Bir neçə gün sonra Ermənistanda parlament seçkiləri keçiriləcək. Ermənistanın gələcəyi bu seçkilərdə bəlli olacaq. Elə biz də erməni cəmiyyətinin nə istədiyini səsvermədən sonra biləcəyik. Biləcəyik ki, ermənilər Cənubi Qafqazda “konflikt maşası” kimi qalmaq, yoxsa for-post vəziyyətindən çıxmaq istəyirlər? “Qapazaltı ölkə” vəziyyətindən çıxmaq üçün Ermənistan qonşu dövlətlərə ərazi iddiasından əl çəkməlidir. Bu isə erməni xisləti üçün heç də rahatlıqla aşılacaq baryer deyil. Ermənistanın Qarabağ iddiasından əl çəkməsi yeni ictimai şüurun və yeni siyasi münasibətlər sisteminin formalaşması deməkdir.
Ovanes Kaçaznuni Ermənistan Respublikasının ilk baş naziri olmuşdu. 1918-19-cu illərdə daşnakların təmsilçisi kimi İrəvan hökumətinə rəhbərlik etmişdi. 1923-cü ildə Daşnaksütyun Partiyası Buxarestdə qurultay keçirir. Qurultayda Kaçaznuni məruzə ilə çıxış edir. Çıxışında mənsub olduğu partiyanın ermənilər üçün etdiyi və edə biləcəyi yaxşı heç bir işin olmadığını vurğulayır.
SSRİ-nin dağılması ərəfəsində daşnak təhtəlşüuru erməni siyasi hərəkatının əsas bazası oldu. Azərbaycan torpaqlarının işğal edilməsi daşnak zehniyyətindəki “dənizdən-dənizə Ermənistan” mifini daha da pərvazlandırdı. Lakin Azərbaycanla düşmən olmağın bədəlini İkinci Qarabağ savaşında artıqlaması ilə ödədilər. Azərbaycan bayrağı Şuşada dalğalandı. İşğalçı ordunun orkestr şefindən fərari generallarına qədər az qala bütün şəxsi heyəti Nikolun əleyhinə bəyanat imzaladı. Ancaq devirə bilmədilər. Revanşist qüvvələrin 6 il ərzində Paşinyana qalib gələ bilməməsini müxtəlif faktorlarla izah etmək olar. Qarabağ klanına nifrət, Rusiyapərəst qüvvələrin ifşa olunması, Qərbin Paşinyana dəstəyi kimi amillər əlbəttə nəzərə alınmalıdır. Ermənistan cəmiyyətində müharibə yorğunluğunun olması barədə deyilənlər də həqiqətdir. Ancaq bu gün mən diqqətinizi daha fərqli bir yerə çəkmək istəyirəm.
2020-ci ildə məğlub edilmiş erməni əsgərinin bu gün 24 yaşı var. Azərbaycanın keçirdiyi anti-terror əməliyyatı zamanı 18 yaşı olan silahlı dığa bu gün 21 yaşındadır. 1988-ci ildə Xankəndidə, İrəvanda “Artsax” qışqıran gənclər, bu şüarları eşitmiş yeniyetmələr artıq 60 yaşındadır. 21-60 yaş aralığındakı nəsillər Qarabağın necə viran edilməsini öz gözləri ilə görüb. Ağdamda, Füzulidə, Cəbrayılda erməni postlarından Azərbaycana silah tuşlamış əsgər və zabitlər özlərinə “niyə buradayıq?” sualı veriblər. “Əgər Qarabağ erməni torpağıdırsa, onda niyə talan edilib, niyə viran qoyulub?” Biz bu gün onlara bu sualı veririk. Amma üzdə olmasa da bu sualı yəqin ki, özləri də özlərinə çox veriblər. İnamları daxilən qırılıb, üzərlərinə yüklənən ideoloji missiya puç olub. Odur ki, heç bir revanşist qüvvə, heç bir diaspora təşkilatı, heç bir xarici güc artıq erməniləri Qarabağ ideyası ətrafında səfərbər edə bilməz. Erməni cəmiyyəti Paşinyanı sevmir. Onu nə yeni, nə də “real Ermənistan”ın qurucusu sayır. Dərindən təhlil etsək, Paşinyanı dəstəkləyən elektorat Ermənistanda “gizli barış çoxluğu” da deyil. Sadəcə, əksər erməni üçün Qarabağ artıq ideya deyil, travmadır, ağır kollektiv psixozdur.
1692-ci ildə Amerikada Seylem Cadugər Məhkəmələri olmuşdu. Seylem bir qəsəbənin adı idi. Burada yaşayanlar kütləvi psixoz keçirirdilər. Hamı bir-birini “cadugər” olmaqda ittiham edirdi. Düşünürdülər ki, yaşadıqları böhranın səbəbi Titubanın Samuel Parrisə xəyanətidir. Bu gün Ermənistanda gerçək mənada demokratik seçki yox, “cadugər məhkəməsi” gedir. Bütün qüvvələr “xəyanətkar ovu”na çıxıb. Hər kəs öz “cadugər”ini axtarır. Lakin problemin əsl səbəbi daha dərindir.