AZ

“Böyük Qayıdış”ın icrasına 4 ildə 28 mlrd manat vəsait ayrılıb - Komitə sədri

Böyük Qayıdışa dair Dövlət Proqramının icrasına başlanmasından ötən dörd il ərzində bu məqsədlə dövlət büdcəsindən 28 milyard manata yaxın vəsait ayrılıb.

Ölkə.az xəbər verir ki, bunu Milli Məclisin  Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev parlamentin n Əmək və sosial siyasət, İnsan hüquqları, Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında çıxışı zamanı deyib.

 Mənzil Məcəlləsində, “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” və “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı çıxış edən  komitə sədri Musa Quliyev bildirib ki, müzakirəyə təqdim olunan qanun layihəsi keçmiş məcburi köçkünlərin doğma yurdlarında dayanıqlı məskunlaşmasının hüquqi əsaslarının təkmilləşdirilməsini, işğaldan azad edilmiş ərazilərə köçürülən şəxslərin statusunun və onlara göstərilən sosial dəstək mexanizmlərinin tənzimlənməsini nəzərdə tutur. 

Komitə sədri qeyd edib ki, məcburi köçkünlər uzun illər Azərbaycan dövlətinin xüsusi qayğısı ilə əhatə olunub. O, vurğulayıb ki, onların sosial və digər problemlərinin həlli ölkə Prezidenti cənab İlham Əliyevin və Birinci xanım Mehriban Əliyevanın daim diqqət mərkəzində olub. Diqqətə çatdırılıb ki, məcburi köçkünlərin sosial problemlərinin həlli ilə əlaqədar Azərbaycan Prezidenti tərəfindən 2004-2019-cu illər ərzində 75 fərman və sərəncam imzalanıb, Milli Məclis tərəfindən 11 qanun qəbul edilib. Torpaqlarımızın işğal altında olduğu dövrdə məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə 121 yeni qəsəbə və yaşayış kompleksi tikilərək onların istifadəsinə verilib. 62 mindən çox məcbur köçkün ailəsinin, yəni 300 min nəfərdən çox məcburi köçkünün mənzil-məişət şəraiti yaxşılaşdırılıb. Dövlətimiz tərəfindən məcburi köçkün ailələrinə uzun illər ərzində təhsil və vergi güzəştləri, vahid aylıq müavinət, ünvanlı sosial yardım, məşğulluq proqramları, tibbi-sosial reabilitasiya və digər sosial müdafiə mexanizmləri çərçivəsində davamlı dəstək göstərilib.

Bildirilib ki, məcburi köçkünlərə göstərilən diqqət və qayğı torpaqlarımız işğaldan azad edildikdən sonra da davam etdirilib. Vətən müharibəsində qələbədən sonra işğaldan azad olunmuş ərazilərdə bərpa və geniş quruculuq işləri həyata keçirilib. Prezidentin 2021-ci il 7 iyul tarixli Fərmanı ilə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları yaradılıb, yeni mərhələdə qarşıya qoyulan hədəflərin reallaşdırılması məqsədi ilə dövlət başçımızın 2022-ci il 16 noyabr tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair Birinci Dövlət Proqramı”nın Tədbirlər Planı təsdiq edilib. Qeyd olunub ki, Böyük Qayıdışa dair Dövlət Proqramının icrasına başlanmasından ötən dörd il ərzində bu məqsədlə dövlət büdcəsindən 28 milyard manata yaxın vəsait ayrılıb, Qarabağda və Şərqi Zəngəzurda 40-dan çox yaşayış məntəqəsində keçmiş məcburi köçkünlərin daimi yaşayışı təmin olunub. Hazırda işğaldan azad edilmiş ərazilərdə  85 minə yaxın soydaşımız yaşayır, təhsil alır və işlə təmin edilib. 

Musa Quliyev bildirib ki, Birinci Dövlət Proqramının icrası ilə bağlı möhkəm hüquqi baza yaradılıb, qanunvericilikdə müvafiq dəyişiklik edilərək Qarabağda və Şərqi Zəngəzurda işləyən və məskunlaşan şəxslər üçün yeni müavinət növü təsis edilib, məzuniyyət, vergi, sosial sığorta güzəştləri və imtiyazları müəyyən olunub. O, nəzərə çatdırıb ki, bu gün müzakirəyə təqdim olunan qanun layihəsi məcburi köçkünlərin işğaldan azad edilmiş ərazilərdə yaşayış sahələrinə köçürülməsi, onların mülkiyyət hüququnun təmini və məcburi köçkün statusu ilə bağlı qanunvericilik aktlarının təkmilləşdirilməsi məqsədilə hazırlanıb.

 Mürtəza

Seçilən
13
1
olke.az

2Mənbələr