BAKI, 3 iyun. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp 21 iyunda keçiriləcək prezident seçkilərinin ikinci turunda ifrat sağçı namizəd Abelardo de la Espriellanı dəstəkləməklə Kolumbiyanın daxili işlərinə müdaxilə edir.
Teleqraf xəbər verir ki, bunu Kolumbiya Prezidenti Qustavo Petro "RTVC"yə müsahibəsində bildirib.
"O, Kolumbiyanın daxili işlərinə qarışmamaq barədə mənimlə bağladığı razılaşmaya xəyanət edir. O, Kolumbiya xalqının sərbəst seçim etməsinə imkan verməlidir. Mən Kolumbiya bayrağını Donald Trampa təhvil verməmişəm", - deyə Petro bildirib.
Kolumbiya Prezidenti Tramp administrasiyasının Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasına prezidentliyi dövründə ona qarşı məhdudlaşdırıcı tədbirlərindən də danışıb: "BMT Təhlükəsizlik Şurasının rotasiyalı sədrliyini öz üzərimə götürəcəkdim. Mənə bəzi şərtlər qoydular. Mənə universitetdə çıxış edə bilməyəcəyim, Nyu-York meri ilə görüşə bilməyəcəyim deyildi. Bu nə deməkdir?"
Petro Trampın "X" platformasında rəqibi Abelardo de la Espriellanı tərifləyən sözlərini paylaşaraq bildirib: "Bir ölkə digərinin qərarlarına müdaxilə etdikdə azadlıq yox olur. Mən bütün Kolumbiyanı heç kimin köləsi və ya müstəmləkəsi olmamaq üçün tam azadlığa səs verməyə dəvət edirəm".
Qeyd edək ki, Tramp 21 iyunda keçiriləcək Kolumbiya prezident seçkilərində ifrat sağçı namizəd Abelardo de la Espriellaya dəstəyini açıqlayıb.
"Pələng" ləqəbli Espriellanı birinci turda qələbəsi münasibətilə təbrik edən Tramp onun 21 iyun seçkilərinin ikinci turunda "radikal solçular" üzərində qalib gələcəyinə inandığını bildirib.