AZ

Bakı–Tbilisi–Qars xəttinin modernləşdirilməsi Orta Dəhlizin inkişafında yeni mərhələnin başlanğıcıdır ŞƏRH

Bakı, 3 iyun, AZƏRTAC

Bakı–Tbilisi–Qars dəmir yolu xəttinin modernləşdirilməsi və yükötürmə qabiliyyətinin illik 1 milyon tondan 5 milyon tona çatdırılması Orta Dəhlizin inkişafında yeni mərhələnin başlanğıcı hesab edilə bilər. Bu layihə yalnız texniki modernizasiya deyil, həm də Avrasiya məkanında formalaşan yeni logistika və ticarət arxitekturasının mühüm elementidir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında iqtisadçı ekspert Aslan Əzimzadə səsləndirib.

Onun sözlərinə görə, Bakı–Tbilisi–Qars dəmir yolu xəttinin genişləndirilməsi Orta Dəhlizin beynəlxalq rəqabət qabiliyyətini əhəmiyyətli dərəcədə artırır. Son illərdə geosiyasi dəyişikliklər fonunda nəqliyyat marşrutlarında yaranan risklər və qlobal təchizat zəncirlərinin şaxələndirilməsi zərurəti Asiya ilə Avropa arasında alternativ dəhlizlərə marağı artırıb: “Belə bir şəraitdə Bakı–Tbilisi–Qars xətti Çin, Mərkəzi Asiya, Azərbaycan, Gürcüstan və Türkiyə üzərindən Avropaya çıxışı təmin edən ən mühüm quru nəqliyyat bağlantılarından biri kimi çıxış edir. Xəttin yükötürmə imkanlarının artırılması daşımaların həcminin böyüməsinə, tranzit müddətlərinin qısalmasına və logistika xidmətlərinin daha etibarlı şəkildə təşkil olunmasına imkan yaradır. Layihə Azərbaycanın regional tranzit mərkəzi kimi mövqeyini daha da gücləndirir.

Onun sözlərinə görə, Azərbaycan artıq Xəzər dənizində formalaşdırdığı müasir nəqliyyat infrastrukturu, xüsusilə Bakı Beynəlxalq Dəniz Ticarət Limanı vasitəsilə Şərq-Qərb nəqliyyat əlaqələrinin əsas halqalarından birinə çevrilib.

Ekspert qeyd edib ki, Bakı–Tbilisi–Qars xəttinin modernləşdirilməsi liman, dəmir yolu və avtomobil nəqliyyatı arasında inteqrasiyanı daha da möhkəmləndirərək ölkənin multimodal logistika imkanlarını genişləndirir: “Layihənin mühüm nəticələrindən biri də tranzit gəlirlərinin artması ilə bağlı perspektivlərdir. Eyni zamanda, yük axınlarının çoxalması nəqliyyat xidmətlərindən əldə olunan gəlirlərin yüksəlməsinə, logistika, anbar təsərrüfatı, gömrük xidmətləri və digər əlaqəli sahələrin inkişafına əlavə stimul verəcək. Bu proses qeyri-neft sektorunun inkişafına və bütövlükdə iqtisadiyyatın şaxələndirilməsinə müsbət təsir göstərir”.

Ekspert hesab edir ki, Bakı–Tbilisi–Qars dəmir yolu xəttinin modernləşdirilməsi Orta Dəhlizin daşıma potensialını əhəmiyyətli dərəcədə artırmaqla yanaşı, Azərbaycanın Avrasiyanın aparıcı tranzit və logistika mərkəzlərindən birinə çevrilməsi istiqamətində strateji üstünlüklər yaradır. Onun fikrincə, bu layihə ölkənin beynəlxalq nəqliyyat sistemində rolunu gücləndirir, tranzit gəlirlərinin artmasına şərait yaradır və Azərbaycanın qlobal ticarət marşrutlarında əhəmiyyətini daha da yüksəldir.

Seçilən
20
1
azertag.az

2Mənbələr