Bakı, 3 iyun, AZƏRTAC
Kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı aqrar sektorun yeni inkişaf mərhələsinə keçidini təmin edəcək mühüm sənəddir. Proqramın əsas məqsədi aqrar sahədə məhsuldarlığın, rəqabətqabiliyyətliliyin, əlavə dəyərin və ixrac potensialının artırılması, eyni zamanda, qeyri-neft iqtisadiyyatının inkişafına daha böyük töhfə verilməsidir. Son illərdə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu aqrar siyasət nəticəsində ölkənin ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsi istiqamətində mühüm nəticələr əldə olunub, kənd təsərrüfatı məhsullarının istehsalı və ixracı genişlənib, aqrar sektor qeyri-neft sənayesinin aparıcı istiqamətlərindən birinə çevrilib.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyasının (ANİİA) sədri Fərhad Qaraşov söyləyib.
“Yeni Dövlət Proqramı ölkədə son illər həyata keçirilən uğurlu aqrar siyasətin məntiqi davamı kimi qiymətləndirilir və aqrar sektorun dayanıqlı inkişafının təmin olunmasına xidmət edən mühüm sənəddir. Proqramın əsas üstünlüklərindən biri konkret nəticəyönümlü hədəflərin müəyyənləşdirilməsidir. Proqramda müasir suvarma sistemlərinin genişləndirilməsi, intensiv bağçılığın inkişafı, istixana təsərrüfatlarının artırılması, soyuducu anbar və logistika infrastrukturunun gücləndirilməsi, aqrar sığortanın əhatə dairəsinin genişləndirilməsi, dövlət dəstəyi xidmətlərinin rəqəmsallaşdırılması, süni intellekt və innovativ texnologiyaların tətbiqi, insan kapitalının inkişafı kimi mühüm istiqamətlər öz əksini tapıb. Bununla yanaşı, aqrar emal sənayesinin təşviqi, ixracyönümlü aqrobiznes və aqropark modelinin inkişafı, fermerlərin beynəlxalq sertifikatlara çıxış imkanlarının genişləndirilməsi, yeni ixrac bazarlarına çıxışın dəstəklənməsi də proqramın prioritet istiqamətlərindəndir. Bu istiqamətlər bütövlükdə aqrar sahədə məhsuldarlığın yüksəldilməsinə, rəqabət qabiliyyətinin artırılmasına və qeyri-neft sektorunun iqtisadi potensialının daha da gücləndirilməsinə hesablanıb. Proqramın əsas məqsədi yalnız kənd təsərrüfatı məhsullarının istehsalını artırmaq deyil, bütövlükdə dəyər zəncirinin inkişafını təmin etməkdir. Burada əsas hədəf məhsulun emalı, əlavə dəyərin yaradılması, beynəlxalq standartlara uyğunlaşdırılması və dünya bazarlarında rəqabət qabiliyyətinin artırılmasıdır. Bu yanaşma aqrar sektorun innovativ inkişaf modelinə keçidini sürətləndirməklə yanaşı, ənənəvi bazarlardan asılılığın azalmasına, ixrac coğrafiyasının genişlənməsinə və Azərbaycan məhsullarının xarici bazarlarda mövqeyinin daha da möhkəmlənməsinə xidmət edəcək”, - deyə sədr diqqətə çatdırıb.
F.Qaraşov qeyd edib ki, meyvəçilik Dövlət Proqramında müəyyən edilən əsas istiqamətlərdən biridir və bu sahənin inkişafı aqrar sektorun ixrac potensialının artırılmasında mühüm rol oynayacaq. İntensiv bağçılığın genişləndirilməsi, müasir suvarma sistemlərinin tətbiqi, beynəlxalq sertifikatlaşdırmanın təşviqi və emal sənayesinin inkişafı məhsul keyfiyyətinin yüksəlməsinə, istehsal səmərəliliyinin artmasına və ixrac imkanlarının genişlənməsinə şərait yaradacaq. Xüsusilə beynəlxalq sertifikatlar və digər qlobal standartların əldə olunmasına dövlət dəstəyinin nəzərdə tutulması yerli istehsalçıların xarici bazarlara çıxış imkanlarını genişləndirəcək və onların beynəlxalq rəqabət qabiliyyətini artıracaq. Narçılıq sahəsi də proqramın icrasından əhəmiyyətli dərəcədə faydalanacaq istiqamətlərdən biridir. Hazırda Azərbaycanda 23 min hektardan çox nar bağı mövcuddur və 2025-ci ildə ölkədə 187 min ton nar istehsal olunub. Həmin il Azərbaycan təzə nar məhsulunu 13 ölkəyə ixrac edib və bu ixracdan təxminən 36 milyon ABŞ dolları gəlir əldə olunub. Eyni zamanda, ölkədə nar şirəsi, nar konsentratı, nar dənəsi və digər emal məhsulları daxil olmaqla, müxtəlif növ nar məhsulları istehsal edilir. 2025-ci ildə nar və nar məhsulları 27 ölkəyə ixrac olunub, ümumi ixrac gəliri isə 55 milyon ABŞ dollarına yaxın təşkil edib. Bu göstəricilər narçılığın həm kənd təsərrüfatının, həm də aqrar emal sənayesinin perspektivli istiqamətlərindən biri olduğunu təsdiqləyir. Dövlət Proqramında nəzərdə tutulan intensiv bağçılığın genişləndirilməsi, müasir suvarma sistemlərinin tətbiqi, meyvə emalı müəssisələrinin inkişafı, soyuducu anbar və logistika imkanlarının artırılması narçılığın və bütövlükdə meyvəçiliyin inkişafına mühüm töhfə verəcək, məhsulun əlavə dəyərinin yüksəldilməsinə, itkilərin azaldılmasına və Azərbaycan mənşəli meyvə məhsullarının beynəlxalq bazarlarda mövqeyinin daha da möhkəmlənməsinə xidmət edəcək.
Assosiasiya sədri proqramda nəzərdə tutulan hədəflərə nail olunması baxımından fermerlərin, istehsalçı və ixracatçıların maarifləndirilməsinin xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıb. Bu məqsədlə Azərbaycan Sahibkarlar Konfederasiyası və Kənd Təsərrüfatı Nazirliyi ilə aparılan müzakirələr zamanı aqrar sahə təmsilçilərinin iştirakı ilə geniş maarifləndirmə və məlumatlandırma görüşlərinin keçirilməsi təklif olunub. Bu qəbildən olan ilk tədbirlərdən birinin Göyçay rayonunda təşkili nəzərdə tutulur. Görüşlər çərçivəsində yeni proqramın əsas istiqamətləri, Aqrar Subsidiya Şurasının qərarları və məhsul keyfiyyətinin yüksəldilməsinə yönəlmiş mexanizmlər fermerlərin diqqətinə çatdırılacaq. Bu yanaşma dövlət dəstəyi alətlərindən istifadənin səmərəliliyinin artırılmasına, müasir istehsal standartlarının tətbiqinin genişlənməsinə və aqrar sahədə institusional biliklərin gücləndirilməsinə xidmət edəcək.
Nar İstehsalçıları və İxracatçıları Assosiasiyası olaraq əsas məqsədlərinin məhsulun keyfiyyət göstəricilərinin yüksəldilməsi, beynəlxalq standartlara cavab verən istehsalın təşviqi və ixrac coğrafiyasının genişləndirilməsi olduğunu söyləyən F.Qaraşov deyib: “Əminik ki, Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin uğurla həyata keçirilməsi nəticəsində Azərbaycanın aqrar sektoru daha rəqabətqabiliyyətli, innovativ və ixracyönümlü inkişaf mərhələsinə qədəm qoyacaq. Prezident İlham Əliyevin aqrar sahəyə göstərdiyi xüsusi diqqət və qayğı nəticəsində qeyri-neft sektorunun aparıcı istiqamətlərindən biri olan kənd təsərrüfatının inkişafı daha da sürətlənəcək. Nəticədə, “Made in Azerbaijan” brendi altında istehsal olunan kənd təsərrüfatı məhsulları, o cümlədən Azərbaycan narı dünya bazarlarında öz mövqeyini daha da möhkəmləndirəcək, ölkənin qeyri-neft ixracının artmasına, ərzaq təhlükəsizliyinin güclənməsinə və aqrar sahənin dayanıqlı inkişafına mühüm töhfə verəcək”.
Müxbir - Mehrac Ağasıyev