AZ

Aİ Azərbaycanla yaşıl enerji əməkdaşlığını strateji prioritet hesab edir

ain.az bildirir, Azertag portalına istinadən.

Buxarest, 3 iyun, AZƏRTAC

Rumıniyanın nüfuzlu “Stiri pe Surse” nəşri Avropa İttifaqı ilə Azərbaycanın enerji sahəsində tərəfdaşlığı barədə yazııb.

AZƏRTAC xəbər verir ki, məqalədə bərpaolunan enerji və enerji bağlantıları istiqamətində əməkdaşlığın dərinləşdirilməsi strateji prioritet kimi qiymətləndirilir. Qeyd olunur ki, bu barədə Avropa Komissiyasının Enerji üzrə Baş Direktorluğunun enerji platforması və beynəlxalq əlaqələr qrupunun direktoru Kristina Lobilla Borrero Bakı Enerji Həftəsi çərçivəsində çıxışı zamanı bildirib.

Məlumatda qeyd olunur ki, Avropada enerji təhlükəsizliyi məsələsi son illərdə geosiyasi proseslərin əsas mövzularından birinə çevrilib. Ukraynadakı müharibə və qlobal enerji bazarlarında baş verən dəyişikliklər Avropa İttifaqını enerji mənbələrinin və marşrutlarının şaxələndirilməsinə daha çox diqqət ayırmağa vadar edib. Bu şəraitdə Azərbaycan Avropa üçün etibarlı və strateji tərəfdaş kimi ön plana çıxır.

Kristina Lobillo Borrero vurğulayıb ki, Azərbaycan uzun illərdir Avropanın enerji təhlükəsizliyinə mühüm töhfə verir. Onun sözlərinə görə, Cənub Qaz Dəhlizi Avropanın enerji təminatının möhkəmləndirilməsində mühüm rol oynayır və Avropa İttifaqı bu əməkdaşlığın gələcəkdə də inkişaf etdirilməsində maraqlıdır.

Məqalədə bildirilir ki, son illərdə Avropa bazarına Azərbaycan qazının ixracı əhəmiyyətli dərəcədə artıb. Bu artım yalnız enerji təhlükəsizliyinin təmin olunmasına deyil, həm də Avropa ölkələrinin enerji təchizatında daha dayanıqlı sistem formalaşdırmasına imkan yaradıb. Brüsseldə hesab edirlər ki, Azərbaycanın enerji siyasəti və beynəlxalq öhdəliklərə sadiqliyi onu Avropanın ən etibarlı tərəfdaşlarından birinə çevirib.

Avropa Komissiyasının nümayəndəsi diqqətə çatdırıb ki, əməkdaşlıq artıq yalnız təbii qaz sahəsi ilə məhdudlaşmır. Avropa İttifaqı Azərbaycanı yaşıl enerji istehsalı və ixracı istiqamətində də əsas tərəfdaşlardan biri kimi görür. Xəzər dənizinin böyük külək enerjisi potensialı, günəş enerjisi layihələri və yaşıl hidrogen istehsalı imkanları Azərbaycanın enerji sektorunda yeni mərhələyə qədəm qoyduğunu göstərir.

Məqalədə xüsusi vurğulanır ki, Azərbaycan son illərdə bərpaolunan enerji sahəsinə milyardlarla dollar həcmində investisiyaların cəlb olunmasına nail olub. Qarabağ və Şərqi Zəngəzurun “yaşıl enerji zonası” elan edilməsi, iri külək və günəş elektrik stansiyalarının inşası ölkənin enerji strategiyasında yeni istiqamətin formalaşdığını nümayiş etdirir.

Avropa İttifaqı xüsusilə Qara dəniz vasitəsilə Azərbaycanı Avropa enerji sisteminə birləşdirəcək yaşıl enerji layihələrinə böyük maraq göstərir. Bu layihələr gələcəkdə Xəzər regionunda istehsal olunan təmiz enerjinin Avropa bazarına birbaşa çıxışını təmin edə bilər. Brüsseldə hesab olunur ki, belə təşəbbüslər Avropanın enerji keçidini sürətləndirəcək və enerji təhlükəsizliyini daha da gücləndirəcək.

Ekspertlər qeyd edirlər ki, Azərbaycan bu gün yalnız enerji resurslarının ixracatçısı deyil, həm də Avropa ilə Asiya arasında strateji bağlantıların formalaşmasında mühüm rol oynayan ölkələrdən biridir. Enerji, nəqliyyat və rəqəmsal infrastruktur sahələrində həyata keçirilən layihələr Azərbaycanın geosiyasi əhəmiyyətini artırır və ölkəni Avrasiya məkanının əsas tərəfdaşlarından birinə çevirir.

Məqalədə vurğulanır ki, Avropa İttifaqının Azərbaycanla əməkdaşlığa xüsusi önəm verməsinin əsas səbəblərindən biri də ölkənin sabit və proqnozlaşdırılan tərəfdaş kimi çıxış etməsidir. Avropa üçün enerji təhlükəsizliyinin gücləndirilməsi, yaşıl keçidin sürətləndirilməsi və yeni enerji bağlantılarının yaradılması istiqamətində Azərbaycanın rolu gələcək illərdə daha da artacaq.

Avropa İttifaqının son açıqlamaları göstərir ki, Azərbaycan yalnız ənənəvi enerji təchizatçısı kimi deyil, həm də Avropanın yaşıl enerji strategiyasının və gələcək enerji təhlükəsizliyi arxitekturasının mühüm iştirakçılarından biri kimi qiymətləndirilir.

İqbal Hacıyev

AZƏRTAC-ın xüsusi müxbiri

Buxarest

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
22
azertag.az

1Mənbələr