli komandalar artıq heyətlərini açıqlayıblar.

Azarkeşlərin diqqət mərkəzində isə yenə də futbolun ən böyük ulduzları dayanır.

Kriştiano Ronaldo

40 yaşlı portuqaliyalı hücumçu Dünya çempionatında altıncı dəfə iştirak edəcək. O, milli komanda ilə indiyədək Avropa çempionluğu və iki Millətlər Liqası qazanıb. Ronaldo mundiallarda ümumilikdə 8 qol vurub. Portuqaliya bu dəfə də turnirin əsas favoritlərindən biri hesab olunur.

Kilian Mbappe

27 yaşlı fransız hücumçu artıq Dünya çempionatları tarixinin ən məhsuldar futbolçularından biridir. O, cəmi 14 oyunda 12 qol vurub. Mbappe rekordçu Miroslav Klozenin 16 qolluq göstəricisinə yaxınlaşmaq üçün daha 5 qol vurmalıdır. Son mövsümdə Madrid klubunda 42 qola imza atan futbolçu mundialın ən təhlükəli oyunçularından sayılır.

Lionel Messi

38 yaşlı argentinalı əfsanə də karyerasında altıncı Dünya çempionatına çıxacaq. Messi mundiallar tarixində ən çox oyun keçirən futbolçudur. O, 2022-ci ildə Argentina ilə Dünya çempionu olub və turnirin ən yaxşı oyunçusu seçilib. Hazırda mundiallarda 13 qolu olan Messi də Kloze rekorduna yaxınlaşa bilər.

Erlinq Holand

Norveç millisinin lideri ilk dəfə Dünya çempionatında çıxış edəcək. Seçmə mərhələdə 8 oyunda 16 qol vuran Haaland ən məhsuldar futbolçu olub. Norveç favoritlər sırasında olmasa da, Holandın bombardirlər yarışında ön sıralarda yer alacağı gözlənilir.

Neymar

Braziliya millisinin ulduzu ölkəsinin tarixində ən çox qol vuran futbolçudur. Lakin may ayında aldığı zədə səbəbindən dünya çempionatının ilk oyunlarını buraxmaq riski var. Buna baxmayaraq, azarkeşlər onun pley-off mərhələsində meydana çıxacağına ümid edirlər.

Lamin Yamal

İspaniyanın 18 yaşlı parlayan ulduzu ilk Dünya çempionatına hazırlaşır. O, artıq Avropa çempionatının ən gənc qalibi kimi tarixə düşüb. Zədə problemi yaşasa da, Yamal turnirin ən maraqlı gənc futbolçularından biri hesab edilir.

Usman Dembele

Son illərdə həm klub, həm də milli komanda səviyyəsində böyük uğurlar qazanan Dembelenin maraqlı statistikası var: iştirak etdiyi iki Dünya çempionatında hələ də qol vurmayıb. Fransız futbolçu DÇ-2026-da bu uğursuz seriyanı qırmağa çalışacaq.

Qeyd edək ki, DÇ-2026 həm Ronaldo və Messi kimi əfsanələrin son mundiallarından biri, həm də Yamal kimi yeni nəslin öz sözünü deməsi üçün böyük səhnə olacaq. Bu səbəbdən turnir son illərin ən maraqlı dünya çempionatlarından biri kimi qiymətləndirilir.

Orxan Hüseyn

Seçilən
18
far.az

1Mənbələr