BAKI, 3 iyun. TELEQRAF
Müğənni Roza Zərgərli Teleqraf İnformasiya Agentliyinin suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik.
- Çeçenistanda verdiyiniz konsert müəyyən reaksiyalar doğurub. Səfər çərçivəsində Çeçenistan rəhbəri Ramzan Kadırovla da görüşünüz olub. Səfərdən və görüşdən hansı təəssüratla ayrıldınız?
- Çeçenistanda Dövlət Filarmoniyasında konsert proqramı ilə çıxış etdik. Konsertə Çeçenistan Prezidenti Ramzan Kadırov ailəsi ilə təşrif buyurdu. 1500 nəfərlik zalda təşkil olunan konsertin bütün biletlər satılmışdı. Çeçenistanda son on ildə məndən əvvəl heç bir xarici ifaçı konsert verməyib. Burada yalnız Rusiyada tanınmış sənətçilər çıxış ediblər.
Konsertdən sonra Çeçenistan rəhbəri ilə rəsmi görüş oldu. Azərbaycan musiqisinə böyük dəyər verdiklərini bildirdilər. Daha sonra Moskvaya yollandıq. Sadəcə, bu barədə paylaşımı sosial şəbəkədə bir qədər gec etdim. Çünki gün ərzində yalnız üç paylaşım edə bilirik.
Hazırda turnemiz davam edir. Növbəti dayanacaqlarımız Soçi, Anapa və Gelencik şəhərləridir. Sentyabr ayında isə, inşallah, ABŞ-nin beş ştatında konsert proqramımız olacaq.
Yay aylarında Dream Fest festivalında da iştirak edəcəyik. İyulun 23 və 24-də festival səhnəsində olacağıq. Dream Fest-də duet ortaqlarım olacaq. Avqustun 20-də isə Kazan şəhərində “Novaya Volna” festivalının açılış mərasimində səhnəyə çıxacam.
- Konsertinizdən sonra Çeçenistan rəhbəri ilə rəsmi görüşünüzün əsasında yaradıcılığınızla əvvəlcədən olan tanışlıq dayanırdımı? Görüş zamanı hansı söhbətlər oldu?
- Mən Ramzan Kadırovu ilk dəfə konsertimdən bir gün sonra gördüm. Təəssüf ki, hələ də bəzi insanlar qəbullana bilmirlər. Ramzan Kadırov şəxsən mənim qəbul olunmağım üçün göstəriş vermişdi. Qeyri-təvazökarlıq da olsa, məni dünya şöhrətli sənətçilərə göstərilən ehtiramla qarşıladılar.
Ramzan Kadırov təşəkkürünü bildirirkən qeyd etdi ki, mən onların Xalq artisti ilə duet ifa etmişəm. O, bunu yüksək qiymətləndirdi.
- Ramzan Kadırov Azərbaycan musiqisi və yaradıcılığınız barədə hansı fikirləri səsləndirdi? İfa etdiyiniz mahnılar arasında xüsusi bəyəndiyi və ya qeyd etdiyi əsərlər oldumu?
- Öncədən deyim ki, mənim üçün böyük bir şok oldu, Ramzan Kadırov mənim bütün müsahibələrimi, hətta Rusiya kanallarında yayımlanan verilişimi də izləmişdi. Məlum oldu ki, əvvəlcədən fəaliyyətim barədə geniş araşdırma aparılıb və ona ətraflı məruzə edilib.
Görüş zamanı Kadırov bildirdi ki, nə gözəl Azərbaycanda savadlı, mədəni və səhnə mədəniyyətinə uyğun geyinən ifaçı var. Bu sözləri eşitmək mənim üçün xoş oldu. Düzdür, bəzi saytları yazdı ki, “Azərbaycanın Xalq artisti Çeçenistan Prezidenti ilə görüşdü”. Açığı, bu başlıqlar mənə bir qədər gülməli gəlir. Yazırlar, nə edək?..
- Siz MDB ölkələrində sevilir və qəbul edilirsiniz...
- Təkcə MDB ölkələrində deyil, Amerika qitəsində də kifayət qədər tanınıram. Amerikada Xalq artisti Zeynəb Xanlarovadan sonra bilet satışı hesabına konsert verən ikinci ifaçıyam. Bu günə qədər Amerikada çıxış edən azərbaycanlı sənətçilərin əksəriyyəti dövlət xətti ilə və ya səfirliklərin təşkil etdiyi tədbirlərdə səhnəyə çıxıblar. Hərdən bəzi müğənnilərimiz Amerikada konsert verdiklərini deyirlər. Araşdırdıqda fərqli faktla qarşılaşırsan, xalqı aldatmaq lazım deyil.
Mənim konsert verdiyim "Oceana Theater" adlı konsert məkanında, Amerikanın tarixi konsert məkanlarından biridir və 1834-cü ildə fəaliyyətə başlayıb. Həmin zalda vaxtilə Azərbaycan diasporasının da konsert proqramı təşkil olunub.
Əslində həmin konsertə gedən yol çox çətin keçdi. Üç dəfə musiqiçilərimin viza problemi səbəbindən səfər baş tutmadı. Hər üç halda biletlər qısa müddətdə satılıb qurtarmışdı, lakin sonradan tamaşaçılara geri qaytarılmalı oldu. Üçüncü cəhddə isə musiqiçilərimlə məsləhətləşərək qərara gəldik ki, mən tək yola düşüm. Nəticədə konsert baş tutdu.
Tamaşaçıların böyük hissəsi azərbaycanlılardan ibarət deyildi, beş-altı azərbaycanlı vardı, zalda gürcülər, ukraynalılar, ruslar, qazaxlar, qırğızlar, özbəklər və digər xalqların nümayəndələri iştirak edirdi. Mənim auditoriyam yalnız MDB məkanı ilə məhdudlaşmır, Amerika qitəsini də əhatə edir. İnşallah, noyabr ayından sonra Avropa turumuzun tarixlərini də açıqlayacağıq.
- Bu dərəcədə tanınmağınıza təəccüblənirsizmi?
- Əslində, mən bunun üçün çalışırdım. Bu gün böyük bir auditoriya qazanmışamsa və konsertlərimin 80 faizi Azərbaycan dilindədirsə, bunun arxasında uzun illərin zəhməti dayanır. İfa etdiyim mahnıların əksəriyyəti öz müəllif mahnılarımdır, yalnız 20 faizi rus dilindədir. Mənim ən böyük qazancım odur ki, öz dilimi və mədəniyyətimi dünyaya təqdim edə bilirəm.
Mən bu qədər təhsili boş yerə almamışam. İncəsənət Universitetinin həm bakalavr, həm də magistr pillələrini qırmızı diplomla bitirmişəm. Hazırda isə elmi fəaliyyətimi davam etdirirəm, elmlər namizədi dissertasiyam üzərində çalışıram.
- Gələcəkdə Amerikada fəaliyyət üçün orada yaşamaq fikriniz varmı?
- Xeyr. Bəzi insanlar sənət dostlarımın əli ilə belə xəbərlər yayırlar. Amma mən heç vaxt Azərbaycandan köçməyi düşünməmişəm və düşünmürəm də. Mən Azərbaycanda yaşayacam. Azərbaycanı hər zaman layiqincə təmsil etmişəm və bundan sonra da edəcəyəm. Azərbaycandan yeganə dünya ulduzu özüm olacam.
- Xalq artisti Emin Ağalarovla duet ifa edəcəksinizmi?
- Bəli, duet ifa edəcəyik. İnşallah, vaxt baxımından çatdıra bilsək, həmin dueti Dream Fest-də təqdim edəcəyik.