AZ

Mağazalarda belə manipulyasiya edilirik — Ruhumuz belə incimədən səbət dolur

Marketlərdə arxa fonda səslənən musiqinin ritmi, səs səviyyəsi və janrı sadəcə xoş ab-hava yaratmaq məqsədi daşımır. Bu musiqilər insanların mağazada keçirdiyi vaxta, hərəkət sürətinə və birbaşa xərclədiyi məbləğə təsir edən gizli marketinq gedişidir. Alış-veriş mərkəzləri müştərilərin şüuraltına təsir edərək onları daha çox məhsul almağa sövq etmək üçün xüsusi səs strategiyalarından istifadə edirlər. Kassada növbə gözləyərkən zamanın necə keçdiyini hiss etməmək, rəflər arasında daha sakit addımlamaq və ya qəfildən planlaşdırılmamış bahalı məhsula yönəlmək məhz düzgün seçilmiş musiqi ritminin nəticəsidir.

Məsələ ilə bağlı psixoloq Elnur Rüstəmov Demokrat.az-a bildirib ki, marketlərdə musiqi seçimi alıcı davranışına təsir göstərir və bu, marketinq psixologiyasında uzun illərdir araşdırılan mövzulardan biridir:

"Musiqi sadəcə fon elementi deyil, insanların emosional vəziyyətinə, qərarvermə sürətinə, mağazada keçirdiyi vaxta və hətta alış-veriş səbətinin məbləğinə təsir göstərə bilən mühüm psixoloji amildir. Araşdırmalar göstərir ki, mağazada səsləndirilən musiqinin tempi insanların hərəkət sürətini dəyişə bilir. Daha yavaş ritmli musiqi səsləndikdə insanlar mağaza daxilində daha sakit hərəkət edir, rəflərə daha çox diqqət yetirir və nəticədə mağazada daha uzun müddət qalırlar. Bu isə planlaşdırılmamış alışların artmasına səbəb ola bilir. Daha sürətli ritmli musiqi isə alıcının hərəkət tempini artırır və alış prosesini sürətləndirir. Musiqinin emosional təsiri də xüsusi əhəmiyyət daşıyır".

Psixoloq deyib ki, insan özünü rahat və pozitiv hiss etdikdə alış-verişə daha açıq olur:

"Xoş və sakit musiqi stress səviyyəsini azaldır, müsbət emosiyalar yaradır və mağaza ilə bağlı ümumi təəssüratı yaxşılaşdırır. Bu zaman alıcı yalnız məhsulu deyil, həm də yaşadığı emosional təcrübəni qiymətləndirir. Məhz buna görə bir çox iri market və ticarət mərkəzləri musiqi seçiminə xüsusi diqqət ayırırlar. Musiqinin növü də vacibdir. Məsələn, premium məhsulların satıldığı məkanlarda klassik və ya daha zərif musiqilərdən istifadə edilməsi insanların məhsulları daha dəyərli qəbul etməsinə səbəb ola bilər. Bəzi araşdırmalarda müəyyən edilmişdir ki, klassik musiqi fonunda insanlar daha bahalı məhsullara üstünlük verməyə meylli olurlar. Bunun səbəbi həmin musiqinin insan şüurunda keyfiyyət, prestij və yüksək status assosiasiyaları yaratmasıdır.

Yaş faktoru da nəzərə alınmalıdır. Gənclərin daha çox olduğu məkanlarda müasir və enerjili musiqilər müsbət təsir göstərə bildiyi halda, daha yaşlı alıcı auditoriyası üçün eyni musiqi narahatlıq yarada bilər. Ona görə də uğurlu marketlər musiqi siyasətini müştəri profilinə uyğun qurmağa çalışırlar. Psixoloji baxımdan musiqi insanın diqqətini də idarə edir. Məsələn, kassada gözləmə zamanı uyğun musiqi insanların vaxtı daha qısa hiss etməsinə kömək edir. Əksinə, çox yüksək səsli və ya narahatedici musiqi alıcılarda gərginlik yaradaraq mağazanı daha tez tərk etmək istəyinə səbəb ola bilər. Ümumilikdə demək olar ki, marketlərdə musiqi seçimi təsadüfi deyil. Bu, alıcıların emosiyalarını, davranışlarını və satınalma qərarlarını müəyyən dərəcədə istiqamətləndirən marketinq alətlərindən biridir. Düzgün seçilmiş musiqi müştərinin mağazada keçirdiyi vaxtı artırır, alış-veriş təcrübəsini yaxşılaşdırır və nəticə etibarilə satış göstəricilərinə müsbət təsir göstərir", - deyə o qeyd edib.

Əfsanə Kamal
Demokrat.az
Seçilən
19
1
demokrat.az

2Mənbələr