AZ

“Yuventus” “Sassuolo”dan qisasını artıqlamasıyla aldı – TURUN ŞƏRHİ

A seriyasının yanvarın 13-də start götürən 20-ci turuna bazar ertəsi və çərşənbə axşamı keçirilən oyunlarla yekun vuruldu. Berqamo və Turindəki matçlar ev sahiblərinin inamlı qələbəsi ilə nəticələndi.

"Football-plus.az" xəbər verir ki, mövsümün ikinci dövrəsi “Atalanta” üçün əla başlayıb. Berqamolular əvvəlcə İtaliya kubokunda “Milan”ı səfərdə 2:1 hesabı ilə məğlub edərək yarımfinala çıxdılar. Ölkə çempionatında keçirdikləri oyunda isə böyükhesablı qələbə qazandılar. Can Pyero Qasperininin komandası evdə “Frozinone”nin qapısından 5 cavabsız top keçirdi. İlk hissənin 6 dəqiqəlik bölümü qonaqlar üçün faciəvi keçdi. Əvvəlcə Holmun qazandığı penaltini Koopmeyners qola çevirdi. İsveçli yarımmüdafiəçi 5 dəqiqə sonra Edersonu məhsuldar ötürmə ilə təchiz etdi. Qonaqlar özünə gəlməmiş, De Ketelare üçüncü qolu vurdu. “Atalanta” bundan sonra uzun müddət gücünə qənaət etməyə başladı. “Frozinone” isə bundan yararlana bilmədi. Əksinə, son dəqiqələrdə daha iki qol vuran beqamolular inamlı qələbə ilə 8-ci yerdən 5-ə yüksəldilər.

Turun sonuncu oyunu “Yuventus” üçün prinsipial əhəmiyyət daşıyırdı. Ona görə ki, tirinlilər bu mövsüm yeganə məğlubiyyətini “Sassuolo”dan almışdı. Xatırladaq ki, Alessio Dionizinin komandası ötən il sentyabrın 23-də keçirilən oyunda ölkə nəhəngini öz meydanında 4:2 hesabıyla məğlub etmişdi. “Yuventus” “Sassuolo”dan qisasını artıqlamasıyla aldı. İlk dəqiqələrdən meydanda diqtə edən “ağ-qaralar” fasiləyə qədər önəmli üstünlük qazandılar. İlk yarının qəhrəmanı Vlahoviç oldu. Serb hücumçu əvvəlcə cərimə meydançasının kənarından endirdiyi effektli zərbə ilə hesabı açdı. 37-ci dəqiqədə isə o, cərimə zərbəsi ilə fərqi iki topa çatdırdı. Qonaq komanda bir dəfə bu qollardan birinin əvəzini çıxmağa yaxın oldu. Lakin Şçensnı əks-hücum zamanı Loryantenin təhlükəli zərbəsinin qarşısını aldı.

Polşalı qapıçı fasilədən sonra qonaqların lideri Berardinin də zərbəsinə reaksiya verməklə komandasını real qoldan xilas etdi. Amma ev sahibləri qapısı qarşısında bir daha rəqibə təhlükəli vəziyyət yaratmaq imkanı vermədilər. Qapısını toxunulmaz saxlayan “Yuventus” son dəqiqələrdə hesabı darmadağın həddinə çatdırdı: meydana 57-ci dəqiqədə çıxan Kyeza Lokatellinin ötürməsi ilə matçda son nöqtəni qoydu. Massimiliano Alleqrinin komandası ölkə kubokunun bu il keçirilən “Salernitana” (6:1) və “Frozinone” (4:0) ilə oyunlarından sonra daha bir böyükhesablı qələbə qazandı. “Yuventus”un A seriyasında ardıcıl 4-cü qələbə ilə lider “İnter”lə xal fərqini yenidən 2-yə endirdiyini də bildirək.

20-ci tur
Atalanta – Frozinone 5:0
Koopmeyners, 8-p. Ederson, 13. De Ketelare, 14. Zappakosta, 84. Holm, 90. (14195)
Atalanta: Karnesekki, Kolaşinats (Hin, 54), Skalvini, Cimşiti, Rucceri (Zappakosta, 54), Ederson (Paşaliç, 81), De Roon, Holm, De Ketelare (Mirançuk, 63), Koopmeyners, Skamakka (Muriel, 62).
Yuventus – Sassuolo 3:0
Vlahoviç, 15; 37. Kyeza, 89. (39000)
Yuventus: Şçensnı, Danilo, Bremer, Ruqani, Kostiç (Aylinq-Cunior, 82), Lokatelli, Rabyo, Kambyaso (Aleks Sandro, 87), Miretti (Vea, 57), Yıldız (Kyeza, 57), Vlahoviç (Milik, 81).

Turun digər oyunlarının nəticələri: Montsa – İnter 1:5 (Pessina, 68-p. - Çalhanoğlu, 12-p.; 60. Lautaro Martines, 14; 84-p. Türam, 88. 14670), Napoli – Salernitana 2:1 (Politano, 45+4-p. Rrahmani, 90+6 – Kandreva, 29. 35000), Latsio – Leççe 1:0 (Felipe Anderson, 58. 40000), Fiorentina – Udineze 2:2 (Beltran, 56. Nzola, 87-p. – Lovriç, 10. Toven, 73. 23686), Milan – Roma 3:1 (Adli, 11. Jiru, 56. Ernandes, 84 – Paredes, 69-p. 74198), Cenoa – Torino 0:0 (33019), Verona – Empoli 2:1 (Curiç, 3. Nqonq, 56 – Jurkovski, 64. 28723), Kalyari – Bolonya 2:1 (Petanya, 31. Kalafyori, 69-öz qapısına – Orsolini, 24. 15980).

1. İnter 20 16 3 1 49-10 51
2. Yuventus 20 15 4 1 32-12 49
3. Milan 20 13 3 4 38-21 42
4. Fiorentina 20 10 4 6 29-21 34
5. Atalanta 20 10 3 7 35-21 33
6. Latsio 20 10 3 7 24-20 33
7. Bolonya 20 8 8 4 23-18 32
8. Napoli 20 9 4 7 30-25 31
9. Roma 20 8 5 7 32-24 29
10. Torino 20 7 7 6 18-18 28
11. Montsa 20 6 7 7 20-25 25
12. Cenoa 20 5 7 8 20-24 22
13. Leççe 20 4 9 7 20-26 21
14. Sassuolo 20 5 4 11 26-36 19
15. Frozinone 20 5 4 11 25-39 19
16. Udineze 20 2 12 6 21-32 18
17. Kalyari 20 4 6 10 19-33 18
18. Verona 20 4 5 11 18-27 17
19. Empoli 20 3 4 13 11-35 13
20. Salernitana 20 2 6 12 17-40 12
Bombardirlər: Lautaro Martines (İnter) - 18, Jiru (Milan) – 10, Berardi (Sassuolo), Çalhanoğlu (İnter), Vlahoviç (Yuventus) - 9.
Növbəti turun oyunları yanvarın 20-21-də keçiriləcək: Roma – Verona, Udineze – Milan, Frozinone – Kalyari, Empoli – Montsa, Salernitana – Cenoa, Leççe – Yuventus.

İtaliya Superkuboku matçlarına görə “Bolonya” – “Fiorentina” oyunu fevralın 14-nə, “Torino” – “Latsio” oyunu fevralın 22-nə, “Sassuolo” – “Napoli”, “İnter” – “Atalanta” oyunları isə fevralın 28-nə təxirə salınıb.

Turun rəqəmi
51 – ikinci dövrəyə “Montsa” üzərində inamlı qələbə (5:1) ilə başlayan “İnter” liderliyini qorudu. Milanlılar tarixində ikinci dəfə mövsümün 20-ci turundan sonra azı 51 xal toplayıb. Lombardiya əyalətinin təmsilçisi buna ilk dəfə 2006/07 mövsümündə nail olmuşdu. Onda 20 oyuna 54 xal yığan “İnter”in Roberto Mançininin rəhbərliyi altında çempion olduğunu da qeyd edək.

Turun ulduzu
Yasin Adli (Milan) - “Roma” ilə matçı yüksək səviyyədə keçirdi. Start heyətində meydana çıxan Adli komandasının 3:1 hesablı qələbəsində böyük rol oynadı. Fransalı yarımmüdafiəçi əvvəlcə sırf fərdi bacarığı sayəsində hesabı açdı. Sonra Kyaer ilə Jirunun ikinci qolu təşkil etməsində gözəl ötürməsi ilə pay sahibi oldu. Bunlardan başqa, meydanın mərkəzində böyük həcmdə müdafiəyəmeyilli iş görən Yasin milanlıların kiçik səhvlərlə ən çox ötürmə verən oyunçularından biri oldu.

Turun sitatı
Danilo Ervolino, “Salernitana”nın prezidenti: “Moratorium və bu hakimlərin hamısını başqaları ilə dəyişmək istəyirik. İndi hakimlərin başçısı Canluka Rokkinin istefasını yüksək səslə tələb etməyin əsl məqamı yetişib. Balıq başdan iylənir. “Napoli” ilə matçdakı qalmaqallı və təhqiramiz hakimliyi ifadə etmək üçün söz tapa bilmirəm. Belə hakimlik klubumuz üçün alçaldıcıdı. Oyunçumuz Nvankvoya qarşı hərəkətin cəzası penalti olmalıydı, Demme isə neapolluların qolundan əvvəl Çaunaya qarşı kobudluq etmişdi. Bunlar inanılmaz səhvlərdi. Biz həm özümüz, həm də A seriyasında qalmaq üçün çarpışan və yarıpeşəkar hakimlərin kobud səhvləri üzündən çətin vəziyyətə düşən digər komandalar üçün yalnız hörmət deyil, həmçinin ədalət istəyirik. Bizə matçları normal idarə etməyi bacaran peşəkar hakimlər lazımdı. Livio Marinellini həyatımız boyunca unutmayacağıq. “Napoli” ilə matçdan sonra heç kim zəng edib onun səhvlərinə görə bizdən üzr istəmədi. Liqa klubumuzu başqa turnirdə oynamağa çağırsa, bu çağırışa ciddi yanaşacağam. Ona görə ki, bu futbol xəstədi”.

Oyundan sonra
Can Pyero Qasperini, “Atalanta”nın baş məşqçisi: “Bütün turnirlərdəki mübarizəmizi davam etdiririk. Komandamız hər oyunu böyük istəklə keçirir. Təəssüf ki, Superkubok matçlarına görə bizim üçün A seriyasında ikihəftəlik fasilə yarandı”.

Seçilən
401
28
football-plus.az

10Mənbələr