AZ

İranla Azərbaycan arasında enerji əməkdaşlığı genişlənir

Yazını böyüt
Yazını kiçilt

“İran İslam Respublikası neft naziri müavininin rəhbərlik etdiyi nümayəndə heyətinin Bakı Enerji Həftəsi çərçivəsində təşkil olunmuş proqramlarda fəal iştirakı, D-8 energetika nazirlərinin iclasına qatılması, habelə Azərbaycan Respublikasının energetika naziri və SOCAR-ın rəhbər heyəti ilə keçirdiyi ikitərəfli görüşlər Tehran-Bakı münasibətlərində enerji amilinin mühüm əhəmiyyətini və mövcud potensialdan maksimum dərəcədə yararlanmağın zəruriliyini bir daha təsdiq edir”.

Hafta.az yazır ki, bu barədə İranın ölkəmizdəki Səfirliyinin müavini Əlirza Cəbbarinin məqaləsində deyilir.     

Diplomat qeyd edib ki, İran və Azərbaycan dərin tarixi, mədəni və coğrafi köklərə söykənən qonşuluq münasibətləri sayəsində enerji sektorunda, xüsusilə də Xəzər hövzəsində analoqu olmayan əməkdaşlıq imkanlarına malikdirlər. Məhz bu səbəbdən, Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra iki ölkə arasında enerji tərəfdaşlığı üç əsas istiqamət – "qaz svopu", "elektrik enerjisinin mübadiləsi" və "Araz çayı üzərində Xudafərin və Qız Qalası hidroqovşaqları ilə elektrik stansiyalarının birgə inşası və istismarı" üzərində qurulub. Bu layihələr regionun enerji təhlükəsizliyinin, xüsusilə də Naxçıvan Muxtar Respublikasının qaz və elektrik təminatının həyata keçirilməsində müstəsna rol oynayıb.

Məqalədə qeyd olunur ki, bununla yanaşı, hər iki dövlətin zəngin karbohidrogen resursları, enerji sahəsindəki güclü infrastrukturu, yüksək texniki-mühəndislik potensialı və beynəlxalq nəqliyyat-enerji dəhlizlərindəki strateji coğrafi mövqeyi neft, qaz, neft-kimya, habelə bərpa olunan enerji sektorlarında birgə layihələrin reallaşdırılması üçün unikal imkanlar yaradır.

“Qlobal miqyasda enerji təhlükəsizliyinə dair çağırışların və risklərin artdığı müasir dövrdə, İranla Azərbaycan arasında regional tərəfdaşlığın dərinləşməsi hər zamankından daha böyük aktuallıq kəsb edir. Bu kontekstdə, Bakı Enerji Həftəsi çərçivəsində baş tutan dialoqlar yeni müştərək təşəbbüslərin formalaşmasına, qarşılıqlı investisiya qoyuluşlarının stimullaşdırılmasına və Tehranla Bakı arasında texnoloji əməkdaşlığın keyfiyyətcə yeni mərhələyə yüksəlməsinə zəmin yarada bilər. Şübhəsiz ki, bu qəbildən olan beynəlxalq platformalarda qurulan təmaslar region dövlətləri arasında qarşılıqlı etimad mühitinin möhkəmlənməsinə, iqtisadi inteqrasiyanın sürətlənməsinə və strateji tərəfdaşlığın genişlənməsinə töhfə verir. İran-Azərbaycan enerji dialoqu da bu ümumi qanunauyğunluğun tərkib hissəsi olaraq, konstruktiv yanaşma və gələcəyə yönəlmiş uzaqgörən siyasət sayəsində daha dinamik və səmərəli əməkdaşlıq müstəvisinə qədəm qoymaq potensialına malikdir”, - deyə Əlirza Cəbbari qeyd edib.

Seçilən
20
hafta.az

1Mənbələr