ain.az xəbər verir, Xalqcebhesi saytına əsaslanaraq.
Hazırda Azərbaycanda əsas enerji ixracı qaz və neftdir. Lakin 2027-ci ildə Azərbaycan yaşıl enerji ixracatına başlayacaq. Bu da ölkəyə əlavə üstünlüklər vəd edir.
Yaşıl enerjinin faydaları isə çoxdur. O, ətraf mühiti qoruyur, iqlim dəyişikliyi ilə mübarizəyə yardımçı olur, neft və qaza qənaət etməyə imkan yaradır və s.
Bəs Azərbaycanın yaşıl enerji ixracatı ölkəyə nələr qazandıracaq?
“Xalq Cəbhəsi” məsələ ilə bağlı iqtisadçılardan fikirlərini öyrənib.
Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli qeyd edib ki, yaşıl enerjinin payının artması Azərbaycan üçün həm iqtisadi, həm də ekoloji baxımdan mühüm üstünlüklər yarada bilər: “Ən vacib məqamlardan biri elektrik enerjisi istehsalında təbii qazdan asılılığın azalmasıdır. Günəş və külək enerjisindən daha çox istifadə edildikcə daxili bazarda daha az qaz sərf olunacaq və qənaət edilən həcmlərin ixracına imkan yaranacaq. Bu isə ölkənin valyuta gəlirlərinin artmasına əlavə töhfə verə bilər”.
“Mühüm üstünlüyü ətraf mühitə təsirinin daha az olmasıdır”
A.Nəsirli söyləyib ki, eyni zamanda, yaşıl enerji layihələri yeni investisiyaların cəlb olunmasına, müasir texnologiyaların tətbiqinə və yeni iş yerlərinin açılmasına şərait yaradır: “Bu sahənin inkişafı enerji sektorunun şaxələndirilməsinə də xidmət edir və uzunmüddətli perspektivdə enerji təhlükəsizliyini gücləndirir. Yaşıl enerjinin digər mühüm üstünlüyü ətraf mühitə təsirinin daha az olmasıdır. Karbon emissiyalarının azalması hava keyfiyyətinin yaxşılaşmasına və iqlim dəyişiklikləri ilə mübarizəyə töhfə verir. Bu, Azərbaycanın beynəlxalq ekoloji öhdəliklərinin yerinə yetirilməsi baxımından da əhəmiyyətlidir”.
Mühüm nəticələr
Onun sözlərinə görə, bununla yanaşı, yaşıl enerji ixracı ölkənin regional enerji bazarında mövqeyini gücləndirə və Azərbaycanın yalnız neft-qaz deyil, həm də bərpaolunan enerji ixrac edən ölkə kimi tanınmasına şərait yarada bilər: “Buna görə də qarşıdakı illərdə yaşıl enerjinin payının artması həm iqtisadi gəlirlər, həm enerji təhlükəsizliyi, həm də ekoloji davamlılıq baxımından mühüm nəticələr vəd edir”.
“Alternativ enerji ölkənin üçüncü enerji strategiyasıdır”
İqtisadçı Eldəniz Əmirov bildirib ki, Azərbaycanın alternativ enerji strategiyası ölkənin üçüncü enerji strategiyasıdır: “Neft və qaz strategiyasından sonra artıq alternativ enerji strategiyasının işə düşməsi düşünürəm ki, ölkəmizdə yaşıl iqtisadiyyatın artması fonunda daha böyük təşəkkül tapacaq. Ölkənin yaşıl enerji siyasətinin əsasında duran layihələrdən biri və bəlkə də birincisi Gürcüstan, Azərbaycan, Rumıniya və Macarıstan arasında Buxarestdə 2022-ci ildə imzalanmış memorandumdur. Məhz bu memoranduma əsasən Xəzər dənizinin alternativ enerji resursları hesabına istehsal olunmuş elektrik enerjisi Avropaya ixrac olunacaq”.
Əsas hədəf
E.Əmirov əlavə edib ki, Qara dənizin dibi ilə 1095 kilometr məsafədə kabel xəttinin çəkilməsi planlaşdırılır: “Bu da artıq digər istiqamətlərdə hər bir ölkə üçün ayrıca hədəflərin müəyyən edilməsində bir zərurətə çevirilib. Məhz bundan dolayı region ölkələri, o cümlədən də Azərbaycan alternativ enerji resurslarının istehsalı ilə bağlı, yəni bu resurslar kontekstində istehsal olunacaq elektrik enerjisinin artırılması ilə bağlı hədəflər müəyyən edib və bu hədəflərdən dolayı 2030-cu ildə artıq ümumi istehlakda yaşıl enerji payının 35 faizə çatdırılması qarşıya hədəf olaraq qoyulub”.
“Ölkə iqtisadiyyatının əsas sütunlarından biri ola bilər”
İqtisadçı düşünür ki, Azərbaycanın post-neft dönəmində qeyri-neft iqtisadiyyatının inkişaf etdirilməsi üçün ən prioritet istiqamətlərdən biri yaşıl enerji istiqamətidir: “Düşünürəm ki, yaşıl enerji ölkə iqtisadiyyatının perspektivdə əsas sütunlarından biri ola bilər. Bunun üçün həm resurslar, həm strategiyalar rol oynayır. Sadəcə bu strategiyanın doğru idarə olunması və hədəflərə doğru düzgün istiqamətlənmə düşünürəm ki, böyük ölçüdə ölkə iqtisadiyyatının gələcəyində bu sektorun payını artıracaq”.
Alternativ gəlir yaradan sahələr
İqtisadçı ekspert Günay Hüseynova söyləyib ki, dövlət büdcəsinin əsas gəlirləri neftdən gələn gəlirlər hesabınadır: “Neftdən gələn gəlirlər hesabına ölkə iqtisadiyyatı, formalaşan ölkələr hər zaman devalvasiya riskinin bir addımlığındadır. Bitmək bilməyən qlobal iqtisadi problemlər, çəkişmələr, geosiyasi gərginliklər zamanı neft-qaz sahəsinin gəlirliliyində dalğalanma yaradır. Bundan əlavə modern iqtisadiyyat artıq təbii ehtiyatlara gərək duymadan, ekoloji təmiz, həmçinin alternativ gəlir yaradan sahələrə ehtiyac duyur. Məhz sadalananların nəticəsi olaraq da ölkəmiz artıq yaşıl enerji ixracatına başlayacaq. Yaşıl enerjinin ixracatı təbii ki, neftdən, qazdan tamamilə imtina edib bu sahəyə yönəlmək demək deyil”.
“Bu sahədə bir sıra ölkələrlə ticari əməkdaşlıq olacaq”
G.Hüseynovanın sözlərinə görə, eyni zamanda, sektorla əlaqəli olaraq qaz hasilatı artırılıb ixrac potensialı yüksəldiləcək: “Əgər qeyd edilən proqnozlar tam da təxmin edilən nəticəni verərsə, yaşıl enerji sektorunda ixrac daha da genişlənərək bu sahədə Avropa və bir sıra ölkələrlə ticari əməkdaşlıq olacaq. Məlumdur ki, yaşıl enerji sektoru ilə bağlı işlər yüksək məbləğdə vəsait tələb edir. Düşünürəm ki, sahənin inkişafı və gələcək perspektivləri üçün xarici investorlarla əməkdaşlıq iqtisadi fayda təşkil edəcək”.
Röya İsrafilova
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.