AZ

Azərbaycanla Gürcüstan arasında uğurlu əməkdaşlıqlar davam etməkdədir

Milli Məclisin deputatı Ceyhun Məmmədov

Azərbaycan ilə Gürcüstan arasında sarsılmaz dostluq və qardaşlıq əlaqələrinin tarixi çox qədimdir. Bu münasibətlər zəngin ənənələr üzərində qurulub. Əsrlər boyu xalqlarımız dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşamışlar. Dövlətlərarası əlaqələr də bu möhkəm təməl üzərində inkişaf edir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin oktyabrın 8-də  Gürcüstana işgüzar səfəri baş tutdu. Səfərin məqsədi ölkələrimiz arasında yüksək səviyyədə olan əlaqələrin daha da inkişafına və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın gücləndirilməsinə töhfə verməkdir.

Gürcüstanla Azərbaycanı biri-birlərinə daha sıx tellərlə bağlayan eyni zamanda, qlobal enerji və nəqliyyat layihələridir. İkitərəfli layihələr təkcə iki ölkə və region üçün deyil, ümumilikdə Avropa üçün önəmlidir.

Bu səfər Azərbaycanla Gürcüstan arasında daşınma və loqistika sahəsində əməkdaşlığın daha da dərinləşəcəyini, hər iki ölkənin tranzit potensiallarının əhəmiyyətli dərəcədə artacağını və Avrasiyanın təkcə enerji deyil, nəqliyyat təhlükəsizliyində əvvəlkindən qat-qat böyük rol oynayacaqlarını ortaya qoydu. Bu dost ölkə ilə birgə reallaşdıracağımız “Yaşıl enerji dəhlizi” isə hər iki ölkəyə böyük gəlirlər vəd etməklə yanaşı, geosiyasi çəkilərini də yetərincə artırır.

Azərbaycan Gürcüstan üçün əsas iqtisadi baxımdam böyük önəm daşıyır. Azərbaycanın investisiyası olmasaydı, Gürcüstanın iqtisadi problemləri çox olardı. Hər iki ölkə arasında qarşılıqlı əlaqələrin yaxın illərdə daha sürətlə inkişaf edəcəyini ehtimal edə bilərik.

Qeyd edək ki, Azərbaycan-Gürcüstan münasibətləri daim yüksək səviyyədə olub. Ölkələrimizin parlamentlərarası əlaqələri də fəal şəkildə davam etdirilir. Hər iki ölkənin qanunverici orqanında dostluq və işçi qrupları fəaliyyət göstərir.

Həmçinin humanitar sahədə əməkdaşlığı da xüsusi vurğulamaq lazımdır. Heydər Əliyev Fondu tərəfindən Gürcüstanda bir çox layihələr həyata keçirilib. Bütün bunlar sübut edir ki, ölkələrimizi mehriban qonşuluq və tarixi dostluq əlaqələri, siyasi, iqtisadi, humanitar və digər sahələrdə strateji tərəfdaşlıq əlaqələri birləşdirir.

Azərbaycanla Gürcüstan arasında uğurlu regional əməkdaşlıq münasibətləri çərçivədə irimiqyaslı qlobal enerji və nəqliyyat-kommunikasiya layihələrinin  reallaşdırılması regional sülhə və sabitliyə xidmət edir. Azərbaycan və Gürcüstan hər zaman bir-birinin ərazi bütövlüyünü və suverenliyini dəstəkləyib. Dövlət başçımızın sülh anlaşmasının imzalanmalı olduğu yer kimi məhz Gürcüstana üstünlük verməsinin səbəbi də, onun özünün də vurğuladığı kimi coğrafi və tarixi faktorlarla yanaşı, həm də sözü gedən ölkənin baş naziri cənab Qaribaşvilinin qeyd etdiyi kimi: “ Biz Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyirik” fikrində olmalarıdır.

 

 

Seçilən
364
4
ulusal.az

10Mənbələr