AZ

 Azərbaycan hələ də turizm ölkəsi kimi qəbul olunmur İqtisadçı 

ain.az, Sherg.az saytına istinadən bildirir.

"Bu vəziyyətə təsir edən əsas amillərdən biri quru sərhədlərin uzun müddət bağlı qalmasıdır"

Rəsmi statistikaya əsasən, 2026-cı ilin ilk 4 ayında Azərbaycana 658,5 min turist gəlib. Bu əvvəlki ilin eyni dövrü ilə müqayisədə 10.5 faiz azlama deməkdir. 

Milli Məclisin deputatı Vüqar Bayramov bildirib ki, Azərbaycana gələn turistlərin sayının azalmasının bir sıra obyektiv səbəbləri olsa da bəzi ənənəvi faktorlar da qalmaqdadır. Belə ki, ölkəyə gələn turistlərin mənşə ölkə strukturundakı çağrışlar ümumi gələnlərin sayına təsir göstərir: “Doğrudur, hələ də Azərbaycana gələn turistlərin təxminən yarısı 2 ölkənin payına düşür. Həmin müddətdə Azərbaycana gələn hər 100 nəfərin 27-si Rusiya, 22-si isə Türkiyə vətəndasları olublar. Bununla yanaşı, əvvəlki ilin ilk 4 ayında Azərbaycana gələn turistlərin 11 faizi Hindistanın payına düşürdürsə, indi bu göstərici 3 faizədək azalıb. Deməli, gəlmə turizm bazarlarının şaxələndirilməsi və dayanıqlığının gücləndirilməsi prioritet olaraq qalmaqdadır”.

Turizm sektorunda struktur və institutsional islahatların daha da dərinləşdirilməsinin prioritet olduğunu vurğulayan deputat qeyd edib ki, turizm neftdən sonra Azərbaycana ən çox valyuta gətirən sektordur: “Pandemiyadan öncə illik turizm gəlirləri 2.7 milyard dollara yaxın idi. Bu sektor həmçinin məşğulluğa da xüsusi töhvə verir. Bu baxımdan, turizm infrastrukturunun daha da inkişaf etdirilməsi və qiymətlərin optimallaşdırılması Azərbaycana daha çox turistin gəlməsinə imkan yarada bilər. Monitorinqlər göstərir ki, nəinki Bakıda, hətta bölgələrdə də turizm xidmətlərinin qiymətləri yüksək olaraq qalmaqdadır. Bu da həm daxili, həm də gəlmə turizmin inkişafına təsirsiz ötüşmür”

İqtisadçı Xalid Kərimli Sherg.az-a açıqlamasında Azərbaycanın hələ də beynəlxalq turistlər tərəfindən tam formalaşmış turizm ölkəsi kimi qəbul olunmadığını bildirib. Onun sözlərinə görə, qonşu Gürcüstanın məhdud resurs və imkanlara malik olmasına baxmayaraq, turistlər üçün daha cəlbedici mühit yaratmağa nail olub və bu sahədə regional rəqabətdə Azərbaycanı geridə qoyub: “Turizm sektorunun inkişafı ölkə iqtisadiyyatı üçün strateji əhəmiyyət daşıyır. Çünki ölkəyə gələn turistlər iaşə, nəqliyyat, hotelçilik, əyləncə və digər xidmət sahələrində vəsait xərcləyirlər. Bu isə faktiki olaraq xidmət ixracı deməkdir və iqtisadi aktivliyə birbaşa təsir göstərir. Turizm sektorunda azalma yalnız ümumi statistika ilə məhdudlaşmır, eyni zamanda turist axınının coğrafiyasında da dəyişikliklər müşahidə olunur. Belə ki, MDB və Avropa İttifaqı ölkələrindən gələn turistlərin sayında müəyyən artım qeydə alınsa da, Mərkəzi Asiya və Yaxın Şərq ölkələrindən gələn turistlərin sayında ciddi azalma var”.

İqtisadçının fikrincə, bu tendensiyaya təsir edən əsas amillərdən biri quru sərhədlərin uzun müddət bağlı qalmasıdır:

"Bununla yanaşı, regiondakı geosiyasi gərginlik və münaqişələr turistlərin seçimlərinə təsir edir. Azərbaycanın münaqişə zonalarına yaxın yerləşməsi xarici turistlər tərəfindən əlavə risk faktoru kimi qiymətləndirilir”.

X. Kərimlinin sözlərinə görə, Azərbaycan turizm sektorunda rəqabət qabiliyyətini artırmaq istəyirsə, xidmət keyfiyyəti, qiymət siyasəti, sərhəd rejimi və beynəlxalq tanıtım strategiyası istiqamətində daha çevik addımlar atmalıdır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
23
sherg.az

1Mənbələr