AZ

Dağıstanlı döyüşçü: "İdmanda məni azərbaycanlılarla çox şey bağlayır"

"Azərbaycanlı azarkeşlərin məni dəstəkləyəcəklərinə əminəm".

Moderator.az xəbər verir ki, bunu "Pirat" ləqəbi ilə tanınan Şara Bullet qarşıdakı döyüş barədə danışarkən deyib.

O, azarkeşləri turnirə dəvət edib.

"Döyüşə hazıram və iyunun 27-nə qədər tam ideal formada olacağam. Azərbaycanda parlaq qələbə qazanmağıma heç nə mane ola bilməz. Azərbaycan tamaşaçısı mənim üçün doğmadır. Azərbaycanda və ümumiyyətlə bütün Qafqazda insanlar mənə azarkeşlik edəcəklər. Mən Xəzər dənizinin "piratıyam". Məni dəstəkləyən hər kəsi arenaya dəvət edirəm. Qələbəni birlikdə qazanacağıq.

Keçən il UFC turnirinin Azərbaycanda keçiriləcəyi məlum olanda mən Dağıstanda təlim-məşq toplanışında idim. Dərhal menecerimlə əlaqə saxlayıb Bakıda döyüşmək istədiyimi bildirdim. Amma həmin vaxt alınmadı. Şadam ki, bu dəfə mümkün oldu.

Əminəm ki, budəfəki turnir daha yüksək səviyyədə keçəcək. Çünki artıq Azərbaycanın bu sahədə daha çox təcrübəsi var. Bakıda döyüşəcək əksər idmançılar ayaqüstü döyüşə üstünlük verirlər. Əsas döyüşdə Rafael Fiziyev çıxış edəcək. Deməli, azarkeşləri əsl şou gözləyir".

"Mən həmişə döyüşü vaxtından əvvəl bitirməyə çalışıram. Bu dəfə də məqsədim budur. İstəyirəm ki, qalib elan olunanda rəqibim ayaq üstə dura bilməsin.

Mən azərbaycanlı döyüşçülərlə məşq etmişəm. Tez-tez Tailandda birlikdə məşq edirik, bir-birimizi dəstəkləyirik. Azərbaycanlı döyüşçü Əlövsət Məmiyev mənim dostumdur. İdmanda məni azərbaycanlılarla çox şey bağlayır. İdmanın gözəlliyi də elə bundadır. Çünki idman birləşdirir", - deyə o bildirib.

Xatırladaq ki, iyunun 27-də Milli Gimnastika Arenasında təşkil olunacaq "UFC Fight Night"da orta çəkidə Şarabutdin "Şara Bullet" Maqomedov (Rusiya) braziliyalı Miçel Pereyra ilə üz-üzə gələcək.

Seçilən
37
6
moderator.az

7Mənbələr