"Sabah"ın çempionlar liqasına hazırlığı gələcəyə ümidlə baxmağa imkan verir.
Ən son "Qarabağ"dan çempionluğu qoparan "Neftçi" heyətin özəyini qorumaqda çətinlik çəkmişdi. Bəzi liderlərlə yollar ayrılmış, yerinə lazım olan transferlər edilməmişdi.
Ümumiyyətlə, bənzər hallar avrokuboklar öncəsi digər klublarımızda da az yaşanmayıb.
Məsələn, iki mövsüm öncə "Sumqayıt" böyük çətinlik bahasına Konfrans Liqasında iştirak hüququ əldə etmişdi.
Lakin mövsüm başa çatar-çatmaz uğur qazanan heyət dağıldı.
Əvəzində yeni transferlər yetəri qədər olunmadı. Rəsmi oyunda ehtiyatda oturacaq oyunçu belə yox kimi idi.
Ötən mövsüm bürünc medal qazanan "Araz Naxçıvan" yeni transferlərlə güclənib avrokuboklara yollanmaq əvəzinə, kritik məqamda İqor Ribeyro kimi oyunçusunu "Neftçi"yə satmışdı.
Belə nümunələr çoxdur.
Yəni Premyer Liqada uğurlu olmaq şərt deyil.
Əsas olan avrokuboklara necə hazırlaşmaqdı.
Bu baxımdan tələblər yaxşı mənada fərqlənə bilir.
Ən başda, ən vacib olanı heyətin onurğası qorunub-saxlandı.
Velko Simiç, Timoteuş Puxaç, Aron Maluda kimi önəmli simalarla yeni müqavilələr bağlandı.
Coy-Lens Mikelsin gedişi an məsələsi idi. Klub burada da inadkarlıq göstərdi. Bombardiri son anda razı salıb, düşərgədə saxlaya bildi. Birinci gedişində yol verdiyi səhvi təkrarlamadı.
İcarədə olan Rauf Rüstəmli, Abdulla Rzayev kimi yerlilər geri qaytarıldı. Yay təlim-məşq toplanışında düşərgədə olacaqlar. Təbii ki, bu addım iki cəbhədə mübarizə aparmaq üçün güc toplamağa hesablanıb.
Uzunmüddətli zədədən qayıdan Pavol Safranko, ehtiyat oyunçuya çevrilən Cesse Sekidika ilə yolların ayrılması da məqsədə uyğun idi. Məsələn, Safrankonun özünə gəlməsini gözləməyə vaxt sərf etməyə dəyməzdi. Nə olacağı da bilinmir.
Yeni transferlər isə qapıdadır.
Ən azı 3 sanballı keçidin baş tutması üçün danışıqlar davam edir.
Bir sözlə, "bayquşlar" ən üst səviyyədə Avropanı fəth etməyə hazırlaşır. Bu yolda Valdas Dambrauskas və yetirmələrinə uğurlar!
XANOĞLAN İMANOV / SPORTİNFO.AZ