AZ

Alimlər qabyuyan süngərlərdə gözlənilməz təhlükələr barədə xəbərdarlıq edir

Qab yumaq üçün istifadə olunan mətbəx süngərləri istifadəsi zamanı həqiqətən də mikroplastik hissəciklər ifraz edir.

Demokrat.az
xəbər verir ki, bu nəticəyə Almaniyanın Bonn Universitetinin tədqiqatçıları gəliblər. Araşdırmanın nəticələri "Environmental Advances" (EA) jurnalında dərc olunub.

Mətbəx süngərləri hər gün dünya üzrə milyonlarla insan tərəfindən istifadə olunsa da, onların mikroplastik çirklənməyə təsiri indiyədək kifayət qədər araşdırılmamışdı. Bu boşluğu doldurmaq məqsədilə alimlər laboratoriya təcrübələrini Almaniya və Şimali Amerikadan olan könüllülərin təqdim etdiyi məlumatlarla birləşdirərək geniş tədqiqat aparıblar.

İştirakçılar gündəlik məişət şəraitində üç fərqli növ süngərdən istifadə edib və onların istifadəsi ilə bağlı məlumatları qeydə alıblar. Alimlər material itkisini müəyyən etmək üçün süngərləri istifadə olunmazdan əvvəl və sonra çəkiblər. Bundan əlavə, qab yuma zamanı yaranan mexaniki təsirləri imitasiya edən "SpongeBot" adlı avtomatlaşdırılmış qurğu vasitəsilə laboratoriya sınaqları həyata keçirilib.

Araşdırma nəticəsində məlum olub ki, sınaqdan keçirilən bütün süngərlər zamanla aşınır və mikroplastik hissəciklər buraxır. Süngərin tərkibindən asılı olaraq bir nəfər üçün illik mikroplastik emissiyası 0,68 qramdan 4,21 qrama qədər dəyişir. Plastik tərkibi daha az olan məhsullar isə əhəmiyyətli dərəcədə daha az hissəcik ifraz edib.

Bununla belə, həyat dövrü analizləri göstərib ki, mikroplastik bu prosesdə ətraf mühitə təsirin əsas mənbəyi deyil. Əl ilə qab yuman zaman ətraf mühitə ümumi təsirin 85-97 faizi su sərfiyyatı ilə bağlıdır. Bu baxımdan mikroplastikin payı nisbətən daha az əhəmiyyət kəsb edir.

Tədqiqat müəllifləri bildirirlər ki, ekoloji təsiri azaltmaq üçün bir neçə sadə addım kifayətdir. Ən böyük effekt qab yuyarkən su sərfiyyatının azaldılması ilə əldə oluna bilər. Həmçinin alimlər plastik tərkibi daha az olan süngərlərin seçilməsini və onların mümkün qədər uzun müddət istifadə edilməsini tövsiyə edirlər. Bu yanaşma həm resurs istehlakını, həm də tullantıların həcmini azaltmağa kömək edir.

Alimlərin fikrincə, mətbəx süngərlərindən yaranan mikroplastik problemi mövcuddur, lakin məişət vərdişlərinin ekoloji təsirini qiymətləndirərkən yalnız plastik çirklənməni deyil, bütün amilləri birlikdə nəzərdən keçirmək vacibdir.

Jalə
Demokrat.az
Seçilən
25
1
demokrat.az

2Mənbələr