AZ

Şəki-Oğuz bölgəsində erkən orta əsrlər şəhərsalma və memarlıq irsinin tədqiqinə həsr olunmuş konfrans

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

AMEA-nın Şəki Regional Elmi Mərkəzinin və Oğuz Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Şəhərsalma və Memarlıq İli” çərçivəsində Oğuz rayon Dövlət Aqrar İnkişaf Mərkəzində “Erkən orta əsrlərdə Şimal-Qərbi Azərbaycanda şəhərsalma və memarlığın inkişafı” mövzusunda elmi-praktiki konfrans keçirilib.

Əvvəlcə ulu öndər Heydər Əliyevin, eləcə də torpaqlarımızın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olmuş Vətən övladlarının xatirəsi yad edilib.

Konfransı giriş sözü ilə açan Oğuz Rayon İcra Hakimiyyəti başçısının müavini, Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri Aliyǝ Osmanova mərasimin əhəmiyyətindən danışaraq bildirib ki, ölkədə tarix, mədəni irs, şəhərsalma və memarlıq ənənələrinin öyrənilməsi və təbliği istiqamətində həyata keçirilən tədbirlər milli-mənəvi dəyərlərin qorunmasına və gələcək nəsillərə çatdırılmasına mühüm töhfə verir. O, qeyd edib ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamına əsasən 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan olunması bu sahəyə diqqətin daha da artırılmasına, elmi-tədqiqatların genişləndirilməsinə və şəhərsalma irsinin sistemli şəkildə öyrənilməsinə əlavə stimul yaradıb.

Sonra AMEA-nın Şəki Regional Elmi Mərkəzinin direktoru vəzifəsini icra edən, filoligiya elmləri doktoru, dosent Kamil Adışirinov çıxış edərək bildirib ki, erkən orta əsrlərdə Şimal– Azərbaycanın şəhərsalma və memarlıq irsinin tədqiqi regionun tarixi-mədəni inkişaf mərhələlərinin öyrənilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Kamil Adışirinov bu cür elmi-praktiki tədbirlərin tarix, arxeologiya və memarlıq sahələrində aparılan araşdırmaların nəticələrinin elmi ictimaiyyətə çatdırılmasına, eləcə də yeni tədqiqat istiqamətlərinin müəyyənləşdirilməsinə geniş imkan yaratdığını vurğulayıb. 

Konfrans məruzələr ətrafında öz işini davam etdirib.

Mərasimdə Azərbaycan Yazıçılar Birliyinin üzvü, tədqiqatçı Yusif Rzayev “Erkən orta əsrlərdə Oğuz rayonu ərazisində şəhərsalma və memarlığın inkişafı” mövzusunda məruzəsini təqdim edib. Məruzəçi çıxışında Oğuz rayonunun qədim yaşayış məskənləri barədə ümumi məlumat verərək bildirib ki, bu ərazi tarixən mühüm məskunlaşma mərkəzlərindən biri olub və bəzi memarlıq nümunələrinin bu günədək izlərinin qalması bölgənin qədim tarixindən xəbər verir.

“Son illərdə Oğuzda şəhərsalma və memarlıq sahəsində görülmüş tikinti-quruculuq işləri” mövzusunda məruzə ilə çıxış edən Oğuz Rayon İcra Hakimiyyətinin Memarlıq şöbəsinin əməkdaşı Nərmin Yəhyayeva son illərdə rayonda həyata keçirilən tikinti-quruculuq işləri, abadlıq layihələri və şəhərsalma sahəsində görülən tədbirlər barədə məlumat verib. O, həmçinin Oğuzun müasir simasının formalaşdırılması istiqamətində görülən işlərdən və əldə olunan nəticələrdən bəhs edib.

Sonra Şəki Regional Elmi Mərkəzin Arxeologiya və etnoqrafiya şöbəsinin müdiri Elşən Abdurahmanov “Şəki-Oğuz bölgəsinin erkən orta əsr alban memarlıq abidələri” mövzusunda məruzə ilə çıxış edib. O, Şəki-Oğuz bölgəsində yerləşən erkən orta əsrlərə aid alban memarlıq abidələri haqqında məlumat verərək, bu abidələrin tarixi və mədəni əhəmiyyətindən danışıb, bölgənin zəngin maddi-mədəni irsinin tədqiqi, qorunması və təbliğinin vacibliyini vurğulayıb. Məruzəçi çıxışının sonunda Oğuz sakinlərini tarixi-mədəni irs nümunələrinə qarşı diqqətli olmağa, abidələrin qorunmasına həssas yanaşmağa və bu qiymətli irsin gələcək nəsillərə çatdırılması işində fəal iştirak etməyə çağırıb.

Şəki Regional Elmi Mərkəzinin Tarix və epiqrafika şöbəsinin müdiri, tarix üzrə fəlsəf doktoru Rahim Həsənov “Şəkinin şəhər tarixi yazılı mənbələrdə” mövzusunda təqdimatla çıxış edərək Şəkinin qədim və orta əsrlər dövrü tarixinə dair yazılı mənbələrdə əks olunan məlumatlardan geniş şəkildə bəhs edib. Rahim Həsənov bildirib ki, yazılı mənbələrdə Şəki haqqında verilən məlumatlar şəhərin həm siyasi, həm də iqtisadi baxımdan əhəmiyyətli bir mərkəz olduğunu göstərir.

Məruzəçi vurğulayıb ki, yazılı mənbələr Şəkinin şəhər kimi formalaşma prosesini daha aydın şəkildə öyrənməyə imkan yaradır. Bu mənbələrdə şəhərin inzibati quruluşu, ticarət əlaqələri və əhalisinin həyat tərzi haqqında da müəyyən məlumatlar mövcuddur.

O, həmçinin Şəkinin tarixi ilə bağlı aparılan elmi araşdırmalarda yazılı mənbələrlə yanaşı, epiqrafik materialların da böyük əhəmiyyət daşıdığını, bu mənbələrin bir-birini tamamladığını xüsusi olaraq qeyd edib.

Elmi-praktiki konfransda Qəbələ Mediasiya Təşkilatının direktoru, Azərbaycan Mediasiya Şurasının üzvü Ədalət Əliyev “Şəhərsalma, memarlıq və mediasiya prosesləri” mövzusunda çıxış edərək bu sahədə yaranan müxtəlif mübahisələrin həllində mediasiyanın rolundan bəhs edib.

Ədalət Əliyev şəhərsalma və memarlıq sahəsində mediasiyanın tətbiqi, üstünlükləri, həyata keçirilən layihələr zamanı münasibətlərin qorunması məsələlərinə aydınlıq gətirərək qeyd edib ki, bəzən tərəflər arasında müxtəlif fikir ayrılıqları və hüquqi mübahisələr yarana bilir. Bu cür hallarda mediasiya mexanizmi tərəflər arasında razılığın əldə olunmasına, məsələlərin daha çevik və səmərəli şəkildə həll edilməsinə imkan yaradır.

Məruzəçi bildirib ki, şəhərsalma layihələrində, tikinti-quruculuq işlərində və mülkiyyət məsələlərində mediasiyanın tətbiqi daha sabit və dayanıqlı nəticələrin əldə olunmasına şərait yaradır. Bu sahədə maarifləndirmə işlərinin gücləndirilməsi isə gələcəkdə mübahisələrin sayının azalmasına töhfə verə bilər, bu istiqamətdə həm dövlət qurumlarının, həm də ictimaiyyətin birgə fəaliyyəti vacibdir.

Konfrans qarşılıqlı müzakirələrlə davam etdirilib, mövzu ətrafında fikir mübadiləsi aparılıb.

Eyni zamanda, “Oğuz xəbərləri” qəzetinin redaktoru, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyi üzvü Nazim Hüseynli ilə elmi tədqiqatların aparılması istiqamətində qarşılıqlı əməkdaşlıq məsələsi də gündəmə gətirilib.

Bildirilib ki, bölgənin mətbuat tarixi və yerli informasiya mənbələri elmi araşdırmalar üçün mühüm əhəmiyyət daşıyır. Bu baxımdan Oğuz rayonunda indiyədək çap edilmiş qəzetlərin toplanması, sistemləşdirilməsi və elmi dövriyyəyə gətirilməsi xüsusi önəm kəsb edir. Qeyd olunub ki, həmin materiallar regionun ictimai-siyasi, mədəni və sosial həyatının öyrənilməsində mühüm mənbə rolunu oynaya bilər. 

Bu istiqamətdə əməkdaşlığın genişləndirilməsinin regionun tarixinin daha dərindən araşdırılmasına töhfə verəcəyi vurğulanıb.

Qabil YUSİFOĞLU
XQ

Seçilən
35
1
xalqqazeti.az

2Mənbələr